Məhkəmə qərarları › İş №2(043)-3398/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3398/2021

17.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3398/2021 17.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan, ünvan 1 ünvanda yerləşən mənzildən Cavabdeh istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddiaya mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh 2001-ci ildə onun oğlu X1 ilə el adəti ilə ailə qurmuş, onun mülkiyyətində olan mənzilə köçmüş və pasport qeydiyyatına düşmüşdür. Hazırda oğlu və cavabdeh Rusiya Federasiyasında yaşayırlar. Cavabdehin ona məxsus mənzildə pasport qeydiyyatında olması onun ailə üzvlərinin sayına görə əlavə kommunal xərclər ödəməsinə və əmlak üzərində sərəncam vermək hüququnun məhdudlaşdırılmasına səbəb olur. Cavabdehin mənzildən pasport qeydiyyatından çıxarılması üçün Gəncə şəhər Baş Polis İdarəsinə müraciət etsə də bundan imtina edilmişdir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, mübahisəli olduğu iddia edilən hüquq münasibətləri 2001-ci ildə yarandığından həmin dövrdə mənzildən istifadə hüququ ilə bağlı münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi çərçivəsində qiymət verilməlidir. MM-in 228.1-ci və 228.2-ci maddəsi mülkiyyətçi ilə notarial qaydada təsdiq edilmiş yazılı razılıq və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla yaranan istifadə hüququnu, həmin Məcəllənin 228.5-ci maddəsi isə mülkiyyətçinin onunla birlikdə yaşayan ailə üzvlərinin mənzildən onunla bərabər istifadə etməsini nəzərdə tutur. İddianın əsaslandığı hallardan da göründüyü kimi iddiaçı cavabdehin nə ailə üzvü kimi, nə də notarial qaydada yazılı razılıq əsasında onun mənzilindən istifadə hüququnun olmasına əsaslanmır. İddiaçı sadəcə cavabdehin onun mənzilində pasport qeydiyyatında qalmasının maraqlarına zidd olduğunu bildirərək faktiki olaraq cavabdehin ona məxsus mənzildən istifadə hüququnun olmamasına istinad edərək onun mənzildən istifadə hüququna xitam verilməsini xahiş edir. İddiaçı müvafiq tələblə Gəncə şəhər Baş Polis İdarəsinə müraciət etmiş, lakin onun ərizəsinin təmin edilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi iddiaçının iddiası cavabdehin ona məxsus mənzildən istifadə hüququnun olmaması ilə əsaslandırıldığından iddiaçı onun ərizəsi əsasında mülkiyyətində olan evə pasport qeydiyyatına alınmış şəxsin pasport qeydiyyatından çıxarılması barədə ərizəsinin təmin edilməsindən inzibati orqan tərəfindən imtina edildiyi halda inzibati məhkəməyə müraciət etməli idi. Hazırkı əsaslarla bu iddia tələbinə mülki mühakimə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddiaçıya cavabdehin ona məxsus evdən pasport qeydiyyatından çıxarılması tələbi ilə Gəncə şəhər Baş Polis İdarəsinə qarşı Gəncə İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4 və 153.5-ci maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehlərə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar