Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3440/2021 19.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Gəncə şəhər 3 saylı notariat Kontoru və "xxxx" ASC-yə qarşı “icra qeydinin ləğv edilməsi tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Gəncə şəhər 3 saylı Dövlət notariat kontoru və "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər 3 saylı notariat kontorunun 22.06.2021-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri 3 saylı notariat kontorunun xüsusi notariusu X2 22.06.2021-ci il tarixli icra qeydi əsasında ondan müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 5285,34 manat pulun, habelə tələbkar tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 5305,34 manat pulun tutulması qərara alınmışdır. İcra qeydi maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İcra qeydinin verilməsinə ilkin şərt “borcun mübahisəsiz” olması anlayışıdır. Bu aspektdən işin hallarına yanaşılsa müəyyən edilər ki, icra qeydinin verilməsi üçün notariat kontoruna müraciətin əsasında kreditor bank ilə arasında bağlanılmış kredit müqaviləsi olmuşdur. Kreditor iddia edir ki, onun tərəfindən öhdəliklər lazımınca icra edilməmiş, nəticədə borcu yaranmışdır. Lakin o iddia edir ki, kredit müqaviləsi üzrə öhdəlikləri lazımınca icra etməsə belə borcu bu məbləğdə ola bilməz. Bu barədə etdiyi ödəniş qəbzləri vardır. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Bundan başqa tələb olunan məbləğin nə qədər əsas, nə qədər faiz və nə qədər cərimə olması müəyyən edilmir. Hansı ki, bankdaxili prosedur qaydaları və qanunla müəyyən edilmiş əsaslara görə edilmiş ödənişlər aylıq olaraq əsas və faiz borcundan silinir. Hazırki durumda isə edilmiş ödənişlərin kredit müqaviləsinin şərtlərinə uyğun olaraq əsas və faiz borcundan silinməsinin müəyyən edilməsi mümkünsüzdür. Həmçinin, bank tərəfindən tələb edilmiş borc şişirdilmişdir. Çünki, onun kifayət qədər ödəniş qəbzləri vardır və tələb edilən məbləğlərlə etdiyi ödənişlər qarşılıqlı şəkildə müqayisə edildikdə hesablamaların düzgün olmadığı müəyyən edilir. Bu səbəbdən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilməli, etdiyi ödənişlərin kredit müqaviləsinin şərtlərinə uyğun olaraq əsas və faiz borcundan silinməsi, habelə hesablanmış borcun etdiyi ödənişlərlə müqayisədə düzgün olub-olmaması müəyyən edilməlidir. Bu isə xüsusi bilik tələb edir. Bu kimi hallar icra qeydinin verilməsinə əsas olan ilkin şərt kimi “borcun mübahisəsiz” olması anlayışını aradan qaldırmış olur. Ona görə də icra qeydinin məhkəmə qaydasında ləğvinə zərurət vardır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək əlavə olaraq bildirdi ki, icra qeydi tərtib edilərkən onun Banka olan borcu həddindən artıq şişirdilmişdir. Belə ki, onunla "xxxx" ASC arasında bağlanılmış müqaviləyə əsasən bank tərəfindən ona 6000 manat pul vəsaiti verilmişdir. İndiyə kimi onun tərəfindən Banka 3500 manata yaxın ödəniş edilmişdir. Beləliklə də onun sadəcə 2500 manat borcu qalmalıdır. Lakin icra qeydində onun Banka 5285,34 manat borcu qaldığı, həmin məbləğin ondan tutulması qeyd olunmuşdur. Bundan başqa o, əvvəllər Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri icra etsə də, sonradan maddi vəziyyəti ilə əlaqədar olaraq həmin öhdəlikləri yerinə yetirə bilməmişdir. Bu səbəbdən ona vaxt verilməlidir. Çünki, o Bank qarşısında icra etməli olduğu öhdəlikdən qəsdən yayınmır, borcunun düzgün hesablanacağı təqdirdə borcunu icra edəcəkdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iddianı qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı Bank ilə arasında bağlanılmış 01.04.2019-cu il tarixli Kredit müqaviləsinin şərtlərini pozmuş, üzərinə götürdüyü pul öhdəliyini yerinə yetirməmişdir. Bu səbəbdən Bank tərəfindən borcluya xəbərdarlıq edilmiş, borc barədə icra qeydinin aparılacağı barədə məlumat bildirişi 20 gün əvvəldən borcluya göndərilmişdir. Həmin bildiriş, onun ünvanında qəbul edilmişdir. Lakin borclu öhdəliyini icra etmədiyindən, Bank tərəfindən icra qeydi verilməsi üçün Notariat Kontoruna müraciət edilmişdir. Bundan başqa icra qeydində borcludan tutulan məbləğ düzgün hesablanmışdır. Belə ki, iddiaçı Bankdan 6000 manat məbləğində pul vəsaitini illik 24 faiz ödəmək şərti ilə götürmüşdür. İddiaçının ödədiyi pul vəsaitləri həm əsas kredit borcunun həm də faizlərin ödənilməsinə yönəlmişdir. İddiaçı kredit müqaviləsi üzrə cəmi 3496,90 manat pul ödəmişdir. Onun kredit müqaviləsi üzrə 4721,71 manat əsas borcu və 563,23 manat faiz borcu olmaqla, cəmi 5285,34 manat borcu qalmaqdadır və icra qeydi məhz həmin məbləğin tutulması ilə bağlı verilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddianın rədd edilməsi baradə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh Gəncə şəhəri 3 saylı Notariat Kontoru məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etmədiyindən, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC (bank) ilə İddiaçı (borcalan) arasında bağlanmış 01.04.2019-cu il tarixli, BPM**********09 nömrəli kredit müqaviləsindən və kassa məxaric orderindən görünür ki, Bank borclana 60 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 6000 manat məbləğində kredit vermiş, borcalan isə müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəli ilə müəyyən olunur ki, İddiaçı müqavilənin qüvvədə olduğu müddət ərzində 6000 manat əsas borc ilə yanaşı, 4351,47 manat məbləğində faiz borcu ödəməlidir. İş materiallarında olan maliyyə arayışından görünür ki, İddiaçı 01.04.2019-cu il tarixli kredit müqaviləsi üzrə cəmi 3496,90 manat ödəniş etmiş, onun bank qarşısında 4721,71 manat əsas borc, 563,23 manat faiz borcu olmaqla, cəmi 5284,90 manat məbləğində kredit borcu qalmışdır. İş materiallarından görünür ki, "xxxx" ASC tərəfindən 28.04.2021-ci il tarixli 997 nömrəli bildiriş tərtib edilərək, İddiaçı Bank qarşısında yaranmış əsas və kredit borcunu 20 gün müddətində ödəməyəcəyi təqdirdə, öhdəliyin icrasını təmin etmək məqsədilə yaranmış borc məbləği barədə notarius tərəfindən icra qeydinin aparılacağı barədə məlumat verilmişdir. Qeyd edilən bildiriş borclunun yaşadığı ünvan 1 ünvanına göndərilmiş, 05.05.2021-ci il tarixdə borclunun ünvanında poçt xəbərnaməsinə imza edilməklə, rəsmi qaydada qəbul edilmişdir. Gəncə şəhəri 5 saylı notariat ofisi tərəfindən verilmiş 22.06.2021-ci il tarixli 8İ-1911 reystr nömrəli icra qeydinin surətindən görünür ki, İddiaçı tələbkar "xxxx" ASC-nin xeyrinə 5285,34 manat pulun və tələbkar tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun tutulması qərara alınmışdır. İcra qeydinin verilməsinə əsas olmuş “Notariat icra qeydi haqqında ərizə”dən görünür ki, icra qeydinin verilməsinə əsas olan öhdəliyi müəyyən edən sənəd 01.04.2019-cu il tarixli, BPM**********09 nömrəli kredit müqaviləsidir. Ərizədə göstərilir ki, kredit müqaviləsi üzrə borclunun 4721,71 manat əsas borcu, 563,23 manat faiz borcu, 0,40 manat komissiya haqqı üzrə borcu olmaqla, ümumilikdə 5285,34 manat borcu vardır. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh "xxxx" ASC arasında 01.04.2019-cu il tarixli kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinə əsasən Bank tərəfindən iddiaçıya 6000 manat kredit verilmişdir. İddiaçı kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyindən, onun bank qarşısında borcu yaranmışdır. Bank tərəfindən 28.04.2021-ci il tarixdə borcluya yaranmış borc öhdəliyini 20 gün müddətində icra etməyəcəyi təqdirdə icra qeydinin aparılması barədə bildiriş göndərilmiş, həmin bildiriş 05.05.2021-ci il tarixdə qəbul edilmişdir. Lakin, borclu tərəfindən ona verilmiş müddət ərzində borc öhdəliyi icra edilməmişdir. Bundan sonra "xxxx" ASC iddiaçının kredit müqaviləsindən irəli gələn borcunun ödənilməsi barədə icra qeydi verilməsi ilə bağlı notariat orqanına ərizə ilə müraciət etmiş və Gəncə şəhər 3 saylı notariat ofisi tərəfindən 22.06.2021-ci il tarixdə müvafiq icra qeydi verilmişdir. Məhkəmə qeyd edir ki, notarius tərəfindən icra qeydi təsdiq edilərkən “Notariat haqqında” Qanunun tələblərinə əməl edilmişdir. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. Məhkəmə həmçinin qeyd edir ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 01.04.2021-ci il tarixli kredit müqaviləsinə və onun ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən İddiaçı müqavilənin qüvvədə olduğu müddət ərzində 6000 manat əsas borc və 4351,47 manat faiz borcu olmaqla, cəmi 10351,47 manat məbləğində ödəməli olması, icra sənədində qeyd edilən borc məbləğinin mübahisəsiz olduğunu sübut edir. Belə ki, həm iddiaçının məhkəmə iclasında verdiyi izahatından, həm də iş materiallarından məlum oldu ki, iddiaçı kredit müqaviləsi üzrə cəmi 3496,90 manat ödəniş etmişdir ki, həmin məbləğin 1278,29 manat məbləği əsas borcun ödənilməsinə, 2218,61 manat faiz borcunun ödənilməsinə yönəlmişdir. Belə olan vəziyyətdə, məhkəmə hesab edir ki, cavabdeh "xxxx" ASC icra qeydinə əsasən borcludan 4721,71 manat əsas borc ilə yanaşı, 563,23 manat məbləğində faiz borcunun tutulmasını tələb etməkdə haqlı olmuşdur. Digər tərəfdən, “Notariat haqqında” qanunvericiliyin tələbinə uyğun olaraq, cavabdeh "xxxx" ASC icra qeydinin aparılması üçün notariat kontoruna müraciət etdiyi gündən ən azı 20 gün əvvəl borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərdikdən sonra icra qeydinin aparılması üçün notariat kontoruna müraciət etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı cavabdeh notariat ofisinə müraciət etməzdən əvvəl borcluya qeyd olunan məzmunda bildirişin göndərilməsini, həmin bildirişin borcluya çatdırılmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etmişdir. Bundan başqa, məhkəmə iclasında iddiaçı maddi imkanının yaxşı olmamasını əsas gətirərək Bank qarşısında yaranmış pul öhdəliyini icra edə bilməməsini bildirsə də, məhkəmə qeyd edir ki, bu hal notariat kontoru tərəfindən aparılmış icra qeydinin ləğv edilməsinə əsas vermir. Beləliklə məhkəmə hesab edir ki, icra qeydinin təsdiq edilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilmədiyindən, İddiaçı cavabdehlər Gəncə şəhər 3 saylı notariat kontoru və "xxxx" ASC-yə qarşı “icra qeydinin ləğv edilməsi tələbi” barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, iddia isə rədd edilməli olduğundan, məhkəmə xərci olan 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Gəncə şəhər 3 saylı notariat kontoru və "xxxx" ASC-yə qarşı “22 iyun 2021-ci il tarixli icra qeydinin ləğv edilməsi” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-3440/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3440/2021
19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver