Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3395/2021 17.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Stanislav oğluna qarşı “ayrı şəxsi hesab açılması (ayrıca sosial kirayə müqaviləsi bağlanılması)” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Stanislav oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, 148A saylı evin 36-cı mənzilinin iki yaşayış otağına öz adlarına ayrıca şəxsi hesab açılması (ayrıca sosial kirayə müqaviləsi bağlanılması” barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar iddiasını onunla əsaslandırır ki, mübahisəli mənzil 23.08.1989-cu il tarixli orderlə onların atası X1 verilmişdir. Ataları 28.08.2020-ci il tarixdə vəfat etmişdir. Atası mənzili sağlığında ona vəsiyyət etmiş, lakin həmin mənzil mülkiyyətdə olmadığından vərəsəlik baş tutmamışdır. İddiaçı1 mənzilin şəxsi hesabının öz adına dəyişdirilməsi barədə ərizə versə də mənzildə yaşayanların hamısının, konkret isə qardaşı Cavabdeh Stanislav oğlunun razılığı olmadığı üçün ərizəsi təmin olunmamışdır. Tərəflər arasında mənzildən istifadə üstündə mütəmadi olaraq mübahisələr yarandığından mənzilin yaşayış otaqlarına ayrıca şəxsi hesabın açılması zərurəti yaranmışdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddiaya mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. İddiaçılar ayrıca sosial kirayə müqaviləsinin bağlanılması barədə tələbi qardaşları Cavabdeh Stanislav oğluna qarşı irəli sürmüş olsalar da faktiki olaraq bu tələb inzibati hüquq münasibətlərindən irəli gələn tələbdir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 59.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Göründüyü kimi sosial kirayə müqaviləsinin bir tərəfi həmişə dövlət və bələdiyyə orqanı, indiki halda konkret olaraq mənzili krayəyə vermək hüququ olan Gəncə şəhər İcra hakimiyyətidir. Bu baxımdan həmin mənzillə bağlı sosial kirayə müqaviləsini bağlamaq, dəyişdirmək, ləğv etmək və s. səlahiyyətlər də məhz həmin orqana aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nın İİİ bəndinin 1-ci hissəsində Azərbaycan Respublikası rayon və şəhər icra hakimiyyəti orqanları inzibati orqanların sırasına aid edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.1, 2.2.3 və 2.2.4-cü maddələrinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) və inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmələr tərəfindən baxılır. Göründüyü kimi iddiaçılar bilavasitə inzibati orqanın səlahiyyətinə aid olan məsələ ilə bağlı iddia irəli sürərək həmin orqan tərəfindən onlar üçün əlverişli olan hərəkətin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Hazırkı mübahisə predmeti baxımından inzibati iddia olduğundan bu iddiaya mülki icraat qaydasında baxılması mümkün deyildir. Qeyd olunanlara əsasən iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, iddiaçılara hazırkı tələblə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4 və 153.5-ci maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehlərə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Stanislav oğluna qarşı “ayrı şəxsi hesab açılması (ayrıca sosial kirayə müqaviləsi bağlanılması)” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunsun. İddiaçılara hazırkı tələblə qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-3395/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3395/2021
17.09.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver