Məhkəmə qərarları › İş №2(043)-291/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-291/2022

01.02.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-291/2022 01.02.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Yaşar və Həsrət Əliyev qardaşları küçəsi 10 saylı binanın (yataqxana), 1 saylı otağında qeydiyyatda olan Cavabdeh istifadə hüuqunun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh 28 aprel 2021-ci il tarixdə Covid-19 virusu səbəbindən ölmüşdür. İş materiallarından isə görünür ki, iddiaçı Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi mövcud iddia ərizəsi ilə 15.12.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, Cavabdeh iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl, yəni 28.04.2021-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-in 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə əsasən fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Qeyd olunan Məcəllənin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Sadalanan xüsusata əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman Cavabdeh ölmüş olduğundan, bununla da o iş üzrə cavabdeh hesab edilmədiyindən, iddia tələbinə məhkəmə qaydasında baxılmalı deyildir. Buna görə də, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, məhkəmə iş üzrə icraata xitam verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 170, 261-262, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar