Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3249/2020 15.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun sahibliyində olan Gəncə şəhəri, Kəpəz rayonu, Dəmiryol Kazarma 181 km ünvanda yerləşən mənzildən istfiadə hüququna xitam verilməklə mənzildən pasport qeydiyyatından çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışlar ki, Gəncə şəhəri, Dəmiryol Kazarma, 181 km ünvanında yerləşən 16 m2 sahəsi olan 1 otaqdan ibarət mənzil 1968-ci ildə sabiq əri X4 verilmişdir. O həmin mənzilə 1976-cı ildə köçmüşdür. Həmin vaxtdan mənzildə əri Mustafayev Vəli və onun ailə üzvləri olaraq, o və iki övladı yaşamışdılar. 1992-ci ilin iyul ayında X6 ilə aralarında olan nikah pozulduqdan sonra X6 mənzildən köçmüşdür. Bundan sonra mənzilin şəxsi hesab vərəqəsi onun adına keçmiş və hal-hazıradək mənzil onun sahibliyindədir. Qızı Aynurə Cavabdeh ilə ailə qurmuş və 2007-ci ilin yanvar ayında Cavabdeh onun razılığı ilə mənzilə pasport qeydiyyatına düşmüşdür. 2017-ci ildən etibarən cavabdehlə qızı Aynurə arasında ailə münasibətləri pozulmuş, cavabdeh mənzildən köçüb getmişdir. 3 ildən artıq müddətdir ki, cavabdeh onun sahibliyində olan mənzildə yaşamır. Caavabdehin onun mənzilinə ehtiyacı yoxdur. Buna baxmayaraq cavabdeh hələ də mənzildə pasport qeydiyyatındadır.Cavabdehin onun mənzilində qeydiyyatda olmasına görə o əlavə kommunal xərclər ödəyir. Cavabdeh könüllü olaraq mənzildən pasport qeydiyyatından çıxmadığına görə o hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək bildirdi ki, o, iddiaçı ilə qonşudur. İş üzrə cavabdeh iddiaçının keçmiş kürəkənidir. Cavabdehin mübahisəli mənzilə mütəmadi olaraq gedib-gəldiyinin şahidi olmuşdur. Sonuncu dəfə isə cavabdehi 3-4 gün əvvəl sözügedən mənzilə gəldiyinin şahidi olmuşdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş X5 digər şahid X1 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iddiaçının izahatını və şahidlərin ifadələrini dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə olunmuş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə İddiaçı arasında bağlanmış nikah xx xxxx 1992-ci il tarixdə pozulmuşdur, nikah pozulduqdan sonra kişiyə Mustafayev, qadına Hüseynova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli şəxsi hesabdan çıxarışdan məlum olur ki, Gəncə şəhəri, Kəpəz rayonu, Dəmiryol Kazarma 181 km ünvanda yerləşən mənzilinin kirayəçisi İddiaçıdır və ailə üzvləri kimi X7, X12, X8, X10 və Cavabdeh qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(043)-2526/2019 saylı qətaməsinin surətindən görünür ki, Cavabdeh ilə X7 arasında xx.xx.2007-ci il tarixli 338 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2007-ci il təvəllüdlü X12, xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2013-cü il təvəllüdlü X8 anaları X3 yanında qalmaları qət edilmişdir. Mübahisəli hüquq münasibətləri iddiaçının qızı ilə cavabdeh nikaha daxil olduqdan sonra cavabdehin iddiaçının kirayəçisi olduğu mənzilə köçməsindən sonra, yəni 2007-ci ildən yaranmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx xxxx 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə zəruri olaraq qeyd edir ki, iddiaçı mübahisəli mənzilin formal baxımdan mülkiyyətçisi olmasa da onun statusu mülkiyyətçi statusuna bərabər tutulmalıdır. Belə ki, mübahisəli mənzil dövlət mənzil fonduna aid olmaqla onun kirayəçisi iddiaçıdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarnın, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Axverdiyeva Azərbaycana qarşı” işi üzrə xx xxxxxx 2015-ci il tarixli qərarında (76254/11 №-li ərizə) məhkəmə qeyd edir ki, “1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Qeyd olunan normaların tələbi baxımından iddiaçının uzun illərdir ki sosial kirayə müqaviləsi əsasında sahiblik və istifadəsində olan mənzili özəlləşdirmək üçün qanuni əsasları və beləliklə həmin mənzili mülkiyyət hüququ əsasında əldə etmək üçün qanuni gözləntisi vardır. Buna uyğun olaraq və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2001ci il tarixli qərarındakı hüquqi mövqeyə əsasən mübahisə hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin tələbləri çərçivəsində həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsində istifadə hüququnun yaranması üçün iki fərqli qayda təsbit olunmuşdur. Şərti olaraq bunları müqavilə əsasında yaranan istifadə hüququ və ailə-hüquq münasibətləri əsasında yaranan istifadə hüququ adlandırmaq olar. Müqavilə əsasında yaranan istifadə hüququ Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Ailə-hüquq münasibətləri əsasında yaranan istifadə hüququ isə Mülki Məcəllənin 228.5-ci maddəsində təsbit edilmişdir. Həmin maddəyə əsasən aşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. İddiaçı ilə cavabdeh arasında istifadə hüququ ilə bağlı hər hansı yazılı razılaşma olmadığından müqavilə əsasında istifadə hüququnun yaranması istisna olunur. Cavabdeh iddiaçının qızının keçmiş əri olsa da ailə-hüquq münasibətləri əsasında istifadə hüququ əldə etməsi üçün də əsas yoxdur. Çünki, Mülki Məcəllənin 228.5-ci maddəsində mülkiyyətçinin onunla birgə yaşamaqla yaşayış sahəsindən istifadə hüququ əldə edən ailə üzvlərinin konkret olaraq onun əri (arvadı), valideynləri və uşaqları olduğu göstərilmişdir. Cavabdeh həmin şəxslərə aid olmadığından yaşayış sahəsindən bu əsasla da istifadə hüququ əldə etməmiş, cavabdehin mənzildə yaşamasının yeganə əsası iddiaçının buna verdiyi şifahi razılıq olmuşdur. Beləliklə iddiaçı cavabdehin ona məxsus mənzildən istifadə hüququna xitam verilməsini və mənzildən pasport qeydiyyatından çıxarılmasını tələb etsə də, faktiki olaraq cavabdehin həmin evdən ümumiyyətlə istifadə hüququnun olmadığı müəyyən edildiyindən olmayan hüquqa xitam verilməsi barədə iddia təmin edilə bilməz. İddiaçı hazırkı iddiasını cavabdehin pasport qeydiyyatında qalmasını istəməməsi ilə əlaqələndirmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinin 1-ci hissəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Cavabdehin iddiaçıya məxsus evdən istifadə hüququ olmadığından və o, həmin evdə yaşamadığından iddiaçı cavabdehin ona məxsus evdən pasport qeydiyyatından çıxarılması üçün pasport qeydiyyatını aparan icra hakimiyyəti orqanına müraciət etməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-3249/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3249/2020
15.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver