Məhkəmə qərarları › İş №2(043)-3480/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3480/2021

24.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3480/2021 24.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu Ərizəçi “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq müəyyən e t d i: Ərizəçi məhkəməyə müraciət edərək atası X1 15.01.1936-cı il tarixdə Ermənistanda doğulması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin ərizəsini öyrənərkən müəyyən edilmişdir ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308 və 310-cu maddəsinin tələblərinə riayət edilmədən verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Normanın məzmunundan da göründüyü kimi məhkəmənin doğumun qeyd edilməsi faktının müəyyən edilməsi barədə ərizəyə baxması üçün ərizəçi doğumu təsdiq edən sənədləri müvafiq icra hakimiyyəti orqanında bərpa etmənin mümkün olmamasını təsdiq edən sənədlər təqdim etməlidir. Ərizəçi ərizəsinə Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialının 16 avqust 2021-ci il tarixli məktubunu əlavə etmişdir. Məktubun məzmunundan belə aydın olur ki, ərizəçi arxiv idarəsinə atasının doğumu haqqında arxiv sənədlərinin əldə edilməsi üçün müraciət etmiş və atasının Ermənistan Respublikasında doğulduğunu bildirmişdir. Təbii olaraq arxiv idarəsindən ona başqa dövlətin arxiv sənədlərinin onlarda saxlanmadığı barədə cavab verilmişdir. Ərizəçi ilk növbədə doğum akt qeydinin bərpa olunması üçün müvafiq icra hakimiyyəti orqanına, yəni Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq rayon üzrə qeydiyyat şöbəsinə müraciət etməli olduğu halda bunu etməmişdir. Digər tərəfdən ərizəçi ərizəsində atasının doğumunun qeyd edilməsi faktının ona hansı məqsədlə lazım olduğunu da göstərməmişdir. Bununla ərizəçi ərizənin forma və məzmununa dair tələblərə də riayət etməmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019cu il tarixli, 03 saylı qərarının 1.6-cı bəndində göstərilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Həmin Qərarın 4.1-ci bəndində qeyd olunur ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara a l d ı: Ərizəçi “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar