Məhkəmə qərarları › İş №2(043)-292/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-292/2021

01.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-292/2021 01.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Gəncə şəhəri Yeni Qəsəbə mənzil kommunal istismar sahəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin qeyri-qanuni hərəkətlərinə son qoyulmasına və Gəncə şhəri məcburi köçkünlər üçün salınmış qəsəbədə yerləşən 3 nömrəli binanın 5 nömrəli mənzilinə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib izahatında göstərdi ki, X8 ilə 2006-cı ildə ailə qurmuşlar. Birgə nikahlarından uşaqları olmamışdır. O, ailə qurarkən cavabdehlərin məskunlaşdığı Gəncə şəhəri Gülüstan qəsəbəsində yerləşən ADAU-un 3 saylı yataqxanasına gəlin köçmüşdür. X8 ilə aralarında yaranan narazılıqlara görə nikahları pozulmuşdur. Hazırkı iş üzrə cavabdehlər X5 bacılarıdır. Cavabdehlər Kəlbəcər rayonundan məcburi köçkün olmaqla o, özü də Kəlbəcər rayonundan məcburi köçkündür. Dövlət Qaçqınkomun nümayəndələri tərəfindən digər məcburi köçkün ailələri kimi onları da gələcəkdə tikiləcək evlərdən mənzil verilməsi məqsədilə müvafiq qeydiyyatda almışlar. 2014-cü ilin fevral ayında isə Gəncə şəhərində məcburi köçkünlər üçün salınmış Yeni Qəsəbədə yerləşən 3 saylı binanın 2 otağdan ibarət 5 nömrəli mənzili ailə üzvlərinin sayı nəzərə alınmaqla kirayə müqaviləsi üzrə onun və cavabdehlərin qardaşı olan keçmiş əri X5 istifadəsinə verilmişdir. Keçmiş əri Mürşüd Qasımovla birlikdə həmin ünvanda ğir müddət yaşadıqdan sonra aralarında yaranan narazılıqlara görə 2015-ci ildə nikahları pozulmuşdur. Nikahları pozulandan sonra keçmiş əri Mürşüd Qasımov onun həmin mənzildən istifadəsinə maneçilik törətdiyi üçün o, Kəlbəcər Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək həmin mənzilə köçürülüb orada yaşayış və istifadə hüququnun veriiməsini xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin xx xxxxx 2015ci tarixli qətnaməsi ilə onun həmin mənzilə köçürülməsinə dair qətnamə qəbul olunmuşdur. O, həmin evə köçürülsə də lakin cavabdehlər ona həmin evdə yaşamağa imkan vermirlər. Daha sonra isə işin icraatına xitam verilmişdir . Cavabdehlərin özlərinə məxsus evləri var. Hal-hazırda cavabdehlər öz evlərini kirayəyə verib , onun köçürüldüyü mənzili zəbt ediblər. Həmin ev isə onun adınadır. Hal-hazırda anasının yanında məskunlaşıb yaşayır. 2019-cu ilin avqust ayında bir günlük anası evinə gəlib qayıtdıqdan sonra cavabdehlərin həmin mənzili zəbt etdiklərini görmüşdür. O, cavabdehlərə mənzildən çıxmalarını bildirdikdə bildirmişdirlər ki, Mürşüd Qasımov mənzilin qapısının kilidini dəyişib, mənzilin açarını cavabdehlərə verib gedibdir. Dəfələrlə evdə gedib yaşamaq istədikdə cavabdehlər onu döyərək, təhqir edərək evdən qovmuşdurlar. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasına Cavabdeh1 izahat verərək göstərdi ki, mübahisələndirilən mənzil qardaşı Mürşüd ilə iddiaçıya evli olarkən verilmişdir. Fərqanə orada daimi yaşamamışdır. Mürşüd əşyalarını götürüb evdən çıxdıqdan sonra Fərqanə qapının kilidini dəyişdiyindən qardaşı Mürşüd Mənzilə girə bilməmişdir. Bu səbəbdən də Mürşüd qapının kilidini dəyişmişdir. Daha sonra Fərqanə evə çilingirlə gələrək mənzilin qapısının kilidini açmaq istədikdə o, mənzilin qapısının çilingər tərəfindən açılmasına etiraz etmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Gəncə şəhəri Yeni Qəsəbə mənzil kommunal istismar sahəsinin nümayəndəsi X3 izahatında göstərdi ki, mübahisələndirilən mənzil 2014-cü ildə kirayə müqaviləsi üzrə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən X6 və ailə üzvlərinin istifadəsinə verilmişdir. Həmin mənzil xüsusi təyinatlı mənzil olmaqla X5 ailə üzvü yəni hazırki iddiaçı Fərqanə Qasımova da nəzərə alınmaqla mənzil 2 otaqdan ibarət olmuşdur. Fərqanə Qasımovanın kirayə müqaviləsi üzrə həmin mənzildən istifadə hüququ vardır. Fərqanə Qasımova təxminən bir il yarım əvvəl onlara müraciət edərək Mürşüdün və bacılarının onun həmin mənzildən istifadə etmələrinə imkan vermədiklərini bildirmişdir. Digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2015-ci il tarixli, AZ-İ 209965 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X8 ilə Qasımova (Səlimova) Fərqanə Ələkbər qızı arasında olan nikah pozulmuşdur. AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Səlimova X2 rayonu Başlıbel kəndində qeydiyyatdadır. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(040)-168/2015 nömrəli, qətnamənin surətindən görünür ki, iddiaçı Qasımova (Səlimova) Fərqanə Ələkbər qızının cavabdeh X5 yaşadığı Gəncə şəhəri məcburi köçkünlər üçün yeni salınmış qəsəbə, bina 3, mənzil 5-ə köçürülməsi qət edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Göründüyü kimi mübahisələndirilən mənzil xüsusi təyinatlı mənzil olmaqla, iddiaçı və keçmiş ailə üzvü (əri) məcburi köçkün olduqları üçün kirayə müqaviləsi üzrə onların istifadəsinə verilmişdir. Ailə münasibətləri baş tutmadığından iddiaçının nikahı pozulmuşdur. Nikahları pozulduqdan sonra tərəflər arasında olan münasibət dəyişdiyi üçün sosial kirayə müqaviləsi üzrə istifadə etdikləri mənzildən istifadə qaydaları ilə bağlı mübahisə yaranmışdır. İddiaçının iddia tələbi ilə bağlı Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(040)-168/2015 nömrəli, qətnaməsinə əsasən iddiaçının mübahisəli mənzilə göçürülməsi qət edilmişdir. Lakin qətnamə icra olunandan sonra iddiaçının həmin mənzildən istifadə etməsinə əvvəlki cavabdeh X4 bacıları tərəfindən maneçilik törədildiyi üçün iddiaçı hazırki tələblə bağlı məhkəməyə müraciət etmişdir. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər” haqqında qanunun 2-ci maddəsinə əsasən xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütəmadi atəş altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslər bu Qanunun məqsədləri üçün məcburi köçkün hesab olunurlar. Həmin qanunun 4-cü maddəsinə əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər barəsində aşağıdakı sosial müdafiə tədbirləri tətbiq edilir: müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi; məşğulluğun təmin edilməsi; sosial təminat;tibbi təminat;təhsil hüququnun təmin edilməsi; nəqliyyat və mənzil-kommunal və digər güzəştləri və s. Həmin qanunun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra Mənzil Məcəlləsi) 50-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra - yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir. Sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar. Mənzil Məcəlləsinin 91.1.5-ci maddəsinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı yaşayış sahələrinə aiddir. Mənzil Məcəlləsinin 96-cı maddəsinə əsasən məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Göründüyü kimi mübahisələndirilən mənzil xüsusi təyinatlı mənzil olmaqla, iddiaçı və keçmiş ailə üzvü (əri) məcburi köçkün olduqları üçün kirayə müqaviləsi üzrə onların istifadəsinə verilmişdir. Ailə münasibətləri baş tutmadığından iddiaçının nikahı pozulmuşdur. Nikahları pozulduqdan sonra tərəflər arasında olan münasibət dəyişdiyi üçün sosial kirayə müqaviləsi üzrə istifadə etdikləri mənzildən istifadə qaydaları ilə bağlı mübahisə yaranmışdır. İddiaçının iddia tələbi ilə bağlı Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(040)-168/2015 nömrəli, qətnaməsinə əsasən iddiaçının mübahisəli mənzilə göçürülməsi qət edilmişdir. Lakin qətnamə icra olunandan sonra iddiaçının həmin mənzildən istifadə etməsinə əvvəlki cavabdeh X4 bacıları tərəfindən maneçilik törədildiyi üçün iddiaçı hazırki tələblə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəməöz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan huquq normalarının tələbinə əsasən iddia təmin olunmalı, İddiaçı Gəncə şəhəri, Yeni qəsəbə, 3 saylı binanın 5 nömrəli mənzilinə köçürülməli və onun həmin mənzildən istifadə etməsinə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən maneçilik törədilməsi qadağan edilməlidir. İş üzrə ödənilməmiş 10 manat dövlət rüsumu dövlət hesabına aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. İddiaçı Gəncə şəhəri, Yeni qəsəbə, 3 saylı binanın 5 nömrəli mənzilinə köçürülsün və onun həmin mənzildən istifadə etməsinə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən maneçilik törədilməsi qadağan edilsin. İş üzrə ödənilməmiş 10 manat dövlət rüsumu dövlət hesabına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar