Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3397/2021 02.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçı X5 iştirakı ilə, İddiaçı X5 cavabdehlər Cavabdeh1, Şəmsi-Zadə (Ələkbərova) Ətayə Nizami qızı, X6, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Xəlilova (Ələkbərova) İlahə Müzəffər qızı, Cavabdeh8 və Cavabdeh9 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X9 cavabdehlər Cavabdeh1, Şəmsi-Zadə (Ələkbərova) Ətayə Nizami qızı, X6, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Xəlilova (Ələkbərova) İlahə Müzəffər qızı, Cavabdeh8 və Cavabdeh9 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Tbilisi küçəsi, bina 5-də yerləşən 2A saylı mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Kəpəz rayonu,Tbilisi küçəsi, 5 saylı binanın, 2A mənzil 2 otaqlı yaşayış sahəsindən ibarət olmaqla, evi notariusun 04.12.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən əvvəlki sahibi X3 almış və onun xüsusi mülkiyyətindədir. O, evi alandan sonra, özü başqa yerdə yaşadığından cavabdehlərə müvəqqəti yaşamaları üçün vermişdir. Cavabdehlər onun qohumlarıdır. Əvvəllər də və halhazırkı vaxtda da cavabdehlərin evdən çıxmalarını tələb etsə də çıxmaq istəmirlər. Xeyli müddətdir ki, cavabdehlər, həmin mülkdə yaşamaqla, faktik sahibliyi həyata keçirir və onu sahiblikdən uzaqlaşdırmaqla mülkiyyət hüquqlarını pozur. Hesab edir ki, cavabdehlər həmin evdən çıxarılmaqla, onun mülkiyyət hüququ bərpa olunmalıdır. Cavabdehlərin həmin mənzilə dair heç bir hüquqları yoxdur və onlar onun mülkünə qanunsuz sahiblik edirlər. Məhkəmə iclasında iddiaçı X9 iddianı müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, cavabdehlərin ona məxsus mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Şəmsi-Zadə (Ələkbərova) Ətayə Nizami qızı, X6, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Xəlilova (Ələkbərova) İlahə Müzəffər qızı, Cavabdeh8 və Cavabdeh9 məhkəmə iclasına gəlmədiklərindən, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 05.12.2017-ci il tarixli, AN – İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X2 şəhəri, Tbilisi küçəsi, ev 5, 2A ünvanında yerləşən mənzili alıcı X1. Alqı-satqı müqaviləsini satıcının adından onun etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 imzalamışdır. İş materiallarında olan Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”dan görünür ki, Gəncə şəhəri, Tbilisi küçəsi, ev 5, 2A ünvanda yerləşən mənzil X5 mülkiyyətindədir və daşınmaz əmlak üzərində hüquq 25.12.2019-cu il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsi tərəfindən verilmiş 02.11.2021-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, ünvan 2 ünvanda heç bir şəxs qeydiyyata alınmamışdır. Məhkəmə iclasında araşdırılmış sübutlardan məlum oldu ki, Gəncə şəhəri, Tbilisi küçəsi, ev 5, 2A ünvanda yerləşən mənzil iddiaçının mülkiyyətindədir, cavabdehlər nə əvvəlki mülkiyyətçinin, nə də hazırki mülkiyyətçinin (iddiaçının) ailə üzvləri deyildir. Bu səbəbdən Ailə Məcələsinin 30.1-ci maddəsinin tələbləri baxımından cavabdehlərin mənzildən istifadə hüquqları yaranmamışdır. İddiaçı ilə cavabdehlər arasında mənzildən istifadə hüquqlarının yaranması ilə bağlı notarial qaydada təsdiqlənmiş razılaşma da olmamışdır. Cavabdehlər yalnız iddiaçının şifahi razılığı əsasında həmin mənzildə yaşayırlar. Belə olan vəziyyətdə cavabdehlərin iddiaçıya məxsus mənzildən istifadə hüquqlarının olmadığı müəyyən olunur. Belə ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə riayət edilməsi tələb olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Lakin, iş materialları ilə müəyyən olunur ki, iddiaçı ilə cavabdehlər arasında mənzildən istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında təsdiqlənən yazılı müqavilə də bağlanmamışdır. Müqavilə bağlanmadığına görə, cavabdehlərin mənzildən istifadə hüququ da əmələ gəlməmişdir. Məhkəmə hesab edir ki, hazırki halda iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə mənzilə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin, mülkiyyətçiyə heç bir aidiyyəti olmayan cavabdehlərin mənzilə hər hansı hüquqlarının olmamasına baxmayaraq, həmin mənzildən könüllü olaraq çıxmaması iddiaçının öz mülkiyyətindən istifadə hüququnu həyata keçirməyə mane olur. Odur ki, iddiaçı cavabdehlərin ona məxsus mənzildən çıxarılmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, ünvan 3 ünvanında yerləşən mənzildə hər hansı bir hüquqları mövcud olmayan cavabdehlərin yaşaması iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırdığından, iddia tələbi təmin edilməli, cavabdehlər iddiaçıya məxsus qeyd olunan mənzildən çıxarılmalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1, Şəmsi-Zadə (Ələkbərova) Ətayə Nizami qızı, X6, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Xəlilova (Ələkbərova) İlahə Müzəffər qızı, Cavabdeh8 və Cavabdeh9 ünvan 3 ünvanda yerləşən mənzildən çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-3397/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3397/2021
02.11.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver