Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3461/2021 27.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 qarşı evdən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh8, Cavabdeh7, Cavabdeh9 və Cavabdeh10 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin ona məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, A.Məmmədov küçəsi, 16 nömrəli fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Gəncə şəhəri, Kəpəz rayonu, Aqil Məmmədov küçəsi, 16 nömrəli fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir.Həmin ev atasından ona miras qalmışdır. Evə dair hüquqları rəsmi reyestrdə qeydə alınmışdır. Cavabdehlər onun qardaşı və ailə üzvləridir. Digər cavabdehlər Cavabdeh6 və Cavabdeh5 onun evinə hansı qaydada qeydiyyata alınmalarından məlumatı yoxdur və həmin şəxsləri tanımır. Qardaşı Cavabdeh1 uzun illərdir ki, özlərinə məxsus evdə yaşayırlar. Onların onun mülkiyyətində olan evə dair hər hansı bağlılıqları yoxdur. Cavabdehlər hər dəfə qeydiyyatdan çıxacaqlarını bildirsələr də hələ də qeydiyyatdan çıxmamışdırlar. Cavabdehlərin ona məxsus evdə qeydiyyatda qalmaları onun əmlakı üzərində sərəncam və istifadə hüquqlarını pozur. Ona görə də məcbur olub məhkəməyə müraciət etmişdir. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə cavabdehlərin sonuncu yaşayış üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandırmaqla, MPM-in 147-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Bundan başqa cavabdehlərə telefonoqram vasitəsi ilə məlumat verilərkən cavabdehlərdən Cavabdeh1 digər cavabdehlərin onun ailə üzvləri olmasını, yaşadıqları evin çıxarışı olmadığından öz evlərinə qeydiyyata alınmaları mümkün olmadığından iddiaçının evindən qeydiyyatdan çıxmadıqlarını və iddiaçıya məxsus evdən qeydiyyatdan çıxarılmalarına etirazları olmadığını bildirmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş- 17.12.2014-cü il tarixli, RX ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Aqil Məmmədov küçəs, 16 nömrəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına rəsmi reyestrdə qeydiyyata alınmışdır; AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Yaşayış yeri üzrə qeydiyyat haqqında 16.09.2021-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh8, Cavabdeh7, Cavabdeh9 və Cavabdeh10 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş 09.09.2021-ci il tarixli məktubdan görünür ki, cavabdehlərin Gəncə şəhəri, Kəpəz rayonu, Aqil Məmmədov küçəsi, 16 nömrəli fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmasından imtina edilmişdir. Evlər Üçlüyü tərəfindən verilmiş 04.10.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh8, Cavabdeh7, Cavabdeh9 və Cavabdeh10 ünvan 1 ünvanında qeydiyyatda olmaqlarına baxmayaraq həmin ünvanda yaşamırlar. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə tədqiq olunmuş sübutlara hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfinldən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.(Konstitusiya. mad. 29.) Digər hüquq və azadlıqlarla yanaşı mülkiyyət hüququnun müdafiəsi vasitələrindən biri də Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunan qanunvericilikdən göründüyü kimi əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İşin mübahisə edilməyən hallarından müəyyən olur ki, iddiaçının iddia etdiyi fərdi yaşayış evi mülkiyyətində olmaqla rəsmi reyestrdə qeydiyyata alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh8 azyaşlı uşaqları 10.01.2011-ci il təvəllüdlü Cavabdeh7, 07.04.2020-ci il təvəllüdlü Cavabdeh9 və 31.01.2017-ci il təvəllüdlü Cavabdeh10 ilə birlikdə İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Aqil Məmmədov küçəsi, 16 nömrəli fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu tələb olunmadığından idiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh8 azyaşlı uşaqları 10.01.2011-ci il təvəllüdlü Cavabdeh7, 07.04.2020-ci il təvəllüdlü Cavabdeh9 və 31.01.2017-ci il təvəllüdlü Cavabdeh10 ilə birlikdə İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Aqil Məmmədov küçəsi, 16 nömrəli fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-3461/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3461/2021
27.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver