Məhkəmə qərarları › İş №2(043)-3310/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3310/2020

24.11.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3310/2020 24.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun vəkili X1, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “cavabdehin mənzildən əşyaları ilə birlikdə çıxarılması” tələbinə dair ilk iddiası, iddiaçı Cavabdeh İddiaçı qarşı “istifadə hüququnun daimi olaraq saxlanılması” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən 18 saylı mənzildən cavabdehin əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı iddia irəli sürərək ünvan 1 ünvanda yerləşən 18 saylı mənzildən istifadə hüququnun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək ünvan 1 ünvanda yerləşən 18 saylı mənzildən uşaqları ilə birlikdə daimi olaraq istifadə hüququnun təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanda yerləşən 18 saylı mənzili 2006-cı ildə almışdır. Cavabdehlə 2013-cü ildə nikaha daxil olmuş və cavabdeh həmin mənzilə köçmüşdür. Cavabdehlə aralarında olan nikah pozulduğundan onun həmin mənzildə yaşaması mümkün deyildir. Cavabdehlə aralarında olan nikahın pozulmasına səbəb cavabdehin xəyanəti olmuşdur. Daha əvvəl məhkəməyə cavabdehin mənzildən çıxarılması tələbi ilə müraciət etmiş, lakin həmin vaxt nikahları hələ pozulmadığından məhkəmə iddianı rədd etmişdir. Hazırda cavabdehlə aralarında ailə münasibətlərinə xitam verildiyindən iddiası təmin edilməlidir. Cavabdehin gələcəkdə də onun mülkiyyətində olan mənzildə yaşaması pis fəsadlara gətirib çıxara bilər. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə İddiaçı iddia tələbinə artıq Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsində baxılmış və iddia rədd edilmişdir. Bundan başqa onların nikahdan iki uşaqları var. Ata ona məxsus əmlakdan öz uşaqlarının istifadə hüquqlarının itirilməsini tələb edirsə onda uşaqları harada yaşayacaqdır. Nikahları pozulsa da doğma uşaqlarının atalarına məxsus mənzildən çıxarılmaları yolverilməzdir. Uşaqların yetkinlik yaşına çatanadək onun yanında saxlanılmasını dair mövcud qətnamə olduğundan onun da uşaqlarla birlikdə mənzildən istifadə etmək hüququ yaranmış olur. Əks təqdirdə uşaqlarla birlikdə yaşayış yerləri olmadığından mənzildən istifadə hüququ və ya kompensasiya almaq hüququ vardır. İddiaçı qarşılıqlı iddiaya yazılı etiraz verərək qarşılıqlı iddianı qəbul etmədiyini göstərmiş və bildirmişdir ki, onun cavabdehin mənzildən çıxarılması barədə iddiasını rədd etmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsində iddianın rədd edilməsinin əsası kimi cavabdehlə həmin vaxt nikahda olmaları göstərilmişdir. Hazırda cavabdehlə nikahları pozulduğundan iddia artıq yeni hüquqi əsasla verilmişdir. Cavabdeh ilə aralarında mənzildən istifadə ilə bağlı hər hansı yazılı razılaşma yoxdur, onunla olan ailə münasibətlərinə artıq xitam verilmişdir. Məhkəmə iclasında İddiaçı ilk iddianın və qarşılıqlı iddiaya etirazın məzmununa uyğun izahat verərək ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçının vəkili X3 cavabdehin valideynlərinin iki evinin olduğunu, cavabdehin həmin evlərdən birində yaşamaq imkanının olduğunu bildirərək ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh qarşılıqlı iddianın məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, valideynlərinin yaşadığı həyətdə iki yaşayış evi olsa da onlardan biri təmirsiz olduğundan yaşamaq üçün əlverişli vəziyyətdə deyildir və istifadə olunmur. Digər evdə isə valideynləri, qardaşı və qardaşının ailə üzvləri birlikdə yaşayırlar. Bir neçə günlük valideynlərinin evinə getdikdə belə ev darisqal olduğundan orada qalmaları çətin olur. Hazırda mübahisəli mənzildən başqa yaşamağa yeri yoxdur. Buna görə də uşaqlarının mənafeyini nəzərə alaraq ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, ilk iddia təmin edilməli, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə şəhər Ərazi İdarəsindən verilmiş xx.xx.2007-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən 18 nömrəli mənzil tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-286/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı ünvan 2 ünvanda yerləşən 18 nömrəli mənzildən cavabdehin əşyaları ilə birlikdə çıxarılması tələbinə dair iddiası rədd edilmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki, tərəflər arasında nikah pozulmadığından Cavabdeh İddiaçı ailə üzvü hesab olunur və mənzildən onunla birlikdə istifadə etmək hüququna malikdir. İş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-287/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh xx.xx.2013cü il tarixdə Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat Şöbəsində 277 nömrə ilə qeyd edilmiş nikahı pozulmuş, nikah pozulduqdan sonra tərəflərin nikahından doğulmuş xx xxxx 2007-ci il təvəllüdlü X2 və xx xxxxxxx 2011-ci il təvəllüdlü X4 anaları Cavabdeh yanında saxlanılmışdır. Məhkəmə ilk növbədə Cavabdeh eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair qanuni qüvvəyə minmiş qətnamənin olması barədə dəlilinə münasibətdə qeyd edir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qətnaməsində iddianın rədd edilməsinin əsası kimi tərəflərin həmin vaxt nikahda olmaları göstərilmişdir. Hazırda tərəflərin nikahı pozulduğundan hazırkı iddianın verilməsi üçün əsas da dəyişmişdir. Buna görə də hazırkı mübahisə eyni tərəflər arasında və eyni predmeti barəsində olsa da fərqli əsasla verilmiş olduğundan ilk iddia mümkün hesab edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər xx.xx.2013cü ildə nikaha daxil olmuş, bundan sonra Cavabdeh İddiaçı məxsus olan mübahisəli mənzilə köçmüşdür. Tərəflərin nikahından iki uşaqları doğulmuş, xx.xx.2020-ci il tarixdə onların nikahı məhkəmə qaydasında pozulmuş və uşaqlar Cavabdeh yanında saxlanılmışdır. Beləliklə, müəyyən edilir ki, mənzillə bağlı mübahisəli hüquq münasibətləri 2013-cü ildə yaranmışdır. Cavabdeh mübahisəli mənzilə İddiaçı ailə üzvü kimi köçmüşdür. Tərəflər arasında mənzildən istifadə ilə bağlı hər hansı yazılı razılaşma mövcud deyildir və iddiaçının istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə hər hansı məlumat yoxdur. Buna görə də mübahisəli hüquq münasibətlərinə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tətbiq edilməsi istisna olunur. Tərəflər arasındakı hüquq münasibətləri x xxxxxxx 2009-cu il tarixdən sonra yarandığından hüquq münasibətlərinə Mülki Məcəllənin 228.5-ci maddəsi də tətbiq edilmir və bu mübahisə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun x xxxxxxx 2013-cü il tarixli qərarına əsasən x xxxxxxx 2009-cu ildən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən həll edilməlidir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Tərəflərin nikahı Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Beləliklə, tərəflərin nikahının pozulması haqqında xx.xx.2020-ci il tarixli qətnamə xx xxxx 2020-ci il tarixdə qüvvəyə minmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 23.1-ci maddəsinə əsasən nikah müvafiq icra hakimiyyəti orqanında pozulduqda pozulmanın dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır. Buna uyğun olaraq tərəflər arasında ailə münasibətlərinə xx xxxx 2020-ci il tarixdən xitam verilmişdir. İlk iddia üzrə iddiaçı artıq Cavabdeh ilə ailə münasibətlərinə xitam verilməsi nəticəsində onun mənzildən istifadə hüququna da xitam verildiyini əsas gətirərək Cavabdeh mənzildən çıxarılmasını tələb edir. Məhkəmə ilk iddia ilə bağlı qeyd edir ki, iddia əsaslıdır. Belə ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ailə münasibətlərinə xitam verilməsinin istifadə hüququna xitam verilməsinə səbəb olduğunu müəyyən etmişdir. Buna görə də ilk iddia təmin edilməlidir. Bununla yanaşı qarşılıqlı iddia üzrə iddiaçı uşaqların atalarına məxsus mənzildən istifadə hüquqlarının olmasını və məhkəmə qətnaməsi əsasında uşaqların onun yanında saxlanmasını nəzərə alaraq onun həmin mənzildən daimi olaraq istifadə hüququnun saxlanmasını xahiş etmişdir. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində istifadə hüququnun müəyyən müddət üçün saxlanması imkanı nəzərdə tutulmuşdur. Burada müəyyən müddət ifadəsi aşkar surətdə məhdud zaman kəsiyini ifadə edir və heç bir halda daimi istifadə hüququnu nəzərdə tutmur. Mülkiyyətçinin öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüquqları olduğundan mülkiyyət hüququna hər hansı əsassız müdaxilə yolverilməzdir. Bu baxımdan istifadə hüququnun saxlanılması mütləq olaraq müəyyən zaman kəsiyində olmalı, bu zaman tərəflərin hər ikisinin mənafeyi arasında tarazlıq gözlənilməli, xüsusilə mülkiyyətçinin hüquqlarının həddən artıq məhdudlaşdırılmasına yol verilməməlidir. Qarşılıqlı iddianın tərəflərin nikahından doğulmuş uşaqların mənzildən istifadə hüquqlarının olması və uşaqların Cavabdeh yanında saxlanması nəticəsində uşaqlarla birlikdə onun da mənzildən istifadə etmək hüququnun olması dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, qanunvericilkdə on dörd yaşına çatmamış uşaqların yaşayış yerinin valideynin yaşayış yeri olması göstərilmişdir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.4-cü maddəsi). Hazırkı mübahisə baxımından uşaqlar Cavabdeh yanında saxlanıldığından uşaqların yaşayış yeri Cavabdeh yox, əksinə Cavabdeh yaşayacağı yer uşaqların yaşayış yeri hesab olunacaqdır. Məhkəmə tərəflərin nikahda olduqları müddəti, nikahlarından iki yetkinlik yaşına çatmamış uşaqlarının olmasını və həmin uşaqların Cavabdeh yanında qalmasını, Cavabdeh başqa yaşayış sahəsi ilə təmin olunması üçün vaxt tələb olunmasını nəzərə alaraq, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən keçmiş ailə üzvü kimi Cavabdeh mübahisəli mənzildən istifadə hüququnun müəyyən müddət üçün saxlanılmasını zəruri hesab edir. Məhkəmə tərəflərin maddi vəziyyətini və işin tədqiq edilmiş hallarını əsas götürərək həmin müddətin iki il müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində istifadə hüququnun verilməsindən yox, mövcud hüququn saxlanılmasından söhbət getdiyindən bu müddətin başlanğıcı istifadə hüququna xitam verildiyi tarixdən, yəni tərəflərin ailə münasibətlərinə xitam verildiyi xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, qətnamənin icrası zamanı anlaşılmazlığın yaranmaması üçün qətnamənin icrası vaxtını göstərməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, Cavabdeh mübahisəli mənzildən istifadə hüququ iki il müddətinə saxlanıldığından qətnamə ilk iddianın təmin edilməsi hissəsində, yəni ünvan 2 ünvanda yerləşən 18 nömrəli mənzildən Cavabdeh əşyaları ilə birlikdə çıxarılması hissəsində Cavabdeh həmin mənzildən istifadə hüququnun saxlanıldığı müddət başa çatdıqdan sonra, yəni xx xxxx 2022-ci il tarixdən icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İlk iddia təmin edilsin. Cavabdeh ünvan 2 ünvanda yerləşən 18 nömrəli mənzildən əşyaları ilə birlikdə çıxarılsın. Qarşılıqlı iddia qismən təmin edilsin. Cavabdeh ünvan 2 ünvanda yerləşən 18 nömrəli mənzildən istifadə hüququ, həmin hüquqa xitam verilməli olduğu xx xxxx 2020-ci il tarixdən etibarən iki il müddətinə saxlanılsın. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Cavabdeh ünvan 2 ünvanda yerləşən 18 nömrəli mənzildən əşyaları ilə birlikdə çıxarılması hissəsində qətnamə, Cavabdeh həmin mənzildən istifadə hüququnun saxlanıldığı müddət başa çatdıqdan sonra, yəni xx xxxx 2022-ci il tarixdən icra edilsin. Qətnamədən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar