Məhkəmə qərarları › İş №2(043)-288/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-288/2021

15.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-288/2021 15.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" ASC-in direktoru X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı istehsalatda aldığı əmək xəsarəti ilə əlaqədar sağlamlığa vurulmuş ziyana görə zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01.01.2016-cı il tarixdən 01.11.2020-ci il tarixədək olan dövr üçün ödənilməmiş zərərə görə ödənc pulunun "xxxx" ASC-dən alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, keçmiş Azərbaycan «Sutikinti Dövlət Konsern ixtisaslaşdırılmış Tikinti Birliyi», «Azərtikinti»nin Qazax Su Tikinti Trestinin Şəmkir rayonunda yerləşən 9 nömrəli Sənaye Kombinatında 3-cü dərəcəli dülgər peşəsində əmək vəzifələrini yerinə yetirərkən istehsalatda əmək xəsarəti almışdır. Bu faktı 27.04.1979-cu il tarixli H- 1 formalı akt da təsdiq edir. Peşə əmək qabiliyyətimi 60 faiz müddətsiz itirməyi keçmiş rayonlararası Kirovabad şəhər 2 nömrəli X4 Komissiyası (Gəncə şəhərində yerləşən 25 nömrəli tibbi sosial ekspert komissiyası) tərəfindən 15.08.1979-cu il tarixdə təsdiq edilmişdir. 29.10.2012-ci il tarixdə isə əmək qabiliyyətimi 80 faiz müddətsiz itirməyi müəyyən edilmişdir. "xxxx" ASC əmək xəsarəti nəticəsində dəyən zərərə görə ödənci ona ödəmədiyinə görə Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsində cavabdehlər "xxxx" ASC-yə, Azərbaycan Respublikası ƏSMN-nin Gəncə şəhər əhalinin Sosial Müdafiəsi Mərkəzinə və Azərbaycan Respublikası DSMF-nin Gəncə şəhər Kəpəz rayon Şöbəsinə qarşı istehsalatda əmək xəsarəti ilə əlaqədar sağlamlığına vurulmuş ziyana görə zərər ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Gənə Şəhər Kəpəz Rayon Məhkəməsinin 09 avqust 2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək 01.01.2012-ci il tarixdən 01.01.2016-cı il tarixədək olan dövr üçün 11775,12 manat ödənilməmiş zərərə görə ödənc pulunun "xxxx" ASC-dən alınıb ona ödənilməsi, iddia tələbinin digər cavabdehlərə aid hissədə rədd olunması qət edilmişdir. Həmin qətnamədən "xxxx" ASC-in apelyasiya şikayəti Gəncə Apelyasiya Məhkəməsinin MK-ın 14 iyul 2017-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, iş üzrə Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 09.08.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən "xxxx" ASC kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-ın 29 noyabr 2016-cı il tarixli 2(102)-8794/17 nömrəli qərarı ilə Gəncə Apelyasiya Məhkəməsinin MK-nın 14 iyul 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnaməsi icra olunaraq "xxxx" ASC tərəfindən 01.01.2012-ci il tarixdən 01.01.2016-cı il tarixədək olan dövr üçün 11775,12 manat ödənilməmiş zərərə görə ödənc pulunun Şəmkir Tikinti Sənaye» ASC-dən alınıb ona ödənilmişdir. Lakin 01.01.2016-cı il tarixdən halhazıradək "xxxx" ASC tərəfindən zərərə görə ödənc ona ödənilmir. İddianın təmin olunmasını məhkəmdən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Şəmkir Tikinti Sənaye» ASC-in direktoru X2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, “Şəmkir Tikinti Sənaye" ASC 2016-cı il tarixdən fəaliyyətini dayandırmış və fəaliyyət istiqamətində heç bir gəlir və mənfəət əldə etməməkdədir. Bununla bağlı isə 2017-ci il tarixdə Vergi orqanlarına rəsmi müraciət edərək fəaliyyətin dayandırılmasının rəsmləşdirilməsini qeydiyyata almalarını xahiş etmişdirlər. Sonradan hüquqi şəxsin fəaliyyətinin dayandırılması ilə bağlı vergi orqanı cəmiyyətə rəsmi arayış təqdim etmiş və dayandırılma müddətinin 2023-cü il tarixədək uzadılmasını qərara alınmışdır. “Şəmkir Tikinti Sənaye" ASC-yə qarşı qaldırılmış iddia və kompensasiya tələblərinin təmin olunması səlahiyyətləri çərçivəsində deyil. Buna səbəb fəaliyyətlərinin dayandırılması və heç bir mənfəət və gəlirin əldə olunmamasıdır. İddianın əsassız olduğundan təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş- Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 09.08.2016-cı il tarixli , 2(043)-7/2016 saylı qətnaməsinin surətindən görünür ki, 01.01.2012-ci il tarixdən 01.01.2016-cı il tarixədək olan dövr üçün 11775,12 manat ödənilməmiş zərərə görə ödənc pulu “Şəmkir Tikinti Sənaye" ASC-dən alınıb İddiaçı ödəilməsi qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 14.07.2017-ci il tarixli, 2(104)-2167/2017 saylı qətnaməsinin surətindən görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 09.08.2016-cı il tarixli , 2(043)-7/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 29.11.2017-ci il tarixli, 2(102)- 8794/17 saylı qərarından görünür ki, Gəncə Apelyasiya Məhkəməsinin 14.07.2017-ci il tarixli, 2(104)-2167/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Gəncə Şəhər Statistika İdarəsinin 15.04.2021-ci il tarixli, 1/091 saylı məktubundan görünür ki, Gəncə şəhəri üzrə 2016-ci il üzrə orta aylıq əmək haqqı 330,3 manat, 2017-ci il üzrə 340,2 manat, 2018-ci il üzrə 373,8 manat, 2019-cu il üzrə 437,3 manat və 2020-ci il üzrə 527,9 manat olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17.08.2021-ci il tarixli, 9/4016 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Gəncə şəhər Statistika idarəsinin 15.04.2021-ci il tarixli, 1/091 saylı məktubu iş materiallarında öz əksini tapmışdırki həmin məktubda göstərilən orta aylıq əmək haqqı məbləğləri İddiaçı ödənilməli olan aylıq ödənc kimi nəzərə alındıqda aşağıdakılar müəyyən edilir, o cümlədən 2016-cı il üzrə aylıq qazancın məbləği 330,3 manat, 2017-ci il üzrə aylıq qazancın məbləği 340,2 manat, 2018-ci il üzrə aylıq ödəncin məbləği 373,8 manat, 2019-cu il üzrə aylıq qazanc ödəncinin məbləği 437,3 manat və 2020-ci il üzrə aylıq ödəncin məbləği 527,9 manat təşkil edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra- Əmək Məcəlləsi) 191-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir Həmin maddənin 2-ci bəndinə görə işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Əmək Məcəlləsinin 239-cu maddəsinin 3-cü hissəsinə əsasən, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 1117-ci maddəsinə əsasən müqavilə öhdəliklərinin icrası zamanı, habelə hərbi qulluq, polisdə qulluq vəzifələrinin və digər müvafiq vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzi, əgər qanunda və ya müqavilədə daha yüksək məsuliyyət ölçüsü nəzərdə tutulmayıbsa, bu Məcəllənin bu fəslində nəzərdə tutulmuş qaydalar üzrə ödənilir. MM-in 1119.1-ci maddəsinə əsasən zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının dülgər peşəsində əmək vəzifələrini yerinə yetirərkən professional əmək qabiliyyətinin 80 faizini itirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, orta aylıq əmək haqqı məbləğləri nəzərə alınmaqla İddiaçı ödənilməli olan aylıq ödəncin 2016-cı il üzrə 330,3 manat, 2017-ci il üzrə 340,2 manat, 2018-ci il üzrə 373,8 manat, 2019-cu il üzrə 437,3 manat və 2020-ci ilin 01 noyabradək olan dövr üzrə 527,9 manatın 80 faizi məbləğində yəni 23058,2 x 0,80 =18446,56 (on səkkiz min dörd yüz qırx altı manat 56 qəpik) manat məbləğində ödənilməmiş zərərə görə ödənc pulu “Şəmkir Tikinti Sənaye" ASC-dən alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin olunmalı cavabdeh "xxxx" ASC-dən 01. 01.2016-ci il tarixdən 01.11.2020-ci il tarixədək olan dövr üçün 18446,56 (on səkkiz min dörd yüz qırx altı manat 56 qəpik) manat ödənilməmiş zərərə görə ödənc pulu alınaraq İddiaçı xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən ödənilməmiş 30 manat dövlət rüsumu və ekspertiza xərci cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin olunsun. Cavabdeh "xxxx" ASC-dən 01. 01.2016-ci il tarixdən 01.11.2020-ci il tarixədək olan dövr üçün 18446,56 (on səkkiz min dörd yüz qırx altı manat 56 qəpik) manat ödənilməmiş zərərə görə ödənc pulu alınaraq İddiaçı xeyrinə ödənilsin. İş üzrə ödənilməmiş 30 (otuz) manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat cavabdeh "xxxx" ASC-dən tutularaq Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************, hesaba ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar