Məhkəmə qərarları › İş №2(043)-290/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-290/2022

01.02.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-290/2022 01.02.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Cavabdeh Səlid qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Gəncə şəhəri,Yaşar və Həsrət Əliyev qardaşları küçəsi 10 saylı binanın (yataqxana), 27 saylı otağından istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Yaşar və Həsrət Əliyev qardaşları küçəsi, 10 saylı bina (yataqxana) Gəncə şəhər MKTİB-nin balansına aiddir. Həmin binanın 27 saylı otağında qeydiyyatda olan Cavabdeh uzun illərdir ki, həmin binada yaşamır. Ona görə də Kommunal xərclərin ödənilməsində müəyyən çətinliklər yaranır. Cavabdeh Yaşar və Həsrət Əliyev qardaşları küçəsi, 10 saylı binada qeydiyyatda olmasına baxmayaraq, onun haqqında heç bir məlumatları yoxdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 ərizə təqdim edərək, iddia ərizəsində cavabdehin ata adının səhvən “Səlid” kimi qeyd edildiyini, bu səbəbdən həmin səhvin düzəldirilərək, cavabdehin ata adının “Səməd” kimi nəzərə alınmasını və cavabdehin Gəncə şəhəri,Yaşar və Həsrət Əliyev qardaşları küçəsi 10 saylı binanın (yataqxana), 27 saylı otağından istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında bildirdi ki, o, Yaşar və Həsrət Əliyev qardaşları küçəsi, 10 saylı binanın 27 saylı otağında 1993-cü ildən 2010-cu ildək yaşamış, lakin hal-hazırda həmin binada yaşamır. Buna baxmayaraq, o həmin binada daimi qeydiyyatdadır, əgər istifadə hüququ itirilsə o, qeydiyyatdan da çıxarılacaqdır. Lakin, o, həmin ünvandan qeydiyyatdan çıxmaq istəmir. Odur ki, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Gəncə şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən verilən 25.05.1999-cu il tarixli sərəncamın surətindən görünür ki, “Qərbsənaye mülkü tikinti” birliyini Mənzil kommunal kontorunun balasında olan 37 yaşayış binası və qeyri yaşayış sahələrinin əvəssiz olaraq Gəncə şəhər MPUİTİ-nin balansına verilmişdir. Sərəncama əlavə edilən siyahıdan görünür ki, Gəncə şəhər MPUİTİ-nin balansına verilmiş binalar sırasında Gəncə şəhəri Yaşar və Həsrət Əliyev qardaşları küçəsində yerləşən yataqxana da yer alır. İş materiallarında olan Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş şifahi sorğuya cavab məktubundan görünür ki, Gəncə şəhəri Yaşar və Həsrət Əliyev qardaşları küçəsi, 10 saylı bina (yataqxana) MKTİB-nin balansına aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Gəncə şəhər BPİ tərəfindən verilmiş malumatdan görünür ki, 1972-ci il təvəllüdlü Cavabdeh Gəncə şəhəri Yaşar və Həsrət Əliyev qardaşları küçəsi, 10 saylı binanın (yataqxana) 27 saylı otağında qeydiyyatdadır. İş materiallarında olan Gəncə şəhər MKTİB 10 nömrəli xidmət sahəsi tərəfindən verilmiş 30.06.2021-ci il tarixli 866 saylı arayışdan görünür ki, Gəncə şəhəri Yaşar və Həsrət Əliyev qardaşları küçəsi, 10 saylı bina (yataqxana) qeydiyyatda olan Cavabdeh qeydiyyatda olmasına baxmayaraq, həmin ünvanda yaşamır. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlardan məlum oldu ki, Gəncə şəhəri Yaşar və Həsrət Əliyev qardaşları küçəsi, 10 saylı bina (yataqxana) iddiaçı Gəncə şəhər MKTİB-nin balansındadır. Cavabdeh isə həmin binanın 27 saylı otağında yaşamış və qeydiyyata alınmışdır. Cavabdeh qeyd olunan yaşayış sahəsindən 2010-cu ildən köçmüş, həmin yaşayış sahəsi ilə bütün əlaqələrini kəsmişdir. Cavabdeh sözügedən yaşayış sahəsində uzun müddət yaşamaması, o cümlədən həmin yaşayış sahəsindən köçərək özünə başqa yaşayış yeri seçməsi iddiaçının izahatı ilə yanaşı işin digər halları ilə sübuta yetirilir. Bu müddət ərzində o, mübahisəli yaşayış sahəsində yaşamağa cəhd göstərməmişdir. Cavabdeh yaşayış sahəsində pasport qeydiyyatında formal olaraq qalmışdır ki, bu da iddiaçının həmin yaşayış sahəsi ilə bağlı hüquqlarının tam həyata keçirməsinə mane olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 262.2-ci maddəsinin mənasına görə, yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh daimi yaşamaq üçün başqa yerə getdiyindən və onun uzun müddət mübahisəli yaşayış sahəsində yaşamaması müəyyən edildiyindən, onun həmin yaşayış sahəsindən əvvəllər mövcud olan istifadə hüququ artıq itirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, cavabdehin iddiaçının balansında olan olan binanın yaşayış otağından istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Gəncə şəhəri, Yaşar və Həsrət Əliyev qardaşları küçəsi, 10 saylı binanın (yataqxana) 27 saylı yaşayış otağından istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar