Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3252/2020 17.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Nümayəndə, cavabdehlərlər Cavabdeh1 və X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı “evə köçürülmə və evdən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsinin üzərində yerləşən evə köçürülməsi, həmin evdən cavabdehlərin və onlara məxsus əşyaların çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi mülkiyyət hüququ üzrə ona məxsusdur. Cavabdehlərdən Cavabdeh1 onun qohumu, X3 isə Cavabdeh1 həyat yoldaşıdır. Hazırda o, mülkiyyətində olan torpaq sahəsində yerləşən evdən istifadə edə bilmir. Cavabdehlər heç bir əsas olmadan onu və digər qohumlarını həmin evə buraxmırlar. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, ünvan 1 ünvanda yerləşən 0,04 ha torpaq sahəsi və üzərindəki bağ evini onun anası 2016-cı ildə almışdır. Evi aldıqdan sonra təmir etdirmişlər. Cavabdeh1 onun bacısının oğludur. Cavabdeh1 Xatirə Cəfərova ilə ailə qurduqdan sonra onun ailəsi ilə birlikdə müvəqqəti olaraq həmin evdə yaşamasına razılıq vermişlər. 2018-ci ildə cavabdehlər anasının şifahi razılığı əsasında həmin evə köçmüşdür. 2020-ci ildə anası əmlakı ona bağışlamışdır. Hazırda torpaq sahəsi və ev onun xüsusi mülkiyyətindədir. Sonradan cavabdehlərlə aralarında mübahisə yarandığından cavabdehlərdən evi tərk etmələrini istəmişdir. Cavabdehlər isə könüllü olaraq evi tərk etmədiklərindən məhkəmədə iddia qaldırmalı olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirdi ki, cavabdehlərin mübahisəli torpaq sahəsi və üzərindəki fərdi yaşayış evindən istifadə hüquqları yoxdur. Onlar yalnız mülkiyyətçinin şifahi razılığı əsasında həmin evdə məskunlaşmışdır. Hazırda mülkiyyətçinin özünün fərdi yaşayış evinə ehtiyacı olduğu üçün cavabdehlərin oradan çıxarılmasını tələb edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirdi ki, mübahisəli torpaq sahəsi əvvəlcə nənəsi Minayəyə məxsus olmuşdur. Həmin torpaq sahəsinin üzərindəki ev də nənəsi tərəfindən tikilmişdir. O, ailə qurduqdan sonra nənəsi həmin evi şifahi olaraq ona hədiyyə etdiyini bildirmişdir. O da ailəsi ilə birlikdə həmin evdə yaşamışdır. Sonradan anası ilə aralarında mübahisə yaranmışdır. Nənəsi də bu mübahisədə anasının tərəfini tutaraq onu və ailəsini evdən çıxarmaq üçün torpaq sahəsini digər qızına, yəni indiki iddiaçıya bağışlamışdır. Hesab edir ki, iddia tələbi əsassızdır. Məhkəmə iclasında iştirak edən cavabdeh X3 digər cavabdehlə eyni məzmunlu izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan **********53-11301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsi, Mübariz Vəliyev küçəsi, 10 ünvanda yerləşən bağ evi və 0,04 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır; Məhkəmə iddia tələbinin hüquqi əsası kimi mülkiyyət hüququ ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə baxışında müəyyən edilmişdir ki, iddiaçı Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsi, Mübariz Vəliyev küçəsi, 10 ünvanda yerləşən bağ evi və 0,04 ha torpaq sahəsinin mülkiyyətçisidir. Cavabdeh1 onun bacısı oğlu, Xatirə Cəfərova isə Cavabdeh1 həyat yoldaşıdır. Tərəflər arasında mübahisəli evdən istifadə hüququ ilə bağlı yazılı razılaşma mövcud deyildir. Cavabdehlər torpaq sahəsinin keçmiş mülkiyyətçisinin (Cavabdeh1 nənəsinin) şifahi razılığı əsasında 2018-ci ildən həmin evdə yaşayırlar. Hazırda iddiaçı cavabdehlərin həmin evdə yaşamasını istəmədiyini əsas gətirərək cavabdehlərin evdən çıxmasını tələb edir. İddiaçı evin mülkiyyətçisi olduğundan həmin tələbi irəli sürməsinə hər hansı maneə yoxdur. İddianın təmin olunmasına mane olan hal kimi cavabdehlərin yaşayış sahəsindən istifadə hüququnun olub-olmaması yoxlanılmalıdır. Mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə (2018-ci il) yaşayış sahəsindən istifadə hüququnun yaranması ilə bağlı məsələlər Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsi ilə tənzimlənmişdir. Buna görə də tərəflər arasındakı mübahisəli hüquq münasibətlərinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri baxımından qiymət verilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-сi maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir; Azərbaycan Respublikasının Ailə Məcəlləsinin “Ailənin başqa üzvlərinin aliment öhdəlikləri” adlı 15-ci fəslinə uyğun olaraq isə yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər qismində qardaş və bacılar, nənə və babalar, nəvələr, ögey oğul və ögey qızlar və faktiki tərbiyəçilər çıxış edir. Cavabdehlər göstərilən normaların tələbi baxımından ailə-hüquq münasibətlərinə uyğun olaraq iddiaçıdan özünün saxlanmasını tələb etmək hüququna malik olmadığından və cavabdehlərlə iddiaçının arasında istifadə hüququnun yaranması ilə bağlı notarial qaydada təsdiq edilmiş yazılı razılaşma olmadığından iddiaçının tələbi təmin edilməli, cavabdehlər və onlara məxsus əşyalar iddiaçıya məxsus evdən çıxarılmalıdır. Eyni zamanda mülkiyyətçinin öz əmlakından sərbəst surətdə istifadə etmək və ona sahiblik etmək hüquqlarının təmin edilməsi baxımından iddiaçının mübahisəli bağ evinə köçürülmə tələbi də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı ünvan 1 ünvanda yerləşən 0,04 ha torpaq sahəsinin üzərindəki bağ evinə köçürülsün. Cavabdehlər Cavabdeh1 və X3 İddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanda yerləşən 0,04 ha torpaq sahəsi və üzərindəki bağ evindən onlara məxsus əşyalarla birlikdə çıxarılsın. Qətnamədən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-3252/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3252/2020
17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver