Məhkəmə qərarları › İş №2(043)-332/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-332/2021

25.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-332/2021 25.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Ağamirova Cavabdeh qarşı “evdən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı cavabdeh Ağamirova Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Ağamirova Cavabdeh ona məxsus olan ünvan 1 ünvanından istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslanmışdır ki, ünvan 2 mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin mənzil ümumi sahəsi 90.8 kv.m-dən ibarətdir. Cavabdeh Ağamirova Cavabdeh onun gəlini olmuşdur. O, Ağamirova Cavabdeh ona məxsus olan ünvan 1 ünvanından qeydiyyatdan çıxmasını tələb etsə də lakin, o, müəyyən bəhanələr gətirərək qeydiyyatdan çıxmır. Hazırda cavabdeh onun mülkiyyət hüququnu pozur, sərəncam vermək və digər hüquqlarını məhdudlaşdırır. O cavabdehi mülkiyyətində olan ünvan 2 ünvanından pasport qeydiyyatından çıxarmaq üçün Gəncə şəhər Baş polis İdarəsinə müraciət etmiş, lakin ona imtina edilmişdir. Cavabdeh faktiki olaraq onun evində yaşamasa da, formal olaraq onun evində qeydiyyatda durur. Cavabdeh evində qeydiyyatda durduğuna görə o məcbur olub kommunal xidmətlərə görə artıq pul ödəməli olur. Lakin, bir halda ki, cavabdeh onun evində yaşamır, bacısının onun evində qeydiyyatda olması qanuna uyğun deyildir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, Ağamirova Cavabdeh onun gəlini olmuş və oğlu ilə xx.xx.2010-cu ildə evlənmiş, təxminən 6 il onlarla birgə yaşamış, daha sonra isə cavabdehin onun oğlu ilə olan nikahı xx.xx.2016-cı ildə məhkəmə qaydasında pozulmuş və həmin vaxtdan ona məxsus olan mənzildən əşyalarını götürüb getmişdir. Cavabdeh evində qeydiyyatda durduğuna görə o məcbur olub kommunal xidmətlərə görə artıq pul ödəməli olur. Odur ki, o məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədən iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X2 ifadə verərək bildirdi ki, 40 ildir iddiaçının qonşuluğunda yaşayır. Hal-hazırda İddiaçı oğlu ilə birlikdə Kəpəz rayonu, Azərbaycan küçəsi, 5-ci döngə, ev 2 ünvanında yaşayır. Ağamirova Cavabdeh iddiaçının keçmiş gəlini olub və sonra iddiaçının oğlu ilə nikahları pozulub. Nikah pozulduqdan sonra Ağamirova Cavabdeh cehiz əşyalarını gəlib yük maşını ilə həmin evdən apardığını görmüşdür, təxminən altı il olar Ağamirova Cavabdeh Kəpəz rayonu, Azərbaycan küçəsi, 5-ci döngə, ev 2 ünvanında yaşamır və onu görməmişdir. Cavabdeh Ağamirova Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, lakin o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını və şahidi dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, hazırkı işə mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Məhkəmə qeyd edir ki, “iş məhkəmədə baxılmalı deyildir” müddəası həm də şəxsin hüququnun və ya qanunla qorunan mənafeyinin pozuntusu ilə müşayiət olunan mübahisənin yoxluğunu ehtiva edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair qərarı ilə aşağıdakılar müəyyən edilmişdir;

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İddiaçının tələbindən görünür ki, Ağamirova Cavabdeh İddiaçı mülkiyyətində olan mənzildə qeydiyyatdadır, lakin cavabdeh qeyd edilən mənzildə 6 ildən çoxdur yaşamır. Cavabdeh iddiaçı ilə qohumluq münasibətlərində (ailə üzvü) deyildir. İddiaçı cavabdehin istifadə hüququnun olmamasına istinad edərək onun istifadə hüququnun itirilməsi tələbini irəli sürmüşdür. Mövcud olmayan hüququn itirilməsi isə məhkəmə baxışın predmeti ola bilməz. İddiaçının cavabdehin pasport qeydiyyatından çıxarılması üçün pasport qeydiyyatını həyata keçirən inzibati orqana, inzibati orqan bundan imtina etdikdə isə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Ağamirova Cavabdeh qarşı “evdən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya cavabdehin pasport qeydiyyatından çıxarılması üçün pasport qeydiyyatını həyata keçirən inzibati orqana, inzibati orqan bundan imtina etdikdə isə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar