Məhkəmə qərarları › İş №2(043)-3407/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3407/2020

25.11.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3407/2020 25.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərova Təhminə Əlistan qızının katibliyi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və vəkili X2, ilkin iddia üzrə Cavabdeh1, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı mənzildən əşyaların çıxarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İlkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi, 10 nömrəli evin, 21 nömrəli mənzildən istifadə hüququnun tanınması və azyaşlı uşaqları xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X10 ilə birlikdə həmin mənzilə köçürülməklərinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddianın rədd edilməsinə, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cehiz əşyalarının onun mülkiyyətində olan mənzildən çıxarılması və cavabdehin əmlaklarının 10 ay müddətində onun evində qaldığı üçün hər ay 200 manat olmaqla cəmi 2000 manat kirayə haqqının cavabdeh İddiaçı alınıb ona verilməsi, «Cavabdeh1 uşaqlarlı ilə görüş günlərinin onun mənzilində keçirilməsinə və maşınından istifadəsinə icazə verməsi»nə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddianı müdafiə edib, qarşılıqlı iddianı qəbul etməyərək izahatında göstərdi ki, ünvan 1 mənzil 21 ünvanında yerləşən mənzil Kirovabad şəhər X7 İcrariyyə Komitəsinin xx.xx.1982-ci il tarixli 46 nömrəli orderi ilə keçmiş qayınatası X5 verilmişdir. Keçmiş əri Cavabdeh1 orderdə əsas kirayəçinin ailə üzvü kimi göstərilmişdir. O, Cavabdeh1 ilə xx.xx.2005-ci ildə ailə quraraq, onun və valideynlərinin yaşadığı Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi, 10 nömrəli evin 21 nömrəli mənzilinə gəlin köçmüşdür. Birgə nikahlarından həmin mənzildə onların iki uşaqları anadan olmuşdur. 2020-ci ilin yanvar ayında cavabdeh onu evdən qovmuş, o, dava-dalaş uzanmasın deyə uşaqlarını da götürüb evdən çıxmışdır. Sonradan dəfələrlə evə qayıtmaq istəsə də cavabdehlər icazə verməmişdir. 2020-ci ilin avqust ayında aralarında olan nikah pozulmuşdur. Cavabdeh1 onu evdən qovduqdan sonra, yəni 2020-ci ilin fevral ayında cavabdehin atası X8 mənzili adına qeydiyyata aldırmış və dərhal nəvəsi, hazırki iş üzrə Cavabdeh2 bağışlamışdır. O, mənzilə köçərkən X8 mənzilin mülkiyyətçisi olmamışdır. Mənzilə onların ailə üzvü kimi köçmüşdür. Buna görə də onun həmin mənzildən istifadə hüququ yaranmışdır. Özünün və uşaqlarının həmin mənzildən başqa yaşamağa yeri yoxdur. Buna görə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.İlkin iddianın təmin olunmasını və qarşılıqlı iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili X3 ilkin iddianı müdafiə edərək təmin olunmasını və qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh1 ilkin iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçının tələb etdiyi mənzili atası 2020-ci ilin fevral ayında özəlləşdirərək xüsusi mülkiyyət hüququ üzrə öz adına rəsmi reyestrdə qeydiyyata aldırmış, sonra isə Cavabdeh2 bağışlamışdır. İddiaçının həmin mənzilə heç bir aidiyyəti olmadğını göstərərək ilkin iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddianı müdafiə edib, ilkin iddianı qəbul etməyərək izahatında göstərdi ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı atası evində ünvan 2 ünvanında qeydiyyatdadır. X1 mülkiyyətində olan Gəncə şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 10 nömrəli evin 21 nömrli mənzilini xx xxxxxx 2020-ci il tarixdə bağışlanma müqaviləsinə əsasən ona bağışlamışdır. xx.xx.2020-ci il tarixdən həmin mənzil tam mülkiyyət hüququ üzrə ona məxsusdur.İlkin iddia üzrə İddiaçı onun mülkiyyətində olan mənzilə heç bir aidiyyəti olmadığından ilkin iddianın rədd olunmasını qarşılıqlı iddianın təmin olunaraq cavabdehin əmlaklarının onun mənzilində qalması onun mülkiyyət huququnu pozduğu üçün qarşılıqlı iddianın təmin olunmasını xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- AZ-İ 357909 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında olan nikah xx.xx.2020-ci il tarixdə pozulmuşdur. DƏDRX-in 3 saylı X18 tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, **********21 nömrəli məktubundan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi, 10 nömrəli evin 21 nömrli mənzili X4 adına qeydiyyata alınmışdır və ona xx xxxxxxx 2020ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisinin xx xxxxxx 2020-ci il tarixli 4Ə-551 saylı daşınmaz əmlakın bagışlanması müqaviləsinə əsasən həmin mənzil Cavabdeh2 bağışlanmışdır və ona xx.xx.20220-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. DƏDRX-i tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş qeydiyyat nömrəsi ********** olan elektron çıxarışdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi, 10 nömrəli evin 21 nömrəli mənzili xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydə alınmışdır. AA******* seriyalı yeni nəsil şəxsiyyət vəsiqəsinin elektron bazada olan məlumatından görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb,tərəflərin izahatlarını dinləyib məhkəmə iclasında tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, ilkin iddia əsassız olduğundan təmin olunmamalı, qarşılıqlı iddia isə qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi tərəflər arasında hüquq münasibətləri 2005-ci ildə yaranmışdır. Ona görə də hazırki mübahisə qüvvədə olan Mülki Məcəllənin 228 maddəsinə uyğun həll edilməli olsa da tərəflər arasında olan hüquq və vəzifələrin həcmi dəyişdiyindən qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu X. Məmmədovanın şikayəti üzrə xx xxxx 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, ilkin İddiaçı mübahisəli mənzilə 2005-ci il tarixdə gəlin köçməsinə baxmayaraq xx.xx.2020-ci il tarixdə mübahisəli mənzilin mülkiyyət forması dəyişərək X4 daha sonra isə Cavabdeh2 xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alındığından və mövcud olan mülki hüquq münasibətlərinin xarakteri dəyişdiyi üçün cavabdehin həmin mənzilin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması ilə bağlı mübahisə üzrə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsi tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra- MM) 30.1-ci maddəsinə əsasən Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. MM-in 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» xx xxxxxx 2014-cü il tarixli qərarında deyilir: «Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan «ailə üzvləri» anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi).» Daha sonra yuxarıda qeyd edilən qərarda deyilir: «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin «digər qohumlar» ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.” Göründüyü kimi, hazırki iş üzrə ilkin İddiaçı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müddəalarında nəzərdə tutulan şəxslər kateqoriyasına daxil deyildir. Ona görə də məhkəmə hesab edir ki, ilkin İddiaçı iddia tələbi təmin edilə bilməz. Qarşılıqlı iddia tələbinə gəldikdə isə məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X6 Haqqında» Avropa Konvensiyası müddəalarının və X17 Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli qərarında göstərilir ki, İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman X17 Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan qanunvericilikdən göründüyü kimi əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İşin mübahisə edilməyən hallarından müəyyən olur ki, qarşılıqlı iddia üzrə iddiaçının iddia etdiyi mənzil mülkiyyətində olmaqla rəsmi reyestrdə qeydiyyata alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçının qanunla qorunan mülkiyyət hüququna edilən qəsdlərə və ya başqa maneələrə son qoyulmaqla ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı əmlakları Gəncə şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 10 nömrəli evin Cavabdeh2 mülkiyyətində olan 21 nömrəli mənzilindən çıxarılmalıdır. Qarşılıqlı iddia tələbi qalan hissədə əsassız olduğundan təmin olunmamalıdır. Hər iki iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumları tərəflərə aid edilsin. Şərh olununlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İlkin iddia əsassız olduğundan təmin olunmasın. Qarşılıqlı iddia qismən təmin olunsun. İddiaçı məxsus olan divarboyu (stenka) mebel dəsti - 1 ədəd, stol - 1 ədəd, stul - 6 ədəd, jurnal stolu - 1 ədəd, yumşaq dəst - divan -1 ədəd, kreslo - 2 ədəd, çarpayı ikinəfərlik - 1 ədəd, termo-1 ədəd, tumba - 2 ədəd, uşaq çarpayısı - 1 ədəd, çay “Madonna” dəsti - 1 ədəd, kofe "Madonna” dəsti - 1 ədəd, bokal “Bohema” - 6 ədəd, xrustal - 6 ədəd, meyvə qabı “Bohema” - 1 ədəd, kompot dəsti “Bohema” - 1 ədəd, konfet qabı - 2 ədəd. (xrustal), fincan dəsti - 12 ədəd (kobalt), konfet qabı - 2 ədəd (farfor), stəkan - 6 ədəd (xrustal), nəlbəki- 6 ədəd, mürəbbə nəlbəkisi - 6 ədəd, xörek qaşığı - 6 ədəd, çay qaşığı - 6 ədəd, mürəbbə qabı - 2 ədəd (xrustal), meyvə qabı - 2 ədəd (şüşə), kasa böyük - 6 ədəd, kasa kiçik - 6 ədəd, lotka konfet qabı - 2 ədəd (xrustal), bokal - 6 ədəd (şüşə), lampa - 1 ədəd (bohema), lampa-1 ədəd (şüşə), gül qabı - 1 ədəd (bohema), 1 ədəd (xrustal). 3 ədəd (şüşə), şirniyyat qabı - 1 ədəd (üçmərtəbə), qrafin -4 ədəd (şüşə), konfet qabı - 1 ədəd (bohema), boşqab - 2 ədəd (dairəvi bulud), sadə boşqablar - (yekə balaca üç dəst altı nəfərlik) , aşsüzən, Ləyən, Vanna, Həvəngdəstə, Çömçə, Ətçəkən əl ilə, Ətçəkənən maşın, qazanlar: alüminium və şirəli və.s , döşək - 1 ədəd ikinəfərlik, 3 ədəd birnəfərlik, yorğan - 5 ədəd, balınc- 4 ədəd, pakrıval - 1 dəst, odeal - 2 ədəd, xalça- 2 ədəd, xalça ayaqaltı- 2 ədəd, çilçıraq - 1 ədəd (xrustal), üçgözlü (sadə)-1 ədəd, birlampalı (sadə) - 1 ədəd, divan örtüyü - 2 dəst (qırmızı, yaşıl Gəncə şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 10 nömrəli evin Cavabdeh2 mülkiyyətində olan 21 nömrəli mənzilindən çıxarılsın. Qarşılıqlı iddia qalan hissədə əsassız olduğundan təmin olunmasın. Hər iki iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu tərəflərə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar