Məhkəmə qərarları › İş №2(043)-348/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-348/2021

19.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-348/2021 19.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı və etibarnamə üzrə nümayəndəsi (vəkili) X2 və Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) X12 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh miras payın bağışlanması müqaviləsinin və onun əsasında 08.09.2020-ci il tarixdə verilmiş çıxarışın ləğv olunması, miras mülkdə 5/8 payın ona, 1/8 payın qızı Sevincə, 1/8 payın qızı Arzuya, 1/8 payın isə cavabdehə ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X7 iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək Cavabdeh miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi və miras mülkdən payların müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinə dəqiqləşmə verildiyi kimi baxmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, mərhum əri X8 04.02.2020-ci ildə vəfat etmişdir. Gəncə şəhəri F.X.Xoyski küçəsi ev 26/28-də yerləşən fərdi yaşayış evi ərindən miras qalmışdır. 21.08.2020-ci il tarixdə 2V-53 saylı mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən miras əmlakın 1/2 hissəsinə və 2V-154 saylı qanun üzrə vərəsəlik hüququ əsasında şəhadətnaməyə əsasən 2/8 hissəsinə onun və 2/8 hissədə Cavabdeh «mülkiyyət» hüquqları tanınmışdır. O, 3M-183 saylı miras payın bağışlanması müqaviləsinə əsasən vərəsəlik payını Cavabdeh bağışlamışdır. Bu bağışlama müqaviləsinə əsasən Cavabdeh 3/4 pay və mərhum X4 1/4 pay adlarına 08.09.2020-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Belə ki, onun üç övladı var. Cavabdehin adına bağışlama müqaviləsi verərkən xəstə olmuşdur, yaşlı qadındır, mahiyyətini dərk etməmişdir, cavabdeh ona baxacağını və bütün problemlərini həll edəcəyini demişdir. Lakin cavabdeh bağışlama müqaviləsindən sonra bir dəfə də olsun onunla maraqlanmamışdır. Cavabdeh onu aldadaraq bunu etmişdir. Odur ki, bağışlama müqaviləsinin ləğv olunması və onun əsasında 08.09.2020-ci ildə cavabdehə verilmiş çıxarışın ləğv olunmasını və mirasda 5\8 hissədə onun, 1/8 hissədə qızı Sevincin, 1/8 hissəsədə qızı Arzunun, 1/8 hissədə isə cavabdehin payları müəyyən olunmalıdır. Məhkəmə iclasında İddiaçı izahatında göstərdi ki, o, heç vaxt miras payını cavabdeh olan qızına bağışlamamışdır. Əri öləndən sonra qızı Ümidə onun məlumatı olmadan onun payını öz adına keçirmişdir. Onun bu işlərdən başı çıxmadığı üçün nə baş verməsindən məlumatı olmamışdır. Onun himayəsində daun xəstəsi olan 2-ci qrup qızı vardır. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X7 iddianı müdafiə edərək göstərdi ki, cavabdeh miras açılan vaxt mirasın qəbulu ilə bağlı sənədləşmə işləri aparması adı ilə iddiaçının verdiyi etibarnamə əsasında iddiaçının bütölükdə əmlakını ələ keçirmişdir.İddiaçının bundan məlumatı olandan sonra dərhal etibarnaməni ləğv etdirmişdir. Necə ola bilər ki, iddiaçının himayəsində Daun xəstəsi olan 2-ci qrup əlil qızı olduğu halda öz əmlakını bütövlükdə cavabdehə bağışlasın. Cavabdehin özünün başqa evi olduğu halda 2-ci qrup əlilin yaşadığı evi də öz adına keçirmişdir. Hesab edirlər ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) X18 iddianı qəbul etməyərək izahatında göstərdi ki, sözügedən vərəsəlik şəhadətnamələri və bağışlama müqaviləsi bağlanarkən heç bir qanun pozuntusuna yol verilməmişdir. Belə ki, vərəsəlik şəhadətnaməsi iddiaçının öz iştirakı ilə tərtib olunmuş, bağışlama müqaviləsi isə etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vasitəsi ilə bağlanmışdır. İddianın əsassız olduğunu göstərərək təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:-13.10.2016-cı il tarixli, RX0944866 seriyalı, ********** qeydiyyat nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Gəncə şəhəri F.X.Xoyski küçəsi, 26-28 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X6 məxsus olmuşdur. Gəncə şəhəri Kəpəz rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 23.06.2020-ci il tarixli, 777 nömrəli arayışdan görünür ki, mərhum X1 qalan vərəsələri arvadı İddiaçı və uşaqları Cavabdeh, X10 və X11r. Gəncə şəhəri 1 saylı notariat ofisi tərəfindən 21.08.2020-ci il tarixli, 2V-153 reyestr nömrə ilə təsdiq edilmiş mülkiyyət hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı X6 məxsus olan Gəncə şəhəri F.X.Xoyski küçəsi 26-28 nömrəli fərdi yaşayış evinə 1/2 hissədə mülkiyyət hüququ tanınmışdır. Gəncə şəhəri 1 saylı notariat ofisi tərəfindən 21.08.2020-ci il tarixli, 2V-154 reyestr nömrə ilə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür X4 vərəsələri, İddiaçı və Cavabdeh Gəncə şəhəri F.X.Xoyski küçəsi 26-28 nömrəli fərdi yaşayış evinə hər birinin 2/8 hissədə miras payları müəyyən edilmişdir. Gəncə şəhəri 1 saylı notariat ofisi tərəfində 21.08.2020-ci il tarixli 3M-183 reyestr nömrə ilə təsdiq edilmiş miras payın bağışlanması müqaviləsinin surətindən görünür ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi X19 21.08.2020-ci ildə 2V-153 saylı reyestrlə təsdiq edilmiş mülkiyyət hüququ haqqında şəhadətnamə və 2V-154 saylı reyestrlə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə üzrə 0,0169 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 115,1 kvm olan Gəncə şəhəri, F.X.Xoyski küçəsi, 26-28 nömrəli evdən İddiaçı məxsus miras payını Cavabdeh bağışlamışdır. 08.09.2020-ci il qeydiyyat tarixli və ********** qeydiyyat nömrəli elektron çıxarışdan görünür ki, Gəncə şəhəri, X25 küçəsi, 26-28 nömrəli fərdi yaşayış evindən Cavabdeh 3/4 hissədə payı müəyyən edilmişdir, 1/4 hissədə pay isə mərhum X4 adına açıq saxlanmışdır. Gəncə şəhəri 1 saylı notariat ofisinin 10.06.2020-ci il tarixli, 7E-1864 reyestr nömrəli etibarnamənin elektron çıxarışından görünür ki, İddiaçı harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayvrvq özünə məxsus bütün əmlakı idarə etməyi və onun üzərində sərəncam verməyi, buna mvafiq olaraq bütün hallardı öz mülahizəsinə görə məbləği, müddəti və şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən:almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, vərəsəliyi qəbul etməyi və.s hərəkətlərin aparılmasını X14 10.06.2030-cu il tarixə qədər etibar etmişdir. Qeyd olunan etibarnaməyə 27.10.2020-ci il tarixdə xitam verilmişdir. DƏDRX-in 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 14.09.2020-ci il tarixli, **********33 nömrəli məktubundan görünür ki, 1 saylı notariat ofisinin 21.08.2020-ci il tarixli 2V-153 saylı mülkiyyət hüququ haqqında şəhadətnaməsinə əsasən Gəncə şəhəri, X25 küçəsi, 26-28 nömrəli fərdi yaşayış evinin 1/2 hissəsinə İddiaçı və 2V-154 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən 2/8 hissəsinə İddiaçı və 2/8 hissəsinə Cavabdeh mülkiyyət hüquqları tanınmışdır, 3M-183 saylı miras payın bağışlanması müqaviləsinə əsasən İddiaçı öz vərəsəlik payını Cavabdeh bağışlamışdır. Cavabdeh 3/4 pay və X4 1/4 pay adlarına 08.09.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. 08.09.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, X25 küçəsi, 26-28 nömrəli fərdi yaşayış evindən Cavabdeh 3/4 payı və X4 1/4 payı rəsmi reyestrdə qeydə alınmışdır. İşin müəyyən olunmuş hallarından görünür ki Gəncə şəhəri, X25 küçəsi, 26-28 nömrəli fərdi yaşayış evi iddiaçının əri X3 miras qalmışdır. Miras açılandan sonra vərəsələrdən iddiaçı və cavabdeh notariat ofisinə müraciət edərək mirası qəbul etməklə miras əlakdan hər birinə 2/8 hissədə payları müəyyən edilmişdir. ½ pay isə iddiaçının birgə nikah dövründə əldə edilmiş mülkiyyəti hesab edilmişdir. İddiaçı tərəfindən harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq özünə məxsus bütün əmlakı idarə etməyi və onun üzərində sərəncam verməyi, buna mvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, vərəsəliyi qəbul etməyi və.s hərəkətlərin aparılmasını cavabdehin qızı X14 etibar etmişdir. İddiaçı iddia etmişdir ki, o, miras əmlakda olan payını heç vaxt cavabdehə bagışlamamış və onun etibarnamədən xəbəri olmamışdır. Məhkəmə iddiaçının etibarnamədən məlumatının olmamasını və cavabdehin qızına etibarnamə verməməsi barədə göstərdiyi dəlilləri işin müəyyən olunmuş hallarına uyğun hesab etmir. Digər tərəfdən iddiaçı himayəsində daun xəstəsi olan 2-ci qrup əlil qızının olduğu halda özünə məxsus əmlakın cavabdehə bagışlamasını həqiqətə uyğun olmadığını göstərmişdir. Məhkəmə tədqiq olunmuş sübutları araşdırıb, işin müəyyən olunmuş hallarını nəzərə alaraq tətbiq olunmalı hüquq normaları baxımından hesab edir ki, iddia qismən təmin olunmalıdır. Əvvəla məhkəmə qeyd edir ki, iddiaçının xüsusən cavabdehin qızına etibarnamə verməsi və etibar edilən şəxsin əmlakı öz anasına bağışlaması inandırıcı deyildir. Belə ki, etibar edən etibarnamədə bir neçə hərəkətlərin aparılmasını o cümlədən də miras əmlakın onun adından qəbul edilməsi səlahiyyətini də etibar edilənə etibar etmişdir. Məhz bagışlanma müqaviləsi də həmin tarixdə və eyni vaxtda bağlanmışdır. Əgər iddiaçının öz payını bağışlamaq niyyəti olsa idi elə həmin vaxtda biləvasitə öz iştirakı ilə bagışlama müqaviləsini imza etmiş olardı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. MM-in 324.5-cü maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. MM-in əqdlərin etibarsızlığı ilə bağlı müvafiq normalarına əsasən əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibi; əqdin məzmunu; əqdin forması; iradə və iradə ifadəsinin bir-birinə uyğunluğu. İşin məhkəmə tərəfindən müəyyən olunmuş halları ilə İddiaçı fərdi yaşayış evindən ona məxsus olmuş payının Cavabdeh İsmayıl qızına bağışlamaqla bağlı iradəsinin olmadığı və əqdin bağlanması məqsədi ilə aldadıldığı müəyyən edildiyindən, o, bağlanmış bağışlama müqaviləsini mübahisələndirməkdə haqlı olmuşdur. Belə ki, MM-in 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqd mübahisələndirilə bilər. Belə mübahisələndirilmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Belə əqdlər etibarsızdır. Bundan başqa, qeyd edilməlidir ki, mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin, qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir. Belə ki, MM-in 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı MM-nin 362.1-ci maddəsində göstərilmişdir. Həmin normaya əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. MM-in 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Göstərilən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. Bununla bağlı “Q.İbadovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 7 mart 2016-cı il tarixli Qərarında göstərilir ki, “Mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir. Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı Mülki Məcəllənin 362.1-ci maddəsində göstərilmişdir. Həmin normaya əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. Mülki Məcəllənin 362.2-ci maddəsinə görə, notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Mülki Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında brokerlik halı istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Göstərilən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdləri bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir”. Konstitusiya Məhkəməsinin qeyd olunan Qərarındakı mövqeyini və Mülki Məcəllənin 359 və 362-ci maddələrini nəzərə alaraq məhkəmə hesab edir ki, mübahisə predmeti olan bağışlama müqaviləsi bağlanarkən qanunla müəyyən edilmiş şərtlərə əməl edilməmişdir. Belə ki, İddiaçı (etibar edilən) etibarnamə verərkən X19 (təmsil olunan), etibar edilənin deyil öz maraqlarından sıxış edərək idiaçının miras əmlakda olan payını anasına bagışlamışdır. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsi qanunla müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığından, həmin müqavilə etibarsız hesab edilməlidir. MM-in 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. MM-in 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə həmçinin iddianın mübahisəli fərdi yaşayış evinə dair Cavabdeh adına verilmiş çıxarışın ləğv edilməsinə dair hissəsinə qiymət verərək hesab edir ki, iddianın həmin hissəsi də əsaslıdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə hesab edir ki, mübahisəli mənzilə dair Cavabdeh adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış həmin evə dair bağlanmış 21.08.2020-ci il tarixli bağışlama müqaviləsi əsasında verilmişdir. Buna görə də mübahisəli fərdi yaşayış evinə dir bağlanmış bağışlama müqaviləsi etibarsız hesab olduğundan, iddia həmin hissədə də təmin edilərək, mübahisəli evə dair cavabdehin adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da Cavabdeh münasibətdə ləğv edilməlidir. MM-in 1159.1-1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrə birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) daxildirlər. MM-in 1243.1-1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. MM-in MM-in 1246-cı maddəsində göstərilmişdir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir İdia tələbinin vərəsələrdən X5 payının müəyyən edilməsinə gəldikdə məhkəmə hesab edir ki, Sevinc Hüseynova keçən müddət ərzində mirasın qəbulu ilə bağlı müraciət etməmiş mirasın qəbul edilməsi müddətini keçirmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismn təmin olunmalı, Gəncə şəhəri, X25 küçəsi, 26-28 nömrəli fərdi yaşayış evindən iddiaçı X13 çatası payın onun adından X19 tərəfindən Cavabdeh bağışlanmasına dair Gəncə şəhəri 1 saylı notariat ofisində bağlanmış 21.08.2020-ci il tarixli, 3M-183 reyestrlə qeydə alınmış bağışlama müqaviləsi etibarsız hesab edilməli, Cavabdeh adına verilmiş 08.09.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış Cavabdeh Gəncə şəhəri, X25 küçəsi, 26-28 nömrəli fərdi yaşayış evindən mülkiyyət hüququ üzrə ¾ hissədə payının qeydə alınması hissəsində ləğv edilməli, Gəncə şəhəri, X25 küçəsi, 26-28 nömrəli fərdi yaşayış evindən İddiaçı 4/6 hissədə, Cavabdeh 1/6 hissədə, X9 1/6 hissədə vərəsəlik qaydasında payları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia qismən təmin olunsun. Gəncə şəhəri, X25 küçəsi, 26-28 nömrəli fərdi yaşayış evindən iddiaçı X13 çatası payın onun adından X19 tərəfindən Cavabdeh bağışlanmasına dair Gəncə şəhəri 1 saylı notariat ofisində bağlanmış 21.08.2020-ci il tarixli, 3M-183 reyestrlə qeydə alınmış bağışlama müqaviləsi etibarsız hesab edilsin. Cavabdeh adına verilmiş 08.09.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış Cavabdeh Gəncə şəhəri, X25 küçəsi, 26-28 nömrəli fərdi yaşayış evindən mülkiyyət hüququ üzrə ¾ hissədə payının qeydə alınması hissəsində ləğv edilsin. Gəncə şəhəri, X25 küçəsi, 26-28 nömrəli fərdi yaşayış evindən İddiaçı 4/6 hissədə, Cavabdeh 1/6 hissədə, X9 1/6 hissədə vərəsəlik qaydasında payları müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar