Məhkəmə qərarları › İş №2(043)-3219/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3219/2021

25.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3219/2021 25.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X5, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkili) X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı İsmayılzadə Nigar Şahmir qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və azyaşlı övladı X3 qeydiyyatda olduğu və cavabdehlərin mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, A.Ziyadxanov küçəsi, 36 nömrəli evin 12 nömrəli mənzilindən istifadə hüququnun tanınması və əşyaları ilə birlikdə həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X8 iddianı müdafiə edib izahatında göstərdi ki, iddiaçı ilə Cavabdeh1 2013-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurumuşlar, Tərəflər nikaha daxil olduqdan sonra iddiaçı cehiz əşyalarının bir qismini və geyim əşyalarının çox hissəsini cavabdehlərə məxsus mənzilə gətirmişdir və həmin mənzildə yaşamalı olmuşdur.Cavabdeh olan qaynanası X4 razılığı əsasında həmin mənzilə pasport qeydiyyatına düşmüşdür və onlar tərəfindən ailə üzvü kimi qəbul olunmuşdur. Azyaşlı qızı X7 da həmin ünvanda doğulmuşdur və qızı da həmin evə pasport qeydiyyatına alınmışdır. İddiaçının cehiz əşyalarının bir qismi və azyaşlı övladının beşiyi də hal-hazırda cavabdehlərə məxsus mənzildə qalmışdır. İddiaçının və onun övladının hazırda başqa yaşayış yeri yoxdur. Ona görə də məcbur olub məhkəməyə müraciət etmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkili) X2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı cavabdehlərdən Cavabdeh1 ilə 2013-cü il tarixdə ailə qurmuş, ailə münasibətləri baş tutmadığından 2021-ci ildə nikahları məhkəmə qaydasında pozulmuşdur.İddiaçının iddia etdiyi mənzil onun keçmiş qaynanası hazırki Cavabdeh2 mülkiyyətində olmaqla iddiaçının həmin mənzilə heç bir bağlılığı və yaşaması üçün heç bir hüquqi əsas yoxdur. Hətda Cavabdeh2 iddiaçının onun mənzilindən qeydiyyatdan çıxarılması məqsədi ilə inzibati məhkəmədə iddia qaldırmışdır. İddia tələbinin əsassız olduğunu göstərərək onun təmin olunmamasını məhkəmədən xahiş etdi. Gəncə İnzibati Məhkəməsinin 29.07.2021-ci il tarixli, 2-1(114)-1692/2021 saylı sərəncamının surətindən görünür k, Cavabdeh2 cavabdeh Gəncə şəhər Baş Polis İdarəsinə qarşı (üçüncü şəxs İddiaçı) qeydiyyatdan çıxarılma tələbinə dair məhkəməyə müraciət etmişdir. Yaşayış yeri üzrə qeydiyyat haqqında 09.08.2021-ci il tarixli, ******* saylı arayışdan görünür ki, İsmayılzadə X9 şəhəri Kəpəz rayonu, A.Ziyadxanov küçəsi, ev 36 mənzil 12 ünvanında qeydiyyatdadır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunan hüquq normalarına uyğun əsaslandırır: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi tərəflər arasında hüquq münasibətləri 2013-cü ildə yaranmışdır. Ona görə də hazırki mübahisə 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinə uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra- MM) 30.1-ci maddəsinə əsasən Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. MM-in 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan «ailə üzvləri» anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi mənzil onun keçmiş qaynanası Cavabdeh2 mülkiyyətində olmaqla iddiaçının həmin mənzilə hər hansı hüququnun olması məhkəmə araşdırması zamanı müəyyən olunmamış və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müddəalarında nəzərdə tutulan şəxslər kateqoriyasına aid olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddianın təmin olunması üçün hüquqi əsas yoxdur. MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı istifadə hüququnun tanınması və evə köçürülməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar