Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3415/2020 17.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, iddiaçı Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Kimyaçılar küçəsi, 12 saylı binanın 36 saylı otağında pasport qeydiyyatında olan Cavabdeh1, 33 saylı otağında qeydiyyatda olan Cavabdeh2, 68 saylı otağında qeydiyyatda olan Cavabdeh3, 12 saylı binanın 403 saylı otağında qeydiyyatda olan Cavabdeh4 istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, cavabdehlər Cavabdeh2 Gəncə şəhəri, Kimyaçılar küçəsi, 2 saylı binanın 33 saylı otağından və Cavabdeh4 Gəncə şəhəri, Keçid küçəsi 12 saylı binanın 403 saylı otağından istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Kimyaçılar küçəsi, 2 saylı bina və Gəncə şəhəri, Keçid küçəsi, 12 saylı bina (yataqxana) Gəncə şəhər MKTİB-nin balansına aiddir. Kimyaçılar küçəsi, 2 saylı binanın 33 saylı otağında qeydiyyatda olan Cavabdeh2 və Keçid küçəsi 12 saylı binanın 403 saylı otağında qeydiyyatda olan Cavabdeh4 uzun illərdir ki, həmin binada yaşamırlar. Həmin otaqlarda tamamilə başqa sakinlər qeydiyyatsız yaşayırlar. Ona görə də kommunal xərclərin ödənilməsində çətinliklər yaranır. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək müəssisənin balansında olan yataqxana binalarının müvafiq otaqlarının cavabdehlərin istifadəsinə verilməsinə baxmayaraq cavabdehlərin uzun müddətdir ki, həmin otaqları tərk edib başqa yerə köçdüklərini, lakin pasport qeydiyyatında qaldıqlarını, hazırda həmin otaqlarda başqa şəxslərin yaşadığını, lakin müvafiq sənədləşmə aparılmadığından dövlət əmlakının idarə edilməsində çətinlik yarandığını bildirərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh4 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, onlar, qeydiyyatda olduqları ünvanda yaşamadıqları üçün məhkəmə bildirişini onlara təqdim etmək mümkün olmamışdır. Cavabdehlərin faktiki olduğu yer məlum olmadığından məhkəmə cavabdehlərin məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandıraraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək bildirdi ki, 2007-ci il tarixdən Keçid küçəsi, 12 saylı binanın 403 saylı otağında yaşayır. O, mübahisəli mənzili Cavabdeh4 almışdır və həmin gündən sonra bir daha onu görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək bildirdi ki, o 5 ildir ki, Ə.Nəzərov küçəsi, ev 4, mənzil 32 ünvanında yaşayır. Mübahisəli mənzili onun xalasının əri Cavabdeh2 almışdır və bir müddət özü orda yaşadıqdan sonra mənzili yaşaması üçün ona vermişdir. Məhkəmə iddiaçının izahatını və şahidlərin ifadələrini dinləyib məhkəmə baxışında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli şəxsi hesabdan çıxarışından məlum olur ki, Gəncə şəhəri, Y/H Əliyev qardaşları küçəsi (köhnə Keçid), ev 12, 403 saylı otaqda Cavabdeh4 yaşamır. İş materiallarına əlavə edilmiş Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli şəxsi hesabdan çıxarışından məlum olur ki, Gəncə şəhəri, Kimyaçılar küçəsi, bina 2, 36-40 saylı otaqda Cavabdeh2 yaşamır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş materiallarına əlavə edilmiş sübutları tədqiq edib onlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin: 60-cı maddəsinin birinci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır; 87-ci maddəsinə görə yaşayış sahəsinin icarədarı və ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinin birinci hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə, 43-cü maddəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğunluğu haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxx 2000-ci il tarixli qərarında göstərilmişdir ki, mənzil hüquq münasibətləri, o cümlədən yaşayış sahəsinə köçürmək, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları ilə tənzimlənir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Gəncə şəhəri, Kimyaçılar küçəsi, 2 saylı binanın 33-cü otağı və Keçid küçəsi, 12 saylı binanın, 403 saylı otağı cavabdehlərin istifadələrinə verilmişdir. Cavabdehlər bir müddət yuxarıda göstərilən mənzillərdə yaşasalar da, daha sonra özlərinə başqa yaşayış yeri seçməklə, könüllü olaraq mübahisəli mənzilləri tərk etmişdirlər. Cavabdehlərin mübahisəli mənzilləri tərk etmələrinin səbəbi ilə bağlı məhkəmə onu da xatırlatmaq istəyir ki, onların başqa bir yerdə daimi yaşayış yeri olmasa idi, onlar, ən azından müəyyən müddət keçdikdən sonra əvvəlki yaşayış yerinə qayıtmalı, yaxud da buna hər hansı maneə olardısa bununla bağlı evə köçürülmə tələbi barədə iddia qaldıraraq məhkəmə müdafiəsindən istifadə edə bilərdilər. Lakin işin faktiki hallarından da aydın olur ki, cavabdehlər mübahisəli mənzillərlə əlaqələrini uzun müddətdir kəsmişdir. Göstərilənlər isə birmənalı olaraq təsdiq edir ki, cavabdehlər qeydiyyatda olduqları mənzilləri könüllü olaraq başqa yaşayış yerinə köçmələri ilə əlaqədar tərk etmişlər. Buna görə də məhkəmə hesab edir ki, cavabdehlərin müvafiq yaşayış sahələrindən istifadə hüququnun saxlanması üçün hər hansı əsas olmadığından onların bu hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 Gəncə şəhəri, Kimyaçılar küçəsi, 2 saylı bina, 33 saylı otaqdan və Cavabdeh4 Gəncə şəhəri, Keçid küçəsi, 12 saylı bina, 403 saylı otaqdan istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-3415/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3415/2020
17.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver