Məhkəmə qərarları › İş №2(043)-2851/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2851/2021

13.09.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2851/2021 13.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi (vəkili) X2, Cavabdeh qızının və vəkili X1 iştirakları ilə İddiaçı Cavabdeh qızına qarşı yaşayış otağının qapısının açılması, cavabdehə məxsus əşyaların qismən çıxarılması və yaşayış otağına köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildə Cavabdeh qızı tərəfindən qapısı bağlanmış yaşayış otağının qapısının açılması, cavabdehə məxsus əşyaların zəruri qismi istisna olmaqla qalan əşyaların otaqdan çıxarılması, azyaşlı övladı 2010-cu il təvəllüdlü X3 həmin otağın bir hissəsinə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa İddiaçı məhkəməyə iddia həcminin artırılması barədə ərizə təqdim edərək Cavabdeh qızından mənzilin kommunal xərcləri üçün hər ay 16 (on altı) manat pulun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia tələbinə MPM-in 53-cü maddəsinə əsasən iddia həcminin artırılması kimi baxmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib izahatında göstərdi ki, ünvan 2 ünvanında yerləşən mənzil 1987-ci ildən etibarən xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. 1988-ci ildə o, mülkiyyətində olan həmin mənzilə anasını və cavabdeh olan bacısı Səbinə Taryel qızını yaşamaq üçün köçürmüşdür. 2009-cu ildə ailə qurmuş və 1 övladı andan olmuşdur. Mənzil 3 otaqdan ibarət olmaqla 2 yataq otağı var. Yataq otaqlarından bir otağında anası və bacısı Səbinə, digər otaqda isə həyat yoldaşı və uşağı ilə birlikdə yaşamışlar. 2014-cü ildə anası vəfat etmişdir. Bundan sonra Səbinə ailədə həyat yoldaşı və onunla narazılıqlar yaratmağa başlamışdır. Artıq bir neçə ildir ki, ailədə münasibətləri gərgindir. Səbinə ona məxsus mənzilin öz qaldığı otağına bir çoxlu sayda lazımsız əşya yığaraq otağı bağlamışdır. İstədiyi vaxt otağı açıb bir neçə gün orada qalır, istədiyi vaxt da qapını bağlayıb günlərlə başqa yerə çıxıb gedir. Mənzil binanın birinci mərtəbəsində yerləşdiyi üçün otaqlar bağlı qalanda dərhal mənzildə rütubət və digər xoşagəlməz iylər əmələ gəlir. Cavabdehin yaşayış otağını bağlaması nəticəsində uzun müddətdir ki, mənzildə pis qoxulardan yaşamaq mümkün deyil. Bundan başqa qeyd etdiyi kimi mənzildə başqa yataq otağı olmadığı üçün 11 yaşında övladı onunla və həyat yoldaşının yataq otağında yatır. Bu isə yolverilməz haldır. Cavabdehin özbaşına mənzilin bir otağını zəbt edərək orada qalması nəticəsində, uşağı başqa yataq otağına köçürə bilmir. Cavabdehin özbaşına mənzildə olan otağın qapısını bağlaması onun mülkiyyət hüquqlarını pozur. Cavabdeh könüllü olaraq yaşayış otağının qapısını açmadığına və orada olan lazımsız əşyaların bir qismini otaqdan çıxarmağa razı olmadığına görə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyərində qalmışdır.Həmçinin cavabdeh komunal xərclərin ödənilməsinə hər hansı bir köməklik göstərmir. İddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X5 iddiaçı ilə eyni məzmundu çıxış edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh qızı iddianı qəbul etməyərək izahatında göstərdi ki, 1972-ci ildə həmin mənzildə doğulmuş və orada böyümüşdür. Qeyd olunan mənzili atası almışdır. Atası 1995-ci ildə vəfat etmişdir. İddiaçı olan qardaşı Arzu evləndikdən sonra anası ilə hal-hazırda mübahisələndirilən yaşayış otağına yığışmışlar. Anası 2014-cü ildə vəfat edəndən sonra həmin otaqda hal hazırda o, yaşayır. Özünə məxsus bütün əmlakları yığmağa başqa yeri olmadığı üçün yaşadığı otağa yığmışdır. Ailələrində olan münaqişəyə görə evdən çıxarkən məcbur olub mənzilin qapısını baglayır ki, əmlakları itbat olmasın. İddiaçı yardımçı sahələrin qapısını bağladığı üçün yeməyini yaşadığı otaqda bişirdiyi üçün qaz balonundan istifadə edir və digər tələbatlarını ödəməsi üçün qonşuya gedir. Üzərinə düşən kommunal xərcləri mütəmadi olaraq ödəmişdir. İdia tələbinin əsassız olduğunu göstərərək təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh qızının vəkili X4 cavabdehlə eyni məzmunda çıxış edərək iddia tələbinin əsassız olduğundan təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: - 13435 nömrəli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Gəncə şəhəri, Dədə Qorqud küçəsi, 5a nömrəli evin 31 nömrəli mənzili xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Şəxsiyyət vəsiqəsinin elektron informasiya sistemindən çıxarışından görünür ki, Məmmədova X7 şəhəri, Kəpəz rayonu, Dədə Qorqud küçəsi, ev 5A, mənzil 31 ünvanında qeydiyyatdadır. Cavabdeh qızı tərəfindən təqdim olunmuş 2018-2020-ci illər üzrə ödəniş qəbzlərinin surətindən görünür ki, Cavabdeh elektrik enerjisindən istifadəyə görə ödənişlər etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər doğma bacı qardaş olmaqla hər ikisi valideynləri ilə birlikdə mübahisəli mənzildə yaşamışlar. Həmin mənzil mülkiyyət hüququ üzrə rəsmi reyestrdə iddiaçının adına qeydə alınmışdır.İddiaçı iddia etmişdir ki, cavabdeh mənzildən istifadə qaydalarına əməl etməyərək onun mülkiyyət hüququnu pozmuşdur. Cavabdeh tərəf isə iddiaçının ailə quranadək mənzildə ümumi qaydada yaşadıqlarını, iddiaçı ailə qurduqdan sonra anası ilə birlikdə əşyalarını həmin mənzilin otaqlarından birinə (hazırda yaşadığı otağa) yığaraq orada yaşamasını və iddiaçı ilə münaqişəli olduqlarına görə əmlaklarının qorunub saxlanması üçün yaşadığı yeri tərk edərkən otağın qapısını bağladığını bildirmişdir. Cavbdeh əmlaklarını yığmaga başqa yeri olmadığını və əvvəldən onun əmlaklarının həmin otaqda olmasını göstərərək əlavə olaraq qeyd etmişdir ki mənzilin yardımçı sahələrinin qapısı iddiaçı tərəfindən bağlandığı üçün qazdan istifadə etməmiş, istifadə etdiyi elektrik enerjisinə görə isə üzərinə düşən məbləği ödəmişdir. Mülkiyyətçi olmayan şəxslərin hüquqlarından bəhs edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 158-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ və servitutlar əmlak hüquqları sayılır. (Mad.158.1.1, 158.1.2,158.1.3) MM-in 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. MM-in 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. MM-in 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Göründüyü kimi cavabdehin iddiaçı ilə mübahisəli mənzildən təyinatı üzrə istifadə hüququ vardır. Tərəflər mənzildən istifadə qaydalarını müəyyən edərək cavabdeh hazırki yaşadığı otaqdan istifadə eməklə məhz əmlaklarını da həmin otağa yerləşdirmişdir. Məhkəmə hesab edir ki, cavabdehin məhdud vəziyyətdə həmin mənzildən istifadəsi, yəni onun əmlaklarının yaşadığı otaqdan çıxarılması əmlak hüquqlarının poulması kimi qiymətləndirilməlidir. İddia tələbinin 2010-cu il təvəllüdlü X3 cavbdehin yaşadığı otağa göçürülməsinə habelə kommunal xərci olmaqla hər ay 16 manat pulun cavabdehdən tutulmasına gəldikdə isə məhkəmə qeyd edir ki, tərəflər münaqişəli olmaqla yetkinlik yaşına çatmayan X3 həmin otağa köçürülməsi onun mənafeyinə uyğun olmadığından habelə cavabdeh istifadə etdiyi kommunal xərclərini ödədiyindən iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 8.1ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qızına qarşı yaşayış otağının qapısının açılması, cavabdehə məxsus əşyaların qismən çıxarılması, yaşayış otağına köçürülmə və kommunal xərclərin ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qızına qarşı yaşayış otağının qapısının açılması, cavabdehə məxsus əşyaların qismən çıxarılması, yaşayış otağına köçürülmə və kommunal xərclərin ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar