Məhkəmə qərarları › İş №2(043)-2938/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2938/2021

09.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2938/2021 09.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «evdən istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus AZ 2000 ünvan 1 ünvanda yerləşən mülkə Cavabdeh yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 08.02.2014-cü il tarixli, Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi (AN - İ № 0382296) əsasında AZ 2000 ünvan 2 ünvanda yerləşən mənzil ona satılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti “Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestrindən” Seriya RX № ******* saylı Çıxarış 14.02.2014-cü il tarixdə o, İddiaçı adına verilmişdir. Əmlakın mülkiyyət hüquqları tam şəkildə ona məxsusdur. Evi o alarkən, danışıqlar əsnasında razılaşmalar əldə edilmişdir ki, Cavabdeh bir ay müddətində qeydiyyatdan çıxacaqdır. Lakin, cavabdeh tərəfindən ona verilmiş telefon nömrəsi ləğv edildiyindən əlaqəsi kəsilmişdir. Hazırda cavabdehin harada hansı ünvanda yaşaması barədə heç bir məlumatı yoxdur. Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsinə cavabdehin qeydiyyatdan çıxarılması barədə şifahi müraciətinə cavab olaraq bildirilmişdir ki, yalnız məhkəmə qaydasında çıxarılmalıdır. Nəzərə çatdırır ki, o, evi alarkən ev tam boş vəziyyətdə olubdur, cavabdehə məxsus heç bir əmlak və ya əşya qalmamışdır. Cavabdehlə heç bir qohumluq əlaqələri yoxdur, onun evdən nə vaxt qeydiyyatdan çıxacağı barədə aralarında öhdəliyi olan heç bir müqavilə olmamışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, ünvan 4 ünvanında 2014-cü ildən yaşayır. Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi onunla X6 arasında bağlanmışdır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməmişlər. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının təşəbbüsü ilə dəvət olunaraq şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, doğulandan ünvan 5 ünvanla qonşuluqdakı mənzildə yaşayır. Cavabdeh Zahid dayının oğlu kimi tanıyır. Zahid dayı həmin ünvanda tək yaşamışdır və həmin binada vəfat edən zaman başqa ünvandan götürülmüşdür. Cavabdehin anası Leyla xanım arada bir gəlib evi təmizləmişdir. Cavabdeh həmin evdə qalmamışdır və arada-sırada gəlib-getmişdir. Fuad adlı şəxs həmin mənzili satın almış, sonra həmin mənzil Elyar adlı şəxsə satılmış və sonda isə İddiaçı evi satın almışdır. Məhkəmə iddiaçının izahatını, şahidin ifadəsini dinləyib, məhkəmə iclasında müəyyən olunan halları və mülki işdə olan sübutları tədqiq edib məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş DİN-nin “yaşayış yeri üzrə qeydiyyat haqqında” 15.07.2021-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, Cavabdeh Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti, bina 20, mənzil 25 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 08.02.2014-cü il tarixli nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti, bina 20 ünvanında yerləşən 25 saylı mənzili İddiaçı X1 19.825 (on doqquz min səkkiz yüz iyirmi beş) manata almışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 6 mənzil İddiaçı tam xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər İH MKTİB 5 nömrəli xidmət sahəsinin 17.08.2021-ci il tarixli, 228 nömrəli arayışından görünür ki, İddiaçı ünvan 6 mənzildə yaşayır, qeydiyyatı yoxdur. Mülkiyyət sahibidir. Cavabdeh göstərilən ünvanda pasport qeydiyyatındadır. O, mənzili satıb köçüb getmişdir və pasport qeydiyyatında çıxmamışdır. Təxminən 2014-cü ildən göstərilən ünvanda yaşamır ancaq qeydiyyatda qalmışdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, ünvan 6 mənzil mülkiyyət hüququ əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış əsasında iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh uzun müddətdir həmin mənzildə yaşamır. Belə ki, iddiaçı sözügedən mənzili 14.04.2014-cü il tarixdə öz adına rəsmiləşdirmiş, cavabdeh iddiaçıya məxsus olan ünvan 6 mənzildə yaşamamasına baxmayaraq qeydiyyatdan çıxmamışdır. Cavabdehin uzun müddət sözügedən mənzildə yaşamamasından görünür ki, o özünə daimi yaşayış yeri seçmiş, mənzildə pasport qeydiyyatında formal olaraq qalır ki, bu da iddiaçının mülkiyyətində olan mənzilinə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur və artıq kommunal xərclərin meydana gəlməsinə səbəb olur. Bundan başqa, cavabdehin mənzilə qeydiyyatının olması iddiaçının–yəni mülkiyyətçinin iradə ifadəsi ilə bağlı deyil, iddiaçının hazırkı tələbindən isə müəyyən olunur ki, cavabdehin mənzildə qeydiyyatda qalması mülkiyyətçi kimi onun iradəsinə ziddir. Ona görə də hazırki iddia tələbi ilə bağlı iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 3.1-ci maddəsinə əsasən mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin olunması üçün zəruri olan həddə məhdudlaşdıra bilər. Həmin Məcəllənin 9-cu maddəsinə görə mənzil hüquqlarının müdafiəsi, mənzil hüququnun tanınması, mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması üsulu ilə həyata keçirilir. Həmin Məcəllənin 29.1-ci maddəsinin tələbinə görə isə yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Həmin Məcəllənin 30.1-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının mənzilə mülkiyyət hüququ əldə etdiyi vaxtdan cavabdeh həmin mənzildə yaşamır və iddiaçının ailə üzvü deyildir, daimi yaşamaq üçün özünə başqa yaşayış yeri seçmişdir. Cavabdehin iddiaçının mülkiyyətində olan mənzildə pasport qeydiyyatında olması onun hüquqlarını məhdudlaşdırdığından məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Məhkəmə hesab edir ki, mülkiyyətçini ailə üzvü hesab edilməyən şəxsin onun mənzilində qeydiyyatda qalması ona öz mülkiyyətindən dinc istifadə hüququnu həyata keçirməyə mane olur. Cavabdehin mənzildən qeydiyyatdan çıxarılması üçün isə onun mənzildən istifadə hüququ məhkəmə qaydasında itirilmiş hesab edilməlidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 5-ci bəndinin tələbinə görə yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, cavabdehin mənzildə qeydiyyatı formal olaraq qalmaqla, iddiaçının qeyd edilən mənzilə olan hüquqlarını məhdudlaşdırır və cavabdehə görə əlavə kommunal xidmət haqqı ödəməyə məcbur qalır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının tələbi haqlı olduğundan təmin edilməli və cavabdehin İddiaçı mülkiyyətində olan ünvan 6 ünvana olan istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 10,0 (on) manat dövlət rüsumunu tələb etmədiyindən onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti, bina 20, 25 nömrəli mənzilə olan istifadə hüququ itirilmiş hesab olunsun. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar