Məhkəmə qərarları › İş №2(043)-3376/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3376/2021

12.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3376/2021 12.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 İlqar oğluna qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 İlqar oğlunun Gəncə şəhəri, Kəpəz rayonu, X2 küçəsi, ev 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının itirilməsinə dair barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Kəpəz rayonu, X2 küçəsi, ev-1 saylı fərdi yaşayış evi iddiaçı olaraq o, alqı-satqı müqaviləsi yolu ilə 19.05.2021-ci il tarixdə almışdır. Fərdi yaşayış evində o və ailəsi yaşayır. Cavabdehlər fərdi yaşayış evinin keçmiş sakinləridir və cavabdehlər qeydiyyatda olduğu Kəpəz rayonu, X2 küçəsi, ev-1-də yaşamırlar. Cavabdehin ailə üzvləri ilə alqı-satqı müqaviləsi bağlayarkən fərdi yaşayış evindən qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdülər və cavabdehlərin ailə üzvləri həmin evi ona sataraq çıxmışlar. Fərdi yaşayış evi ona satıldıqdan sonra fərdi yaşayış evində cavabdehlər yaşamırlar. Lakin, bütün bunlara baxmayaraq indiyənə qədər onun evində pasport qeydiyyatındadırlar. Evin bütün komunal xərclərini iddiaçı olaraq o ödəyir. Cavabdehlərin evində qeydiyyatda qalması ona maddi cəhətdən ziyan vurduğundan o əlavə komunal xərcləri ödəmək məcburiyyətində qalır və evimə mülkiyyət hüquqlarımdan istifadə edə bilmir. Ona görə də cavabdehlər ona məxsus evdən istifadə hüququ itirilməlidir. Gəncə şəhər Kəpəz Rayon Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi bölməsinə cavabdehlərin qeydiyyatdan çıxarılması üçün şifahi müraciət etmiş, lakin ona bildiriblər ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq əmrinin tələblərinə uyğun olaraq vətəndaşların qeydiyyatdan çıxarılması şəxsin öz razılığı əsasında, əks halda məhkəmənin qərarı əsasında həyata keçirilir. Məhkəmə iclasında İddiaçı iddianın dəqiqləşməsi barədə ərizə təqdim edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, cavabdehlərin ona məxsus Gəncə şəhəri, Kəpəz rayonu, X2 küçəsi, ev 1 ünvanda yerləşən evdən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 İlqar oğlu məhkəmə baxışı iclasında iştirak etməmişlər. Cavabdehlərin faktiki olduqları yer məlum olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 19.05.2021-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 Gəncə şəhəri, Kəpəz rayonu, X2 küçəsi, ev 1-də yerləşən fərdi yaşayış evini alıcı İddiaçı satmışlar. Müqavilənin 8-ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad ev verməyi, müqavilənin 13-cü bəndində isə satıcılar 19.06.2021-ci il tarixinədək satdıqları evdən qeydiyyatdan çıxmağı öhdələrinə götürmüşlər. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, X2 küçəsi, ev 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir və bu barədə 02.06.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır. İş materiallarında olan “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, 17.03.1990-cı il təvəllüdlü Cavabdeh1, 20.04.1962-ci il təvəllüdlü Cavabdeh2, 03.07.2017-ci il təvəllüdlü Cavabdeh3 İlqar oğlu və 03.04.1989-cu il təvəllüdlü Cavabdeh4 Gəncə şəhəri, Kəpəz rayonu, X2 küçəsi ev 1 ünvanında qeydiyyatdadırlar. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, Gəncə şəhəri, Kəpəz rayonu, X2 küçəsi, ev 1 ünvanında yerləşən fərdi yaşayış evi 02.06.2021-ci il tarixdən iddiaçının mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 mənzilin əvvəlki paylı mülkiyyətçiləri olmuş, digər Cavabdeh3 İqbal oğlu isə mülkiyyətçlərdən birinin yetkinlik yaşına çatmayan uşağı kimi həmin evdə yaşamış və qeydiyyata alınmışdır. Cavabdehlərin hər biri iradəsini ifadə edib fərdi yaşayış evi üzərində mülkiyyət hüququnu yeni mülkiyyətçiyə verərkən mülkiyyət hüququnun hər üç elementini – sahiblik, istifadə və sərəncam hüquqlarını yeni mülkiyyətçiyə ötürmüş və evi tərk etmişdir. Həmçinin cavabdehlər alqı-satqı müqaviləsində mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşlər. Cavabdehlər qeyd olunan evdən köçsələr də, evdə pasport qeydiyyatında formal olaraq qalmışlar ki, bu da iddiaçının mülkiyyətində olan evə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Cavabdehlərin iddiaçının mülkiyyətində olan evdən pasport qeydiyyatında olması onun hüquqlarını məhdudlaşdırdığından, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Məhkəmə hesab edir ki, mülkiyyətçiyə heç bir aidiyyəti olmayan şəxsin ona məxsus evdə qeydiyyatda qalması iddiaçıya öz mülkiyyətindən istifadə hüququnu həyata keçirməyə mane olur. Cavabdehlərin evdən qeydiyyatdan çıxarılması üçün isə onların həmin evdən istifadə hüquqlarına məhkəmə qaydasında xitam verilməlidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, cavabdehlərin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 İlqar oğlunun Gəncə şəhəri, Kəpəz rayonu, X2 küçəsi, ev 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar