Məhkəmə qərarları › İş №2(043)-3459/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3459/2021

19.10.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3459/2021 19.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyət hüququ əsasında ona məxsus olan, ünvan 1 ünvanında yerləşən 20 saylı mənzildən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və yetkinlik yaşına çatmayan X1 və X2 çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyli küçəsi, ev 9, 20 nömrəli mənzil mülkiyyət hüququ üzrə ona məxsusdur. Cavabdeh1 ilə 04 iyun 2021-ci il tarixdə alqı-satqı və ipoteka müqaviləsi bağlayaraq 30000 manat pul ödəyərək mənzili almış, razılıq əsasında cavabdehə ümumilikdə 34500 manat məbləğində pul vermişdir. Alğı-satqı müqaviləsi bağlanmasından 3 ay keçməsinə və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər ona məxsus mənzili boşaltmaqdan imtina edirlər. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, o, mənzil almaq məqsədilə internet saytlarında axtarış edərkən hazırda mülkiyyətində olan mənzilin tap.az saytında 31000 manata satıldığını görmüş, əlaqə telefonuna zəng edərək vasitəçi ilə danışmışdır. Həmin şəxsə mənzili 30000 manata, ipoteka krediti ilə ala biləcəyini demişdir. Vasitəçi də mənzil sahibi ilə danışıb ona məlumat verəcəyini demişdir. Bir qədər sonra vasitəçi ona zəng edərək mənzil sahibinin mənzili 30 000 manata və ipoteka krediti ilə satmağa razı olduğunu bildirmişdir. Bundan sonra o, Cavabdeh1 ilə görüşmüş, ona 500 manat beh vermiş və bankla ipoteka krediti məsələsini həll etməyə başlamışdır. Bankda sənədləşmə işləri zamanı qiymətləndirici gələrək mənzilə qiymət qoymuş, bank həmin mənzilə görə 20 000 manat kredit verməyə razılaşmışdır. Bundan sonra Cavabdeh1 ona zəng edərək mənzili ucuz satdığını, qonşusunda başqasının eyni mənzili 40 000 manata satdığını demiş, ondan əlavə olaraq 3000 manat pul tələb etmişdir. O əvvəlcə razılaşmaq istəməsə də bankın artıq kredit verməyə razı olduğunu, sonradan başqa mənzil tapa bilərsə yenidən eyni prosedurları keçməli olacağını düşünərək çarəsizlikdən əlavə 3000 manat da ödəməyə razılaşmışdır. Daha sonra cavabdehin mənzilin kommunal xidmətlərə görə 500 manat da borcu olduğunu öyrənmiş, cavabdehdən həmin borcların ödənilməsini tələb etsə də cavabdeh ödəməyəcəyini bildirdiyi üçün məcbur qalaraq həmin pulu da ödəmişdir. Bundan sonra Cavabdeh1 onunla birlikdə notariusa getmiş, burada onların və bankın nümayəndəsinin iştirakı ilə alğı-satqı və ipoteka müqaviləsi bağlanmış, bank tərəfindən cavabdehə 20 000 manat, özü tərəfindən isə 13 000 manat pul ödənilmişdir. Ümumilikdə mənzilə görə cavabdehə 33500 manat pul vermişdir. Lakin cavabdeh mənzili bir ay ərzində boşaltmağı öhdəsinə götürsə də hər dəfə müxtəlif bəhanələrlə mənzili boşaltmağı ləngitmiş, daha sonra isə qardaşı Cavabdeh2 mənzildən çıxmağa razı olmadığını, onu razı salmağa çalışdığını deyib bir daha onu gözlətmişdir. O, heç vaxt cavabdehi heç bir formada aldatmamış, cavabdehə yalnız mənzili 30 000 manata ala biləcəyini bildirmişdir. Cavabdeh də bu qiymətlə özü razılaşmışdır. Cavabdehin həyat yoldaşı notariusda ərizə verərək mənzilin satılmasına etiraz etməmişdir. Cavabdehin qardaşı Cavabdeh2 isə hər hansı əsas olmadan mənzildə yaşayır və mənzili tərk etməkdən imtina edir. Cavabdeh dediyinə görə, guya aldanaraq müqavilə bağlamış və mənzili ucuz satmışdır. Halbuki cavabdeh sözügedən mənzili ona satdıqdan sonra əldə etdiyi pula Gəncə şəhəri Məhsəti qəsəbəsində torpaq sahəsi almışdır və orada ev tikdirir. Əgər cavabdeh aldanmış olsa idi həmin pulu xərcləməz və dərhal müqaviləni ləğv etmək barədə təklif verərdi. Cavabdeh ilk dəfə məhkəmədə mənzilin ucuz qiymətə satılıb aldadıldığını bildirmişdir. İndiyə qədər cavabdeh ona yalnız qardaşının mənzildən çıxmağa razı olmadığını bildirmişdir. Buna görə də cavabdehin etirazını əsassız hesab edir və iddianın təmin edilməsini və mənzilin boşaldılaraq ona təhvil verilməsini xahiş edir. Cavabdeh Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, o, uzun müddət Rusiya Federasiyasında yaşadığı üçün Gəncə şəhərində mənzillərin qiymətini bilmir. Mənzili satmaq qərarına gəldikdən sonra vasitəçi ilə danışmış, vasitəçi də ona mənzilin 28-29 min manata satıla biləcəyini demişdir. O da vasitəçiyə mənzili satlığa çıxarmasını tapşırmışdır. Daha sonra vasitəçi ona mənzili 30 000 manata almaq istəyən bir şəxsin olduğunu mübahisəli mənzili 40000 (qırx min) manat dəyərində satışa çıxarmış, sonradan makler ona evi yüksək qiymətə satışa çıxardığını bildirmiş o da evi 30000 manata satışa qoymuşdur. Daha sonra qonşulardan maraqlandıqda həmin ərazidə oxşar mənzilin bazar qiymətinin 40 000 manat olduğunu öyrənmiş, bundan sonra iddiaçıya zəng edərək mənzilin qiymətinin çox ucuz olduğunu, həmin qiymətə satmağa razı olmadığını bildirmişdir. Bundan sonra iddiaçı ilə mənzili 33 000 manata razılaşdırmışdır. Mənzili alğısatqı etdikdən sonra qardaşı Cavabdeh2 ondan mənzili neçəyə satdığını soruşmuş, o da mənzili satdığı qiyməti dedikdə qardaşı ona aldadıldığını bildirmiş, mənzili geri qaytarmasını tələb etmişdir. O da iddiaçıya bu barədə bildirdikdə iddiaçı mənzili geri qaytarmayacağını demişdir. Hazırda mənzili çox ucuz qiymətə satdığı üçün onun ailəsində problemlər yaranmışdır. Həm qardaşı, həm də həyat yoldaşı onun mənzili satmasından narazıdırlar və mənzilin geri qaytarılmasını tələb edirlər. Mənzilin satışından əldə etdiyi pula Məhsəti qəsəbəsində torpaq sahəsi almışdır və orada ev tikdirir. Həmin torpaq sahəsini satıb iddiaçının pulunu qaytarmağa hazırdır. Buna görə də iddianın rədd edilməsini və mənzilinin özünə qaytarılmasını xahiş edir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının MPMnin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarındakı sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 04 iyun 2021-ci il tarixli, İPKD3738141A185 nömrəli alğısatqı və ipoteka müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 1 noyabr 2011-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan, Gəncə şəhəri, Ü.Hacıbəyli küçəsi, ev 9, 20 nömrəli mənzili İddiaçı satmışdır. Daşınmaz əmlak satıcı tərəfindən alıcıya 30000 manat dəyərində satılmışdır. Həmin məbləğin 10000 manatı ilkin ödəniş məbləği olaraq alıcı tərəfindən 20000 manatı isə "xxxx" ASC tərəfindən bankla alıcı arasında bağlanmış 04 iyun 2021-ci il tarixli İPKD3738141A185 saylı müqaviləsinə əsasən alıcıya verilən kredit məbləği hesabına satıcıya notariusun depozit hesabına köçürülmək yolu ilə ödənilir. Kreditin məbləği 20000, illik faiz dərəcəsi 6% kreditin müddəti isə 04.06.2041-ci ildir. Notarial qaydada təsdiq olunmuş **********579 nömrəli ərizədən görünür ki, Cavabdeh3 ünvan 1, 20 nömrəli mənzilin satılmasına və "xxxx" ASC-dən götürülən kreditin təminatı kimi həmin banka ipoteka qoyulmasına razılıq vermişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 28 iyun 2021-ci il tarixli çıxarışdan görünür ki, ünvan 1, mənzil 20 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, X4, X5, Cavabdeh3 və Cavabdeh1 ünvan 1, mənzil 20-də qeydiyyatdadır. İddiaçı və cavabdeh arasında daşınmaz əmlakın alğı-satqısından irəli gələn öhdəlik münasibətləri yaranmışdır. İddiaçı həmin müqaviləyə və daşınmaz əmlak üzərində yaranmış mülkiyyət hüququna əsasən cavabdehlərdən mənzili tələb edir. Cavabdeh1 müqavilə bağlanarkən aldadıldığını irəli sürərək onu etibarsız hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 567.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İşin mübahisəsiz halı kimi müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh1 mənzilin qiymətini ilkin olaraq 30000 manat razılaşdırmışdır. Cavabdeh1 mənzili ilkin olaraq 31 000 manata satışa çıxarmış, iddiaçı mənzilə 30 000 manat təklif etmiş, Cavabdeh1 da həmin məbləğlə razılaşmışdır. Müqavilə bağlanmazdan əvvəl Cavabdeh1 əlavə olaraq 3000 manat tələb etmiş, iddiaçı da həmin məbləği və əlavə olaraq da kommunal xidmətlərə görə yığılmış borcu, yəni 500 manatı ödəmişdir. Ümumiyyətlə, cavabdeh mənzili satarkən aldadıldığını bildirsə də iddiaçının onu aldatmaq üçün hər hansı hərəkət etdiyinə istinad etməmişdir. Cavabdehin izahatından belə çıxır ki, onu iddiaçı yox, vasitəçi aldatmışdır. Həm də bu aldatma iddiaçının mənzili alması zamanı yox, cavabdeh öz mənzilini satışa çıxararkən baş vermişdir. Göründüyü kimi iddiaçının cavabdehi aldatmasından ümumiyyətlə söhbət gedə bilməz. Cavabdeh mənzilin qiymətini özü müəyyən etmiş, hətta son olaraq mənzilin ilkin olaraq müəyyən etdiyi qiymətindən (31 000 manat) daha artıq qiymətə (33500 manat) mənzili iddiaçıya satmışdır. Bu baxımdan cavabdehin etirazının dəlili öz təsdiqini tapmamışdır. Mənzildə hazırda yaşayan şəxslərdən Cavabdeh3 iddiaçının həyat yoldaşıdır və notarial qaydada təsdiq edilmiş ərizə ilə mənzilin satılmasına və ipoteka ilə yüklü edilməsinə razılıq vermişdir. Alğı-satqı və ipoteka müqaviləsinin 3.6.3 və 3.6.4-cü bəndlərində Cavabdeh1 müqavilənin təsdiq olunduğu tarixdən 30 gün müddətində mənzildə qeydiyyatda olan şəxslərlə birlikdə qeydiyyatdan çıxmağı və mənzili iddiaçıya təhvil vermək vəzifəsini üzərinə götürmüşdür. Cavabdeh2 cavabdehin qardaşı kimi onun şifahi razılığına əsasən həmin mənzildə yaşayan şəxsdir və mənzilə dair hər hansı hüququ, eləcə də mənzildə pasport qeydiyyatı yoxdur. X4 və X5 cavabdehlər Cavabdeh1 və Cavabdeh3 uşaqlarıdır və onlarla birlikdə yaşayırlar. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər.Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Göründüyü kimi cavabdehlər alğı-satqı müqaviləsinin bağlanmasından 30 gün ərzində həmin mənzili boşaltmaq, pasport qeydiyyatından çıxmaq və mənzili iddiaçıya təhvil vermək vəzifələri daşısalar da bu vəzifələrini icra etməmişlər. Mübahisəli mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdehlərin mübahisəli mənzildə iddiaçının iradəsinin ziddinə qalmaları üçün hər hansı qanuni əsas yoxdur. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq, cavabdehlərin mənzildən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbi təmin edilməli, cavabdehlər mübahisəli mənzildən çıxarılmalı, mübahisəli mənzil cavabdehlər tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və yetkinlik yaşına çatmamış uşaqları X4 (01.07.2007-ci il təvəllüdlü) və X5 (05.10.2009-cu il təvəllüdlü) ünvan 1 ünvanda yerləşən 20 saylı mənzildən çıxarılsın və mənzil boşaldılaraq İddiaçı təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar