Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3404/2020 18.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2, Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı evdən istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu azyaşlı uşağı ilə birlikdə cavabdehin adına və yaşadığı Gəncə şəhəri, Kəpəz rayonu, İ.Cəfərov küçəsi, ev 16-da olan 4 otaq və bir zaldan ibarət olan evin bir otağına köçürülməklə yaşayış hüququnun verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, cavabdehin oğlu X5 ilə xx xxxxxx 2017-ci il tarixdə nikahları rəsmi qeyd edilmədən ailə quraraq evlənmişdir. Birgə evlilikdən bir uşaqları - xx.xx.2018-ci il təvəllüdlü X3 doğulmuşdur. Cavabdehin oğlu ilə ailə qurduqdan sonra bir neçə ay ailə münasibətləri normal olmuşdur. Ancaq cavabdehin ailəyə etdiyi müdaxilələrdən sonra, həyat yoldaşı ilə aralarında narazılıq baş vermişdir. Onlar ailə quran zaman o, cavabadehin özünün və ailəlikçə faktiki yaşadığı Gəncə şəhəri, Kəpəz Rayonu, İ.Orucov küçəsi, ev 16-da olan 4 otaq və 1 zaldan ibarət ibarət olan evə gəlin köçmüşdür və cehiz əşyalarını da həmin evin bir otağına və zalına yığılmışdır. xx.xx.2017-ci ilə kimi həyat yoldaşı ilə birlikdə həmin mübahisəli mənzildə yaşamışdılar. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyi üçün onu hamilə ola ola evdən çıxartmışdır. Cavabdeh onu evdən çıxardandan sonra, cehiz əşyalarının çıxarılması ilə bağlı məhkəmədə idda qaldırmışdır. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə cavabdehin iddiası təmin olunaraq ona məxsus olan cehiz əşyalarım cavabdehə məxsus olan evdən çıxarılması qət edilmişdir. Azyaşlı uşağına atalıq və aliment verilmədiyi üçün Gəncə şəhəri Kəpəz rayon məhkəməsində iddia qaldıraraq xx.xx.2019-cu il tarixdə uşağın onun himayəsində qalması və alimentin barədə onun xeyrinə qətnamə qət edilmişdir. Mübahisəli ev cavabdeh ailəlikcə yaşayırlar. Hazırda evin mülkiyyət hüququna dair çıxarış cavabdehin adınadır. O azyaşlı uşağı ilə cavabdehin evindən çıxandan sonra, müvəqqəti valideyinlərinin evinə yığılsa da, orda yaşamağa qardaşı imkan vermir. Hazırda azyaşlı uşağı ilə daimi yaşamağa yer olmadığından çətin vəziyyətdə qalmışdır. Cavabdeh və onun ailəsinin hərəkətləri onun yaşamaq hüququnu pozduğuna görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə yazılı etiraz təqdim edərək iddianı qəbul etmədiyini bildirmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının onunla hüquqi olaraq heç bir qohumluq əlaqəsi yoxdur və olmamışdır. Eyni zamanda iddiaçının onun xüsusi mülkiyyətində olan evə də heç bir hüququ mövcud deyil. Buna görə də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddianı qəbul etmədiyini bildirərək cavabdehlə birlikdə yaşamaqlarının mümkün olmadığını, buna görə də iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, iddia əsassız olduğu üçün rədd edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: İş materiallarına əlavə olunmuş qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, İ.Cəfərov küçəsində yerləşən 16 nömrəli fərdi yaşayış evi şəxsi mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1655/2018 saylı xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh İddiaçı qarşı “cehiz əşyalarının çıxarılması” tələbinə dair iddiası təmin edilərək İddiaçı məxsus əşyaların iddiaçı Cavabdeh məxsus Gəncə şəhəri, İ.Orucov küçəsi, 16 saylı evdən çıxarılması qət edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh Gəncə şəhəri, Kəpəz rayonu, İ.Orucov küçəsi, 16 saylı evin mülkiyyətçisi olmaqla, iddiaçı onun oğlunun qeyri-rəsmi olaraq ailə qurub yaşadığı şəxs olmuşdur. İddiaçı ilə cavabdeh arasında evdən istifadə ilə bağlı hər hansı yazılı razılaşma mövcud deyildir və iddiaçının istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə hər hansı məlumat yoxdur. Buna görə də mübahisəli hüquq münasibətlərinə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tətbiq edilməsi istisna olunur. Həmçinin, iddiaçı cavabdehin ailə üzvü sırasında deyil, onun cavabdehə münasibətdə heç bir hüquqi bağlılığı yoxdur. Tərəflər arasındakı hüquq münasibətləri x xxxxxxx 2009-cu il tarixdən sonra yarandığından hüquq münasibətlərinə Mülki Məcəllənin 228.5-ci maddəsi də tətbiq edilmir və bu mübahisə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun x xxxxxxx 2013-cü il tarixli qərarına əsasən x xxxxxxx 2009-cu ildən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən həll edilməlidir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Şərh olunan normalardan göründüyü kimi iddiaçı mübahisəli evin mülkiyyətçisi olan Cavabdeh Mənzil Məcəlləsinin 30.1-ci maddəsində birbaşa nəzərdə tutulmuş ailə üzvlərindən heç biri deyildir. Eyni zamanda o, Ailə Məcəlləsinin 15-ci fəslində nəzərdə tutulmuş əsaslarla cavabdehdən özünün saxlanmasını tələb etmək hüququna da malik deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-3404/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3404/2020
18.11.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver