Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-342/2021 13.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X9, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh X2 qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı uşaqları xx xxxxxx 2009-ci il tarixdə doğulmuş X4 və xx xxxx 2014-cü il təvəllüdlü X5 ilə birlikdə Cavabdeh istifadəsində olan ünvan 1 ünvanında inşa edilmiş fərdi yaşayış evinə köçürməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə xx.xx.20006-cı ildə nikah bağlamışlar. Birgə nikahdan xx xxxxxx 2009-ci il tarixdə X4 və xx xxxx 2014-cü il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. Evləndikdən sonra cavabdehin ünvan 1 ünvanında yerləşən evinə gəlin köçmüşdür. Bütün əşyalarını da həmin evdə yerləşdirmiş və hal-hazırda da onun əşyaları həmin evdədir. Bu günlərdə cavabdeh onu uşaqları ilə birlikdə evdən çıxarmış və o, məcbur olub valideyinlərinin evinə getmişdir. Mübahisəli ev qeydiyatda olmadığı üçün onların mübahisəyə xx.xx.2009-cu ilədək) qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları şamil edilməlidir. Həmin məcəllənin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri, icarədarın arvadı (əri), onların uşaqları və ya valideyinləri hesab olunur. İcarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Məhkəmə baxışı zamanı İddiaçı məhkəməyə ərizə təqdim edərək, cavabdehin Cavabdeh əsl cavabdeh X6 ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin xx xxxx 2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə Cavabdeh əsl cavabdeh X6 ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X15 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı onun oğlu ilə rəsmi nikaha daxil olmaqla evlənmiş, daha sonra ailə münasibətləri baş tutmadığından uşaqlarını da götürüb valideynlərinin evinə çıxıb getmiş, daha sonra isə nikahları məhkəmə qaydasında pozulmuşdur. Hazırda da valideynlərinə məxsus evdə yaşayır. Mübahisəli ev 1990-cı ildə cavabdeh Novruz Mustafayevin adına alınmışdır. Həmin evdə iddiaçının heç bir hüququ yoxdur. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin Gəncə filialı tərəəfindən verilmiş 329/5 nömrəli xx.xx.2013-cü il tarixli Arxiv arayışının surətindən görünür ki, vətəndaşlara Gəncə şəhərində fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin verilməsi haqqında Gəncə şəhər XDS İcariyyə komitəsinin xx.xx.1990cı il tarixli 8 nömrəli sərəncamı ilə 1979-cu ildən növbədə duran X2 Dəmiryolaltı ərazidən torpaq sahəsinin ayrılması qərara alınmışdır. İş materillarına əlavə olunmuş, Gəncə şəhəri İcra Hakimiyyəti Memarlıq və tikinti şöbəsi tərəfindən verilmiş 107 nömrəli xx.xx.2013-cü il tarixli arayışın surətindən görünür ki, X2 Gəncə şəhər XDS İcariyyə komitəsinin xx.xx.1990-cı il tarixli 8 nömrəli sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün Dəmiryolaltı ərazidə, V-1 kvartalında, ümumi sahəsi 400.0 kv.m olan 2 nömrəli torpaq sahəsi ayrılmışdır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2009-cu il tarixdə X4 və xx.xx.2014-cü il tarixdə X8 doğulmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)- 4709/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Gəncə şəhər Kəpəz rayon VVADQ şöbəsində, xx xxxxxxxx 2006-cı il tarixdə, 667 nömrə ilə qeyd edilmiş nikahın pozulması, birgə nikahdan doğulmuş uşaqların İddiaçı yanında saxlanılmaları qərara alınmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı cavabdehin oğlu ilə xx.xx.2006-cı ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və onların birgə nikahından iki uşaqları doğulmuşdur. Onlar arasında ailə münasibətləri baş tutmadığından xx.xx.2018-ci il tarixdə nikahları pozulmuş və faktiki olaraq ayrılmışlar. Mübahisəli ev isə cavabdeh tərəfindən 1990-cı ildə tikilməyə başlanılmışdır. Həmin ev özbaşına tikili olmaqla hüquq müəyyənedici sənədləri yoxdur. Hal-hazırda iddiaçı uşaqları ilə birlikdə həmin evə köçürülməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxxxx 2018-ci il tarixli qərarında mənzilə köçürülmə tələbinə dair iddialara baxılması zamanı tətbiq edilməli olan normalarla bağlı hüquqi mövqeyini aşağıdakı kimi ifadə etmişdir: Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. ... yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir. Yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə - Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir (Mənzil Məcəlləsinin 12.1, 12.2 və 12.3-cü maddələri). “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 66.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli Qərarına əsasən Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Göründüyü kimi AR Konstitusiya Məhkəməsinin Plenumu mənzil hüququnun əsası kimi aşağıdakı halların müəyyən edilməsini şərtləndirir: - Köçürülmənin tələb edildiyi yaşayış sahəsi mülki qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak hesab edilirmi? - Yaşayış sahəsi Mənzil Məcəlləsinin 12.1-12.3-cü maddələrinin tələblərinə cavab verirmi? - Mülki və mənzil qanunvericiliyinin tələblərinə uyğun olaraq mənzil hüququ yaranmışdırmı? Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-146.3-cü maddələrinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Həmin Məcəllənin 180.1 və 180.2-ci maddələrinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 16-cı maddəsinə əsasən yaşayış sahələri üzərində mülkiyyət və digər əşya hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada dövlət qeydiyyatına alınmalıdır. Hazırkı iş üzrə iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evinin özbaşına tikili olduğu, heç bir hüquq müəyyənedici sənədi olmadığı və beləliklə də həmin evin mülki qanunvericiliyə əsasən mülki dövriyyənin predmeti olmadığı mübahisəsiz olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci, Mənzil Məcəlləsinin 16-cı maddələrinə və AR Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən bu cür tikililər yaşayış sahəsi hesab edilmədiyindən həmin tikiliyə köçürülmə tələbi də təmin oluna bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, hətta mübahisəli evin hüquq müəyyənedici sənədləri olsa və cavabdeh evin mülkiyyətçisi olsa idi belə, iddiaçının həmin evə köçürülməsi üçün hüquqi əsas olmayacaqdı. Belə ki, iddiaçı mübahisəli evin alınmasında, tikintisində və ya təmirində iştirak etməsi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt nəzərə alınmaqla işə tətbiq edilməli olan Mülki Məcəllənin 228-ci maddəsinə əsasən iddiaçı cavabdehin ailə üzvü hesab olunmadığından cavabdehə məxsus evdən istifadə etmək hüququna malik olmayacaqdı. Çünki, mülkiyyətçinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçı cavabdeh X2 qarşı “evə köçürülmə” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-342/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-342/2021
13.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver