Məhkəmə qərarları › İş №2(043)-3132/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3132/2020

06.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3132/2020 06.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehlərin ona məxsus olan ünvan 1 ünvanından istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.2013-cü il tarixli, seriya RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında onun mülkiyyətinə verilmişdir. Həmin evdə onun ailə üzvləri ilə bərabər, cavabdehlər (qohumları) qeydiyyatdadırlar. Cavabdehlərin özlərinə məxsus yaşayış evləri vardır və ona məxsus evdə yaşamırlar. O cavabdehlərə dəfələrlə evdən pasport qeydiyyatından çıxmalarını tələb etsə də, onlar hər dəfə müxtəlif bəhanələr gətirərək, yaxın günlərdə qeydiyyatdan çıxacaqlarına söz vermişdirlər. Sonuncu dəfə, yəni xx.xx.2020-ci il tarixdə “Elektron notariat avtomatlaşdırılmış informasiya sistemindən” çıxarış aldıqdan sonra hələ də cavabdehlərin evdə qeydiyyatda olduqları məlum olmuşdur. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahat verib bildirdi ki, Gəncə şəhəri, Kəpəz rayonu, Zərdabi küçəsində yerləşən 1 nömrəli fərdi yaşayış evi mülkiyyət hüququ üzrə ona məxsusdur. Cavabdehlər onun qohumu olmaqla uzun müddətdir ki, mübahisəli evdən köçmüşlər və onların istifadələrində başqa yaşayış evləri olmaqla, daimi olaraq özlərinə başqa yaşayış yeri seçmişlər. Cavabdehlərin evdə qeydiyyatda olmaları, onun ev üzərində sərəncam vermək hüquqlarını məhdudlaşdırır, eləcə də əlavə kommunal xərclərin yaranmasına səbəb olur. Buna görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirdi ki, əvvəllər mübahisəli fərdi yaşayış evində yaşasalar da, 1999-cu ildən həmin evdən köçüb getmişlər. Digər cavabdehlər isə onun uşaqlarıdır. Yaşar onunla birlikdə Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşayır. Rövşən isə Rusiya Federasiyasında yaşayır. Hazırda onların iddiaçıya məxsus evlə bağlı heç bir hüquq bağlılıqları yoxdur. Onlar yaşayış yerlərini başqa yerdə gercəkləşdirmişdilər. Buna görə də iddia tələbinin təmin olunmasına heç bir etirazı yoxdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 digər cavabdehlə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsinə heç bir etirazının olmadığını göstərdi. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX № ******* saylı çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Zərdabi küçəsi, 1 nömrəli ev xx.xx.2013-cü il tarixdə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-cı il tarixli, ******* nömrəli arayışından görünür ki, cavabdehlər yaşayış yeri üzrə Gəncə şəhəri, Kəpəz rayonu, Zərdabi küçəsi, 1 nömrəli fərdi yaşayış evində qeydiyyatdadırlar. Mübahisəli hüquq münasibətləri x xxxxxxxx 2000-ci ilə qədər yarandığından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2001-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən bu hüquq münasibətlərinə həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan SSR-in x xxxx 1992-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsi) müddəaları tətbiq edilməlidir. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. “Respublika Məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 1992-ci il 16 oktyabr tarixli 2 №-li qərarının (1994-cü il 20 may tarixli 4 №-li və 1998-ci il 25 mart tarixli 4 №-li qərarlarında edilmiş dəyişikliklərlə) 8-ci bəndində göstərilir ki, Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, qanunla daha uzun müddət nəzərdə tutulmamışdırsa, müvəqqəti olaraq başqa yerə getmiş kirayəçinin və onun ailə üzvlərinin yaşayış sahəsinə hüququ altı ay müddətinə saxlanılır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, bununla əlaqədar mübahisə yarandıqda, maraqlı şəxslərin iddiaları üzrə məhkəmə tərəfindən həyata keçirilir. Məhkəmə kirayəçinin və onun ailə üzvünün üzrlü səbəblərdən müəyyən edildiyindən artıq müddətə başqa yerə getdiyini müəyyən etdikdə, iddianı təmin etmir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Gəncə şəhəri, Kəpəz rayonu, Zərdabi küçəsində yerləşən 1 nömrəli fərdi yaşayış evi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarış əsasında İddiaçı xüsusi mülkiyyətindir. Cavabdehlər mübahisəli evin keçmiş sakinləri olsalar da, 1999-cu ildən həmin evdə yaşamadıqlarından onların mübahisəli mənzildən istifadə hüquqlarının saxlanması üçün qanuni əsas yoxdur. Cavabdehlər evi könüllü olaraq tərk edib getməklə həmin evlə bütün əlaqələrini kəsmişlər ki, bu da onların artıq daimi olaraq başqa yaşayış yeri seçməsinə dəlalət edir. Cavabdehlərin evdə olan pasport qeydiyyatı hazırda formal xarakter daşımaqla “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsində təsbit edilmiş bu qanunun məqsədlərinin təmin edilməsinə xidmət etmir. Mübahisəli evdən cavabdehlərin istifadə hüquqlarının itirilməsinə dair mübahisənin həll edilməsi hüquqi müəyyənlik prinsipi baxımından və iddiaçının öz mülkiyyətindən sərbəst istifadə etməsinə yaranan məhdudiyyətin zəruri və əsaslı olub-olmaması baxımından əhəmiyyət kəsb edir. Bu hüquq münasibətlərinə aydınlıq gətirilmədikdə cavabdehlərin iddiaçıya məxsus evdən istifadə hüququ qeyri-müəyyən müddətə saxlanılmış olacaqdır ki, bu da iddiaçının mülkiyyət hüququna əsaslandırılmamış müdaxilə hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357- 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 X1 rayonu, Zərdabi küçəsi, ev 1 ünvanında yerləşən, İddiaçı məxsus fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində X1 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar