Məhkəmə qərarları › İş №2(043)-2952/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2952/2021

24.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2952/2021 24.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X21 iclas katibliyi, İddiaçı Subəddin qızının, cavabdehlər Cavabdeh6 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Subəddin qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, X11, Cavabdeh5 qarşı «mənzildən istifadə hüququnun itirilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı Subəddin qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, X11, Cavabdeh5 qarşı «mənzildən istifadə hüququnun itirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Gəncə şəhəri Kəpəz rayonu Üzeyir Hacıbəyli küçəsi bina 8 mənzil 19-dan istifadə hüququnun itirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Kəpəz rayonu Üzeyir Hacıbəyli küçəsi bina 8 mənzil 19 12 dekabr 1981-ci il tarixli 167 saylı order əsasında atası X8 adına verilmişdir. Atası 1994-cü ildə vəfat etmişdir. 1990-cı illərin əvvəllərindən o, atası ilə daima bir evdə yaşamış, iki ovladı həmin ünvanda dünyaya gəlmiş, ona və uşqalarına həmin ünvanda qeydiyyatda olmalarına dair şəxsiyyət vəsiqələri verilmişdir. Gəncə şəhəri 18 və 20 saylı orta məktəblərdə pedoqoji fəaliyyətlə məşğul olmuşdur. Hazırda Gəncə şəhəri 18 saylı orta məktəbdə ibtidai sinif müəlliməsidir. Dəfələrlə fəxri adlara layiq görülmüşdür. Hazırda qeyd edilən mənzildə o və iki uşağı yaşayır. 2006-cı il tarixdən evdə ondan başqa heç kim yaşamır. Cavabdehlərə məxsus heç bir əşya orada yoxdur. Cavabdehlərin yaşamadıqları mənzildə qeydiyyatda olmaları səbəbindən o əlavə kommunal xərclər ödəyir. Ona görə də cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, X9, Cavabdeh5 Gəncə şəhəri Kəpəz rayonu Üzeyir Hacıbəyli küçəsi bina 8 mənzil 19-dan istifadə hüququnun itirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Subəddin qızı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, göstərdi ki, ev orderlə atasının adınadır. Atası öldükdən sonra həmin mənzildə o yaşamışdır. Cavabdehlərdən Cəmaləddin, Seymur onun qardaşları, Kəmalə bacısı, Nəsimi, Zərifə qardaşı Cəmallədinin uşaqları, Röyal isə bacısı Kəmalənin oğludur. Bacısı Kəmalə ilə oğlu Röyal 8-9 il olar ki həmin mənzildə yaşamırlar. Qardaşı Cəmaləddin, onun uşaqları Zərifə və Nəsimi isə 5 ildən çoxdur ki, həmin mənzildə yaşamırlar. Onların başqa yaşayış yerləri vardır. Qardaşı Seymurun daimi yaşayış yeri olmasa da uzun müddətdir həmin mənzildə yaşamır. Ona görə də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 ifadə verərək bildirdi ki, Gəncə şəhəri Kəpəz rayonu Üzeyir Hacıbəyovi küçəsi bina 8 mənzil 19 orderlə atasının adına olmuşdur. Mənzilə dair Çıxarış alınmamışdır. Onlar ailədə dörd uşaq olmuşdur. Kəmalə və Gülnarə bacısı, Seymur və Kamaləddin isə qardaşıdır. Qardaşı Kamaləddin başqa yerdə qeydiyyatdadır. Qardaşı Seymur isə həmin evdə yaşayıb, sonradan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, hazırda da cəzaçəkmə müəssisəsində saxlanılır, onun başqa yaşayış yeri yoxdur. Bacısı Kəmalə isə Almaniyada yaşayır. Röyal İsə bacısı Kəmalənin oğludur. Zərifə ilə Nəsimi isə onun uşaqlarıdır. O özünə ev tikmiş, təxminən 6-7 ildir ki, tikdirdiyi evə köçmüşdür. ünvan 2 ünvanında yerləşən mənzilə dair heç bir tələbi yoxdur. Həmin mənzildə ona və uşaqlarına məxsus əşya yoxdur. İddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə iclasında Cavabdeh6 iddia tələbinə etiraz edərək bildirdi ki, o hazırda azadlıqdan məhrum etmə cəzası çəkir. Belə ki, o, 2007-ci ildə 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, həbsdən çıxdıqdan sonra “Əminə” marketdə işləmiş, 270 manat əmək haqqı almışdır. Sonra bir nəfərlə ədavəti olmuş, ona xeyli miqdarda ziyan vurmuşdur. Yenidən barəsində hökm çıxarılmış, 4 il 6 ay müddətinə azdlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. O ünvan 2 ünvanında yerləşən mənzilə yaşamışdır. Ona bacısı Gülnarənin kirayədə yaşadığını bildirmişlər, o bacısını axtarıb tapmış, atasına məxsus onun özünündə yaşadığı evə köçməsini istəmişdir. Həbsdən çıxdıqdan sonra atası evinə gəlsə də onu evə buraxmamışlar. Mənzilin açarını istəmiş, lakin açar ona verilməmişdir. Sonra polisə müraciət etmiş, polis şöbəsində isə ona köməklik göstərilmiş, ona müvəqqəti yaşaması üçün yer verilmişdir. Odur ki, onun başqa yaşayış yeri olmadığından, həbsdən çıxdıqdan sonra gedəcəyi yer yalnız həmin mənzil olduğundan iddianı qəbul etmir. Həmçinin bildirir ki, bacısı Kəmalə 5-6 ilə bundan əvvəl Almaniyaya getmiş, orada yaşayır. Ona görə də məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirdi ki, o, Gülnarə xanımı oxuduğu məktəbdən tanımış, 3-4 il olar ki, Gülnarənin evinə gedib-gəlmişdir. Gülnarənin iki uşağı var, özü mənzildə tək yaşayır, uşaqları isə arada gedib-gəlir. Uşaqlardan başqa heç kim həmin mənzilə gedib-gəlmir, Gülnarədən başqa həmin evdə heç kim yaşamır. Seymuru isa tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X25 ifadəsində bildirdi ki, o, Gülnarə xanımı oxuduğu məktəbdən tanıyır. Gülnarə xanım onun müəlliməsi olub. Gülnarə xanım qeyd edilən mənzildə yaşayır. Mənzilə nəsə lazım olanda Gülnarə xanım ona müraciət edir, o da nə iş lazımdırsa görür. Həmin evə 2017-ci ildən gedib-gəlir, evdə ancaq Gülnarə xanımın uşaqlarını görmüşdür. Başqa heç kimin mənzilədə yaşamasının, mənzilə gedibgəlməsinin şahidi olmamışdır. İş materiallarına əlavə edilmiş 12 dekabr 1981-ci il tarixli 167 saylı orderin surətindən görünür ki, Ü.Hacıbəyov küçəsi ev 8 mənzil 19 X8 adına verilmiş, ailə üzvləri kimi Cavabdeh5 Cəfər qızı, Cavabdeh2, X5 və X12 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 22.03.1994-cü ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 18 fevral 2016-cı il tarixli qətnaməsindən görünür ki, İddiaçı Subəddin qızının cavabdeh X1 qarşı Gəncə şəhəri Ü.Hacıbəyov küçəsi, 8-ci binanın 19 nömrəli mənzilindən istifadə hüququnun tanınması və himayəsində olan iki övladı ilə birlikdə evə köçürülmə tələbinə dair iddiası təmin edilməmiş, müstəqil tələb irəli sürən üçüncü şəxs X9 cavabdeh İddiaçı Subəddin qızına qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası təmin edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 10 iyun 2016-cı il tarilxi qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 18 fevral 2016-cı il tarixli qətnaməsi tamamilə ləğv edilmiş, ilkin iddia üzrə İddiaçı Subəddin qısının iddiası qismən təmin edilmiş, onun oğlu 14.06.1999-cu il təvəllüdlü X15 ilə birlikdə Gəncə şəhəri Ü.Hacıbəyov küçəsi ev 8 19 nömrəli mənzilə köçürülməsi, onun həmin mənzildən istifadə hüququnun tanınması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, üçüncü şəxs X9 iddiasının təmin edilməməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Gəncə Filialının 31 mart 2021-ci il tarixli 307(194)/4 saylı arxiv arayışından görünür ki, X8 ailə üzvləri arvadı Cavabdeh5 Cəfər qızı, oğlu X6, oğlu X7, qızı X22, qızı X3 ibrətdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təssərürfat İstehsalat Birliyinin 11.06.2021-ci il tarixli **********415 nömrəli şəxs hesabdan çıxarışdan görünür ki, Gəncə şəhəri Ü.Hacıbəyov küçəsi bina 8 19 nömrəli mənzilin sahibi Cavabdeh5 Cəfər qızı (ölüb) ailə tərkibi İddiaçı Subəddin qızı və X2r. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 19.03.2021-ci il tarixli ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, Gəncə şəhəri Kəpəz rayonu Üzeyir Hacıbəyli küçəsi ev 8 mənzil 19-da qeydiyyatda olan şəxslər İddiaçı Subəddin qızı, Cavabdeh1 19.11.2003, Cavabdeh2 07.09.1972, Cavabdeh6 xx.xx.1980, Cavabdeh3 09.01.1995, X15 14.06.1999, X4 27.01.1997, X16 24.01.1978, Cavabdeh5 12.07.2002-ibarədir. İş materiallarına əlavə edilmiş 10.09.2021-ci il tarixli X29, X10, X25 tərəfindən imzalanmış aktdan görünür ki, həqiqətən də Gəncə şəhəri Üzeyir Hacıbəyov küçəsi bina 8 mənzil 19-da ancaq İddiaçı Sübəddin qızı öz övladları ilə birlikdə 2006-cı ildən təkbaşına yaşayır. Bütün kommunal xərclər onun tərəfindən ödənilmiş, mənzilə sahiblik və cərəncam, mənzildən istifadə yalnız İddiaçı tərəfindən həyata keçirilmişdir. Həmin ünvanda İddiaçı başqa heç kəs yaşamamış, heç kim həmin ünvana gedib-gəlməmişdir. Ünvanda başqa şəxsə aid heç bir əşya olmamaşdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təssərürfat İstehsalat Birliyinin Kooperativ binalar üzrə xidmət sahəsinin 19.09.2021-ci il tarixlin 269 saylı məktubundan görünür ki, Ü.Hacıbəyov 8 saylı binanın 19 saylı mənzil İddiaçı Subəddin qızının 17 sentyabr 2016-cı ildən adınadır və həmin tarixdən mənzildə tək yaşayır. Cavabdeh1 19.11.2003, Cavabdeh2 07.09.1972, Cavabdeh6 oğlu xx.xx.1980, Cavabdeh3 09.01.1995, X16 24.01.1978, Cavabdeh5 12.07.2002-ci il təvəllüdlü yuxarıda göstərilən ünvanda yaşamır, harda yaşamaları haqqında məlumat yoxdur. Göründüyü kimi tərəflər arasında mövcud mübahisənin predmeti qismində mənzilə dair istifadə hüququnun itirilməsi ilə bağlı hüquq münasibətləri təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 12 dekabr 1981-ci il tarixli 167 saylı orderlə Gəncə şəhəri Üzeyir Hacıbəyov küçəsi ev 8 mənzil 19 X8 adına qeyd edilmişdir. X14 22.03.1994-cü ildə ölmüşdür. Gəncə Apellyasiya Məhkəməsinin 10 iyun 2016-cı il tarilxi qətnaməsi ilə İddiaçı Subəddin qızı oğlu X15 ilə birlikdə həmin mənzilə köçürülmüş və onun həmin mənzildən istifadə hüququ tanınmışdır. Hazırda isə qeyd edilən ünvanda, yəni ünvan 2-da İddiaçı Subəddin qızı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, X15, X4, X16, Cavabdeh5 qeydiyyatdadır. Həmçinin müəyyən edilmişdir ki, cavabdehlərdən Cavabdeh2, onun uşaqları Cavabdeh5 və Cavabdeh1 həmin ünvanda yaşamır, Cavabdeh2 özünə ayrıca fərdi yaşayış evi tikdirmiş və həmin evdə yaşayır. X16 isə uzun müddətdir ki, Almaniyada yaşayır, onun oğlu Cavabdeh3 isə mübahisəli mənzildə yaşamır. Cavabdehlərdən Cavabdeh6 isə qeyd edilən mübahisəli mənzildə yaşamış, lakin azadlqıdan məhrum etmə cəzasına məhkum edildiyindən cəzaçəkmə müəssisəsində cəza çəkir, həmin mənzildən başqa daimi yaşayış yeri yoxdur. İş üzrə müəyyən olunan faktik hallar əsasında məhkəmənin gəldiyi qənaətə görə tərəflər arasında yaranmış hüquq münasibətləri 2000-ci il sentyabrın 1-dən əvvəl mənzildən istifadə ilə bağlı yaranan mülki mübahisədir və mübahisənin həlli zamanı 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60 maddəsində göstərilir ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Mənzil Məcəlləsinin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış məntəqəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin şərh olunması haqqında» 12 mart 1999-cu il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsində nəzərdə tutulan norma tərəflərin öz hüquqlarından sui-istifadə hallarının qarşısını almağa yönəlir, onlara imkan verir ki, məhkəmə vasitəsilə öz qanuni hüquqlarının qorunmasını, qarşılıqlı hüquq və vəzifələrdən yaranan oxşar münasibətlərin tənzimlənməsini həyata keçirsin. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin şərh olunması haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd edilir ki, mənzil qanunvericiliyinə əsasən, tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Bundan əlavə, Konstitusiya Məhkəməsinin məlum Qərarında göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və onun ailə üzvlərinin müvəqqəti, o, cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. «Respublika Məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 1992-ci il 16 oktyabr tarixli 2 №-li Qərarının 8-ci bəndində göstərilir ki, Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, qanunla daha uzun müddət nəzərdə tutulmamışdırsa, müvəqqəti olaraq başqa yerə getmiş kirayəçinin və onun ailə üzvlərinin yaşayış sahəsinə hüququ altı ay müddətinə saxlanılır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, bununla əlaqədar mübahisə yarandıqda, maraqlı şəxslərin iddiaları üzrə məhkəmə tərəfindən həyata keçirilir. Məhkəmə kirayəçinin və onun ailə üzvünün üzrlü səbəblərdən müəyyən edildiyindən artıq müddətə başqa yerə getdiyini müəyyən etdikdə, iddianı təmin edir. Şərh olunanlardan göründüyü kimi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X16 və Cavabdeh5 mübahisəli mənzili heç bir üzrlü səbəb olmadan öz istəkləri ilə tərk etmiş və hal-hazırda da həmin mənzildə yaşamır. Həmçinin cavabdehlərdən Cavabdeh2 fərdi yaşayış evi vardır, onun öz evindən istifadə etməsinə məhdudiyyət yoxdur. Qeyd edilən cavabdehlərin iddiaçının yaşayış sahəsindən istifadə hüququnun saxlanması üçün qanuni əsas yoxdur. Ona görə də, məhkəmə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X16 və Cavabdeh5 mübahisəli mənzildə yaşamaması ilə bağlı iddiaçı tərəfindən təqdim olunmuş sübutları inandırıcı və kifayət qədər hesab edir və onların iddiaçının yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab olunması qənaətinə gəlir. Bundan başqa məhkəmə qeyd edir ki, Cavabdeh6 mübahisəli mənzili öz istəyi ilə deyil, azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan və cəzaçəkmə müəssisəsiəndə cəza çəkdiyindən tərk etmiş, həmin mənzildən başqa onun daimi yaşayış yeri müəyyən olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh6 münasibətdə təmin edilə bilməz. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, habelə müvafiq qanunvericiliyinin tələblərini əsas götürərək, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X16 və Cavabdeh5 ünvan 5 ünvanda yerləşən mənzildən istifadə hüququ itirilmiş hesab edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X16 və Cavabdeh5 ünvan 5 ünvanda yerləşən mənzildən istifadə hüququ itirilmiş hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar