Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3471/2020 19.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndsi X4 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi, mənzilin boşaldılması və təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi, mənzilin boşaldılması və təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi, 5 saylı binanın, 15 saylı mənzilinin (Reyestr nömrəsi **********66-05101-093035) boşaldılması və qeyd olunan əmlakın İddiaçı ASC-yə təhvil verilməsi və Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh4 həmin mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti X9 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borc məbləğinin tutulması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Kəlbəcər rayon Məhkəməsinə müraciət etmişdir. Kəlbəcər rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(040)-845/2017 saylı icra vərəqəsi ilə iddia qismən təmin edilmiş, X5 İddiaçı ASC-nin xeyrinə cəmi 15962,81 (on beş min doqquz yüz altmış iki dollar səksən bir sent ) ABŞ dolları borcun tutulması, tutmanın Cavabdeh1 məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsi, bina 5, mənzil 15 ünvanda mənzilə yönəldilməsi və mənzilin açıq hərracdan satılması yolu ilə əldə edilmiş vəsait hesabına banka olan borcunun ödənilməsi qət edilmişdir. Əmlak, Gəncə şəhəri üzrə İcra İdarəsinin AC-285469/17 saylı, xx.xx.2019-cu il tarixli sifariş məktubuna əsasən “xxxx” MMC tərəfindən hərraca çıxarılmış, hərracda satılmadığına görə Banka təklif olunmuşdur. İddiaçı ASC tərəfindən mənzilin alınması təklifi qəbul edilmiş və buna uyğun olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Çıxarışa (Reyestr nömrəsi - **********66-05101-093035, Qeydiyyat nömrəsi **********) əsasən yuxanda göstərilən əmlak mülkiyyət hüququ əsasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adına rəsmiləşdirilmişdir. Bank tərəfindən mənzilin boşaldılması və Banka təhvil veriməsi üçün əmlakın əvvəlki mülkiyyətçisinə pretenziya məktubu göndərilsə də, bu heç bir nəticə verməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmə iclasında İddiaçı ASC-nin X10 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilsə də, məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş Kəlbəcər Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli 2(040)-845/2017 saylı qətnaməsinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, xx xxxx 2015-ei il tarixli, № 121/AN/km nömrəli kredit müqaviləsi üzrə cavabdeh X5 əsas borca görə 12590,69 ABŞ dolları, faiz borcuna görə 3372,12 ABŞ dolları olmaqla, cəmi 15962,81 ABŞ dolları borc ödəniş gününə Azərbaycan manatının məzənnəsinə uyğun ödənilmək şərti ilə alınaraq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilməsi, cavabdeh X6 30 (otuz) manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 31 manat məbləğində pul, cəmi 61 manat alınaraq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilməsi, tələb ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan, ünvan 1 mənzil 15 ünvanında yerləşən ümumi sahəsi 60,6 m2, yaşayış sahəsi 35,7 m2, yardımçı sahəsi 24,9 m2 olan 3 otaqlı mənzil açıq hərracda satılsın və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh X8 xx xxxx 2015-ei il tarixli, № 121/AN/km nömrəli nömrəli kredit müqaviləsi üzrə cəmi 15962,81 ABŞ dolları borcu, 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 31 manat məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 5 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 141 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixdə keçirilmiş hərracın nəticələri haqqında 10/06 nömrəli protokolun surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə, ünvan 2 (20A) 1933 məhəllə ünvanında Gəncə şəhər üzrə İcra İdarəsinin sifarişi, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin təşkilatçılığı ilə hərrac keçirilmiş, Cavabdeh1 məxsus ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsində yerləşən 5 saylı binanın 15 saylı mənzili İddiaçı ASC tərəfindən 19763 manata alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixdə çap edilmiş “Elektron notariat” X1 Çıxarışından görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh4 yaşayış yeri üzrə Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyli küçəsi, bina 5, mənzil 15 ünvanda, Cavabdeh2 yaşayış yeri üzrə Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyli küçəsi, bina 25, mənzil 15 ünvanda və Cavabdeh3 yaşayış yeri üzrə Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyli küçəsi, bina 15, mənzil 15 ünvanda qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh4 Cavabdeh1 məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyov küçəsi, bina 5, mənzil 15 ünvanda yerləşən mənzilin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ipoteka (girov) qoyulmasına razı olduğunu, ipoteka qoyulmuş mənzilə tutma yönəldikdə, o satıldıqda qeyd-şərtsiz mənzili tərk etməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 42.8-ci maddəsinə əsasən hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. 59.3-cü maddəsinə əsasən yaşayış evi ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduqda və ipoteka qoyulmuş ev satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. 59.4-cü maddəsinə əsasən ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, mübahisəli Gəncə şəhəri, Kəpəz Rayonu, Ü.Hacıbəyli küçəsi, bina 5, 15 saylı mənzil İddiaçı ASC ilə X11 arasında bağlanmış kredit müqavilələrin təminatı olaraq bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Sonradan cavabdehlər kredit müqaviləsi üzrə götürdükləri öhdəliyi icra etmədiklərindən, banka olan borclarını müqavilə ilə nəzərdə tutulan vaxt və qaydada ödəmədiklərindən borcun tutulması ipoteka predmetinə yönəldilmiş və mübahisəli mənzil iddiaçının mülkiyyətinə keçmişdir. Hal-hazırda mübahisə predmeti olan mənzil İddiaçı ASC-nin xüsusi mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 hazırda mübahisəli fərdi yaşayış evində yaşasalar da, onların mənzil üzərində qanundan və ya müqavilədən irəli gələn heç bir hüquqları yoxdur. Digər tərəfdən Mülki Məcəllənin 228.4-cü maddəsinə əsasən istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barədə ərizə verməsi onun istifadə hüququna xitam verilməsi üçün əsasdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 iddiaçının xüsusi mülkiyyətində olan mənzildə yaşaması sonuncunun öz mülkiyyətinə sahiblik və istifadə hüququnu məhdudlaşdırır. Məhkəmə iddia tələbinin digər cavabdehlər olan Cavabdeh2 və Cavabdeh3 münasibətdə münasibətdə rədd edilməli olması qənaətinə gəlmişdir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 mübahisəli mənzildə yaşamaları, həmçinin onların həmin mənzillə bağlı hüquq bağlılığının olub-olmaması barədə məhkəməyə iddiaçı tərəfindən sübut təqdim olunmamışdır. Əksinə məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 yaşayış yeri üzrə qeydiyyatları başqa ünvandadır. Buna görə də, iddia tələbi Cavabdeh2 və Cavabdeh3 qarşı münasibətdə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı ASC-nin mülkiyyətində olan ünvan 5 mənzil 15 ünvanından istifadə hüquqlarına xitam verilməklə, həmin mənzil boşaldılsın və İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-3471/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3471/2020
19.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver