Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-326/2021 29.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus torpaq sahəsinin cənub hissəsində yerləşən aralarında düz sərhəddə qeyri-qanuni yolla inşa etdirdiyi əl damı və hamam tikililərinin cavabdehin öz hesabına sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən 6 sot torpaq üzərində 4 otaqlı ev ona məxsusdur. Bu ev ona və ailəsinə dövlət tərəfindən məcburi köçkün olduqları üçün verilmişdir. Həmin evdə o, həyat yoldaşı və yetkinlik yaşına çatmamış 4 övladı ilə birlikdə yaşayırlar. Cavabdehin yaşadığı ev də, onun ailəsinə verildiyi kimi eyni vaxtda dövlət tərəfindən məcburi köçkünlər üçün verilən evdir. Ona məxsus 6 sot həyətyani torpaq sahəsinin 1 tərəfi, yəni cənub hissəsi cavabdehə məxsus evin həyəti ilə sərhəddir. Cavabdeh onun və ailəsinin əlil, kimsəsiz, və köməksiz olduğundan istifadə edərək onların həyətyanı torpaq sahəsinin cənub hissəsində olan sərhəddə memarlıq və şəhərsalma qanununa zidd olaraq əl damı və hamam inşa etdirmişdir. Cavabeh sözü gedən tikililəri inşa etdirəndə onu aldadaraq demişdir ki, o, arada olan sərhəddə divar hördürür. Lakin, daha sonra məlum oldu ki, cavabdeh onu aldadaraq divar yox, kubik daşları ilə əl damı və hamam inşa etdirir. Onların ev sakinlərinə təmiz hava ilə havalandırılmasına və günəş şüasına daha çox ehtiyacları var. Odur ki, dözülməz həddə çatdığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia əizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında bildirdi ki, onun tərəfindən tikilmiş sözügedən tikililər iddiaçının yaşadığı evə hər hansı formada zərər vurmur. İddiaçı hazırki iddia ərizəsini aralarında olan mübahisəli vəziyyətə görə qərəzli olaraq irəli sürmüşdür. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Qaşqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Gəncə şəhəri MKİS tərəfindən 20.08.2019-cu il tarixli 268 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən Gəncə şəhəri, Kəpəz rayonu, 600 evlik Yeni Qəsəbə 2, 15-ci küçədə yerləşən 268 saylı ümumi sahəsi 77,84 kv.m olan yaşayış evi İddiaçı istifadəsinə verilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Qaşqınların və X1 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Gəncə şəhəri MKİS tərəfindən 12.06.2015-ci il tarixli 266 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən Gəncə şəhəri, Kəpəz rayonu, 600 evlik Yeni Qəsəbə 2, 15-ci küçədə yerləşən 266 saylı ümumi sahəsi 63,03 kv.m olan yaşayış evi Cavabdeh Əlaslan oğlunun istifadəsinə verilmişdir. Məhkəmə iclasında tərəflərin izahatları ilə müəyyən olundu ki, Gəncə şəhəri, Kəpəz rayonu, 600 evlik Yeni Qəsəbə 2, 15-ci küçədə yerləşən 266 saylı yaşayış evi Cavabdeh, həmin küçədə yerləşən 268 saylı fərdi yaşayış evi isə İddiaçı istifadəsinə verilmişdir və onların fərdi yaşayış evlərinin yerləşdiyi torpaq sahələri arasında sərhəd hasarı mövcuddur. Hazırda iddiaçı onun istifadəsində olan yaşayış evinin işıqlandırılmasına və havalandırılmasına maneçilik törətməsinə isnad edərək torpaq sahəsinin hasarına bitişik şəkildə cavabdeh tərəfindən tikilmiş tikililərin (əl damı və hamam) sökülməsini tələb edir. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə baxılarkən, ilk öncə iddiaçının bu iddia tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmaması müəyyən edilməlidir. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 2-ci maddəsinə əsasən xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütəmadi atəş altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslər bu qanunun məqsədləri üçün məcburi köçkün hesab olunurlar. 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4 cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı onun qanuni istifadəsində olan yaşayış evinin yerləşdiyi torpaq sahəsinin hasarına cavabdeh tərəfindən bitişik tikilmiş tikililərin sökülməsi tələbini irəli sürmək üçün subyektiv hüquqa malikdir. Tələbinin əsası kimi iddiaçının istinad etdiyi halların mövcud olub-olmadığını müəyyən etmək üçün xüsusi bilik tələb olunan bir sıra suallara cavab verilməsi zərurəti yarandığından məhkəmənin 11 mart 2021-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə-tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında İddiaçı istifadəsində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin hasarına bitişik şəkildə Cavabdeh tərəfindən inşa edilmiş tikililərin tikinti norma və qaydalarına uyğun olub-olmaması, həmin tikililərin İddiaçı istifadəsində olan torpaq sahəsinə və fərdi yaşayış evinə hər hansı formada zərər vurub-vurmaması barədə suallar qoyulmuşdur. İş üzrə keçirilmiş məhkəmə-tikinti-texniki ekspertizasının 21 may 2021-ci il tarixli 10/1401 nömrəli rəyindən görünür ki, iddiaçıya məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin hasarına bitişik vəziyyətdə cavəbdeh tərəfindən inşa edilmiş 3,0 m enində 4,60 m uzunluğunda və 4,30 m enində 4,60 m uzunluğunda və 3,0 m hündürlüyündə olan tikilinin İnşaası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının» 4.1. və 4.2. bəndlərində uyğun inşa olunmadığından norma və qaydalarına uyğun olunmadığı müəyyən edilir. Cavabdeh Ələstan oğlu tərəfindən inşa edilmiş 3,0m enində 4,60m uzunluğunda və 4,30 m enində 4,60 m uzunluğunda və 3,0 m hündürlüyündə olan tikillər özünə məxsus torpaq sahəsinin hüdudları daxilində inşa olunduğunu və İddiaçı fərdi yaşayış evindən aralı məsafədə inşa olunduğunu nəzərə alaraq, həmin tikililərin hər hansı formada iddiaçıya zərər vurmadığı müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli, 160 №li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1-ci bəndində göstərilir ki, (bina və qurğularda genişləndirmə, yenidən planlaşdırma və yenidənqurma işlərinin təşkili) sifarişçi, mülkiyyət sahibi və ya icarədar, ilk növbədə mövcud obyektdə ediləcək dəyişikliklərin məzmunu və məqsədi barədə şəhər (rayon) icra hakimiyyətinə müraciət etməlidir. Bu müraciətə Azərdövləttikintikomun qərarı ilə təsdiq olunmuş formada təqdimat əlavə edilməlidir. Müraciətə yerli icra hakimiyyəti tərəfindən təyin edilmiş və mütəxəssislərdən ibarət komissiya baxmalı və nəticəsi barədə texniki rəy verməlidir. Qaydaların 4.2-ci bəndində isə göstərilir ki, şəhər (rayon) icra hakimiyyətinin müvafiq memarlıq-tikinti xidməti mövcud obyektdə dəyişikliklərin eskiz çizgilərini nəzərdən keçirməli və bu barədə öz rəyini yerli icra hakimiyyətinin rəhbərliyinə bildirməlidir. Azərbaycan Republikası MPM-in 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Belə ki, ekspert rəyindən göründüyü kimi, cavabdeh tərəfindən qeyd edilən tikilər inşa edilərkən «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının» 4.1. və 4.2. bəndləri pozulmuş olsa da, həmin tikililər iddiaçının istifadəsində olan fərdi yaşayış evinə hər hansı formada zərər vurmur. Göründüyü kimi, İddiaçı iddia tələbinin əsası kimi isnad etdiyi hallar, yəni cavabdeh tərəfindən hasara bitişik şəkildə inşa edilmiş tikililərin onun evinin havalandırılmasının və işıqlandırılmasının qarşısını alması məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin əsaslı olması məhkəmə iclasında öz təsdiqini tapmadığından, İddiaçı Cavabdeh qarşı «tikilinin sökülməsi» tələbinə dair iddiası təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 100 manat pul iddiaçıdan tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “tikilinin sökülməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ41NABZ********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-326/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-326/2021
29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver