Məhkəmə qərarları › İş №2(043)-291/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-291/2021

23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-291/2021 23.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçı Mövsüm oğlunun, Üçüncü şəxs DƏDRX-in 3 saylı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh (üçüncü şəxslər Gəncə şəhəri 5 saylı notariat kontoru və ƏMDX yanında DƏDRX-in 3 saylı Ərazi İdarəsi) qarşı “bağışlama müqaviləsinin və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh (üçüncü şəxslər Gəncə şəhəri 5 saylı notariat kontoru və ƏMDX yanında DƏDRX-in 3 saylı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında xx xxxx 2018-ci il tarixdə bağlanmış bağışlama müqaviləsinin və həmin müqavilə əsasında cavabdehin adına Gəncə şəhəri, Təcrübə zavodu A/STR qəsəbəsi, ev 11, mənzil 3-ə dair verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 2018-ci ildə oğlu olan cavabdehin ona ölənə kimi baxmaq, onun bütün dərman xərcini ödəyəcəyi adı ilə dediyi şirin vədlərə inanıb evini 5 saylı notariat kontorunda cavabdehə bağışlamışdır. Cavabdeh evi ona bağışladıqdan sonra nə maddi nə də mənəvi köməklik etməmişdir. Cavabdeh onu aldadıb evini adına keçirmişdir. O, köməksiz vəziyyətdə qaldığı üçün qəti qərara gəlmişdir ki, cavabdehlə onun arasında bağlanmış bağışlama müqaviləsini məhkəmə qaydası ilə ləğv etdirsin. Çünki, cavabdeh evini adına keçirdikdən sonra üzərinə ailə hüquq münasibətlərindən düşən öhdəliyi yerinə vetirmir. O, qoca vaxtında baxımsız qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi X2 izahatında bildirdi ki, DƏDRX-in 3 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh adına mülkiyyət hüququ və həmin hüququ təsdiq edən çıxarış qanuni verilmişdir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Gəncə şəhəri 5 saylı Notariat Kontoru məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2008-ci il tarixli, MH seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən cıxarış”ın surətindən görünür ki, ünvan 1 mənzil 3 ünvanında yerləşən mənzil İddiaçı məxsus olmuşdur. İş materiallarına əlavə olunan Gəncə şəhəri 5 saylı notariat kontorunda 4Ə-180 reyestr nömrəli notariat işi üzrə xx.xx.2018-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanma müqaviləsinin surətindən görünür ki, İddiaçı ünvan 1 3 ünvanında yerləşən mənzili Cavabdeh bağışlamışdır. İş materiallarında olan RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”nın surətindən görünür ki, ünvan 1 3 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə Cavabdeh mülkiyyətindədir və daşınmaz əmlak üzərində hüquq xx.xx.2018-ci il tarixdə dövlət reyestrində 33 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, İddiaçı ona məxsus olmuş ünvan 1 3 ünvanında yerləşən mənzili notarial qaydada təsdiq edilmiş müqavilə bağlamaqla Cavabdeh bağışlamışdır. Hazırda iddiaçı qeyd olunan bağışlama müqaviləsini bağışlamadan imtinanı tənzimləyən Mülki Məcəllənin 673-cü maddəsinə isnad etməklə mübahisələndirərək bildirirmişdir ki, cavabdeh ailə hüquq münasibətlərindən irəli gələn öhdəliklərini yerinə yetirmədiyinə və bağışlama müqaviləsi bağlanmamışdan əvvəl ona verdiyi vədlərə əməl etmədiyinə görə, onunla cavabdeh arasında bağlanmış bağışlama müqaviləsi ləğv edilməlidir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsinə görə hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin barəsində kobudcasına pozduqda hədiyyə verən bağışlamaqdan imtina edə bilər. İddiaçı bağışlama müqaviləsinin ləğv edilməsini belə əsaslandırıb ki, cavabdeh ona baxmır, ona maddi və mənəvi yardım göstərmir. Ailə Məcəlləsinin 82.1-ci maddəsinə görə əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Məhkəmə qeyd edir ki, iddiaçının bildirdikləri hətta həqiqi olduğu təqdirdə belə bağışlamaqdan imtina üçün əsas ola bilməz. Belə ki, övladın valideynə maddi cəhətdən kömək etməməsi, onun qayğısına qalmaması övlad tərəfindən vəzifənin pozulmasıdır, lakin kobud pozuntu deyil. Mülki Məcəllənin 673.1.2-ci maddəsində “vəzifələri pozduqda” deyil, “vəzifələri kobdcasına pozduqda” ifadəsindən istifadə olunmuşdur. Buradakı “kobud” sözü pozuntunun dərəcəsini bildirir, nisbi anlayışdır, yəni adiyə nisbətən kobud pozuntu. Adi pozuntu və kobud pozuntunun fərqləndirici əlamətləri bundan ibarətdir ki, adi pozuntu üçün ümumi əlamətlər, kobud pozuntu üçün xüsusi əlamətlər xasdır. Ümumi və xüsusi əlamətlər vəzifənin növünə görə müəyyən olunur. Məsələn, insanların bir-birini saxlamaq vəzifəsinə (valideynin övladı saxlamaq vəzifəsinə, övladın valideyni saxlamaq vəzifəsinə və s.) münasibətdə qeyd olunmalıdır ki, əgər şəxs saxlamalı olduğu şəxsi saxlamırsa, bu, vəzifənin adi pozuntusudur, əgər şəxs aliment tutulması barədə məhkəmə qətnaməsindən sonra da saxlamalı olduğu şəxsi saxlamırsa bu artıq vəzifənin kobud pozuntusudur. Qətnaməyə qədərki pozuntu üçün ümumilik, qətnamədən sonrakı pozuntu üçün isə xüsusilik xasdır. Bunu məhkəmə aşağıdakılarla izah edir: Birincisi, məhkəmə qətnaməsinə qədər saxlama vəzifəsinin pozulması faktlarının sayı məhkəmə qətnaməsindən sonra saxlama vəzifəsinin pozulması faktlarının sayından dəfələrlə çoxdur; İkincisi, məhkəmə qətnaməsinə qədər saxlama vəzifəsində qeyri-müəyyənlik olur (saxlama vəzifəsinin yaranıb-yaranmaması, əgər saxlama vəzifəsi yaranmışdırsa bu vəzifənin həddi və s.), məhkəmə qətnaməsindən sonra isə saxlama vəzifəsində müəyyənlik yaranır, bununla da şəxs artıq digər şəxsi saxlamalı olduğuna əmin olur və nə qədər vəsait ödəməli olduğunu bilir. Əgər bundan sonra da şəxs saxlama vəzifəsini yerinə yetirməzsə, bu artıq xüsusi hal sayılır və vəzifənin kobud pozulması kimi qiymətləndirilə bilər. Bundan başqa məhkəmə qeyd edir ki, hər hansı məhkəmə mübahisəsi həll edərkən həmin mübahisənin həll qaydasının oxşar münasibətlərin sabitliyinə və davamlılığına necə təsir edəcəyi nəzərə alınmalıdır. Əgər məhkəmə qətnaməsinə qədər saxlama vəzfəsinin pozulması bağışlamaqdan imtina üçün və bağışlama müqaviləsinin ləğv edilməsi üçün əsas sayılsa, bundan sui-istifadələr olacaq, bağışlamaqdan imtina üçün məhkəmələrə müraciətlərin sayı artacaq, məhkəmələr isə saxlama vəzifəsinin yerinə yetirilib-yetirilmədiyini araşdırmalı olacaq, bununla da çətin sübutetmə predmeti ilə qarşılaşacaq. Əgər kimsə hesab edirsə ki, digər şəxs onun saxlamalıdır, lakin bu vəzifəsini yerinə yetirmir, belə halda həmin şəxs aliment tutulması və digər xərclərin ödənlməsi üçün məhkəməyə müraciət edə bilər. Aliment tutulması barədə məhkəmə qətnaməsindən sonra icra məmurunun verdiyi məlumatlar əsasında saxlamaq vəzifəsinin yerinə yetirilib-yetirilmədiyi müəyyən olunacaq. Digər tərəfdən nəzərə alınmalıdır ki, bağışlama müqaviləsi mənəvi dəyərlərə söykənən müqavilədir. Hədiyyə verən öz əmlakını başqa şəxsə verməklə onu zənginləşdirirsə, buna görə özü üçün heç bir əvəz almırsa, deməli o, mənəvi dəyərlərə söykənir. Məhz buna görə də qanunverici hədiyyə verənə hüquq verib ki, hədiyyə alanın mənəvi dəyərlərə uyğun olmayan davranışı zamanı bağışlamaqdan imtina etsin. Bağışlamaqdan imtinanın qanunda müəyyən edilmiş əsaslarından görünür ki, onların hər birinin mahiyyətini hədiyyə alanın mənəvi dəyərlərə uyğun olmayan davranışı təşkil edir. Hər hansı davranışın “mənəvi dəyərlərə uyğun olmayan davranış” adlandırılması isə əsaslandırma tələb edir. Ona görə də əgər valideyn övladının onu saxlamalı olduğunu iddia edərsə, məhkəmə həmin valideynin əmək qabiliyyətinin olmadığını və maddi yardıma ehtiyacının olduğunu müəyyən edərsə və iddianı təmin edərsə, lakin bundan sonra övlad yenə də saxlama vəzifəsini icra etməzsə, bu artıq mənəvi dəyərlərə uyğun olmayan və ailə hüquq münasibətlərindən irəli gələn öhdəliyi kobud şəkildə pozan davranış sayılacaqdır. Hazırki iş üzrə iddiaçı yalnız cavabdehin ona qarşı laqeyd davranmasını, onun qayğısına qalmamasını, maddi və mənəvi kömək göstərməməsini əsas gətirərək bağışlama müqaviləsinin ləğv edilməsini tələb etmişdir ki, məhkəmə hesab edir ki, bu hallar özlüyündə cavabdehin ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri iddiaçı barəsində “kobudcasına” pozması kimi qiymətləndirilə bilməz və bağışlama müqaviləsinin ləğv edilməsi üçün əsas sayıla bilməz. Digər tərəfdən məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 673.3-cü maddəsinə görə bağışlamaqdan imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hazırki iş üzrə iddiaçı cavabdehə bağışlamadan imtina etməsi və bağışlama müqaviləsinin ləğv etmək istəməsi barədə hər hansı bildiriş göndərməmişdir. Nəzərə alınmalıdır ki, bağışlamaqdan imtina barədə iradənin ifadəsi məhz bildirişin göndərilməsi ilə həyata keçirilir, bildiriş göndərilməyibsə deməli imtina da mövcud deyil. Məhkəmə mövcud olmayan imtinanı tanıya bilməz. Digər tərəfdən, iddiaçı bağışlaman imtina etmək və bağışlama müqaviləsinin ləğv edilməsini tələb etmək üçün Mülki Məcəllənin 673.3-cü maddəsində nəzərdə tutulan müddəti də ötürmüşdür. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx xxxx 2018-ci il tarixli bağışlama müqaviləsinin ləğv edilməsinə dair hissədə iddia əsassızdır. Məhkəmə, həmçinin iddianın mübahisəli mənzilə dair Cavabdeh mülkiyyət hüququnun qeydə alınmasını təsdiq edən çıxarışın ləğv edilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də əsassızdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə hesab edir ki, mübahisəli mənzilə dair Cavabdeh adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış törəmə hüquq münasibəti olub, həmin mənzilə dair bağlanmış xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsindən törənmişdir. Buna görə də mübahisəli mənzilə dair bağlanmış bağışlama müqaviləsinin ləğv edilməsinə dair hissədə təmin edilmədiyindən, törəmə hüquq münasibəti olan mübahisəli mənzildə dair cavabdehin adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da ləğv edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “bağışlama müqaviləsinin və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar