Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-290/2021 26.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X1 və Cavabdeh etibarnamə üzrə nümayəndəsi X6 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi və cavabdehə məxus əşyaların ona məxsus qeyri-yaşayış sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında xx.xx.2016-cı il tarixdə Gəncə şəhəri, Nizami küçəsi ilə A.İsgəndərov küçəsinin kəsişməsində yerləşən 16 saylı ticarət obyektinin 14 kv/m qeyriyaşayış sahəsinə dair bağlanmış icarə müqaviləsinin ləğv edilməsi və cavabdehə məxsus əşyaların ona məxsus qeyri yaşayış sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X3 iddianı müdafiə edib izahatında göstərdi ki, tərəflər arasında xx.xx.2016-cı ildə icarə müqaviləsi bağlanaraq iddiaçı Gəncə şəhəri, Nizami küçəsi ilə A.İsgəndərov küçəsinin kəsişməsində yerləşən 16 saylı ticarət obyektini cavabdehin icarəsinə vermişdir. Tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən cavabdehin icarəsinə verilmiş obyektin ümumi sahəsi 14 kv/m olmuşdur. Müqavilə müddəti 2021-ci ilin avqust ayının 1-nə kimi müəyyən edilmişdir. Cavabdeh bu müddət ərzində daima müqavilə şərtlərini pozmuşdur. O, pulu vaxtı-vaxtında verməmişdir. Hər dəfə cavabdehə xəbərdarlıq edib pulu vaxtında müqavildə nəzərdə tutulmuş müddətdə verməsini xahiş etsə də heç bir faydası olmamışdır. İddiaçı ona dəfələrlə xəbərdarlıq etdikdən sonra pulu az-az ödəmişdir. Artıq bir ilə yaxındır cavabdeh icarə haqqını ödəməmişdir. Cavabdeh obyektin pəncərəsindən iddiaçının icazəsi olmadan əlavə pəncərə açıb oradan perojki və dönər satır. Cavabdehə icarə müqaviləsinin ləğv edilməsi barədə bildiriş göndərilmiş, lakin cavabdeh müqavilənin şərtlərinə əməl etmədiyi üçün iddiaçı məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi X7 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı ilə bağlanılan icarə müqaviləsinin müddəti 2016-2021-ci il dövrləri əhatə edir. Müqavilədə aylıq icarə haqqı 150 manat kimi qeyd olunsa da əslində icarə haqqı 800 manat olmuşdur. Müəyyən səbəblərdən müqavilədə həmin məbləğ əks olunmamışdır. Sonuncu ödənişi 2020-ci ilin mart ayında etmişlər. Arada pandemiya ilə bağlı obyekti işlədə bilməmişlər. İcarə haqqını da məhz həmin səbəbdən ödəyə bilməmişlər. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2005-ci il tarixli, 003215 qeydiyyat nömrəli dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı Gəncə şəhəri, Nizami küçəsi ilə A.İskəndərov küçəsinin kəsişməsində yerləşən Gəncə İctimai iaşə kombinatının 16 saylı ticarət obyektini satın almışdır. xx.xx.2007-ci il tarixli, 000624 qeydiyyat nömrəli özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı Gəncə şəhəri, Nizami küçəsi ilə A.İskəndərov küçəsinin kəsişməsində yerləşən 16 saylı ticarət obyektinin yerləşdiyi torpaq sahəsini satın almışdır. Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyət başçısının xx.xx.2016-cı il tarixli, 1930 nömrəli sərəncamının surətindən görünür ki, Gəncə şəhəri, Nizami küçəsi ilə Adil İsgəndərov küçəsinin kəsişməsinin cənub-qərb tərəfində yerləşən, İddiaçı məxsus mağazanın razılaşdırılmış layihə əsasında ikinci mərtəbəsinin tikintisinə icazə verilmişdir. xx.xx.2016-cı il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən İddiaçı Gəncə şəhəri, Nizami küçəsi ilə A.İsgəndərov küçəsinin kəsişməsində yerləşən 16 saylı ticarət obyektinin 14 kv/m olan qeyri-yaşayış sahəsini icarəçi Cavabdeh xx.xx.2016-cı il tarixdən başlayaraq xx.xx.2021-ci il tarixə kimi aylıq 150 manat ödəmək şərti ilə icarəyə vermişdir. xx.xx.2020-ci il tarixli pritenziyadan görünür ki, cavabdehə icarə müqaviləsinin könüllü ləğv edilməsi barədə İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X2 tərəfindən xəbərdarlıq edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 6.2-ci maddəsinə əsasən fıziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-in 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır MM-in 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 685.1-ci maddəsinə əsasən əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyrihüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. Kirayəçi müqavilənin ləğvinə dair bildiriş vermək əvəzinə neqator iddiası da irəli sürə bilər. MM-in 685.2.1-ci maddəsinə əsasən kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini ləğv edə bilər: MM-in 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə iclasında müəyyən olundu ki, iş üzrə cavabdeh icarə müqaviləsi üzrə üzərinə götürmüş öhdəliyi dəfələrlə pozmuş, ona xəbərdarlıq edilməsinə baxmayaraq bir il ərzində icarə haqqını ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən müqavilə şərtlərinin əhəmiyyətli dərəcədə pozulması, icarə haqqının ödənilməsi üzrə öhdəliyin yerinə yerinə yetirilməməsi məhkəmə araşdırması zamanı sübut olunduğundan iddia tələbi təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli icarə müqaviləsi ləğv edilməli və cavabdehə məxus əşyalar qeyri-yaşayış sahəsindən çıxarılmalıdır. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu tələb olunmadığından iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli icarə müqaviləsi ləğv edilsin. Cavabdeh məxsus əşyalar Gəncə şəhəri, Nizami küçəsi ilə A.İsgəndərov küçəsinin kəsişməsində yerləşən 16 saylı ticarət obyektinin 14 kv/m olan qeyri-yaşayış sahəsindən çıxarılsın. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-290/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-290/2021
26.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver