Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3524/2021 04.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu İddiaçılar "xxxx" Şirkəti və İddiaçı2 Cavabdeh qarşı «əmlak kompleksindən və torpaq sahəsindən çıxarılma, vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar "xxxx" Şirkəti və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 1 ünvanda yerləşən, "xxxx" Şirkətinin istifadəsində olan 0,18 ha torpaq sahəsindən və 1963,3 m2 ümumi, 1604,2 m2 əsas, 359,1 m2 köməkçi sahədən ibarət əməlak kompleksindən çıxarılması, cavabdehdən 25705 manat məbləğində ziyanın əvəzi kimi "xxxx" Şirkətinə ödənilməsi, cavabdehdən 40 000 ABŞ dolları məbləğində ziyanın əvəzi kimi İddiaçı2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materialları öyrənilərkən müəyyən edilmişdir ki, predmetinə görə hazırkı mübahisə kommersiya mübahisəsi hesab edildiyindən mülki iş məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. İddianın məzmuundan və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi iddiaçı "xxxx" Şirkəti kommersiya hüquqi şəxsdir. İddiaçı2 həmin hüquqi şəxsin təsisçisi, Cavabdeh isə hüquqi şəxsin direktorudur. İddia tələbinin əsasını cavabdehin Şirkətin direktoru olduğu müddətdə Şirkətin əmlakını öz əmlakı kimi istifadə etməsi və Şirkətə və təsisçiyə maddi ziyan vurması təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsin əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18.09.2020-ci il tarixli 10 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr nəzərə almalıdır ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. MPM-in 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmələrə izah edilir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Qeyd edilən Qərarın 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Qeyd edilən Qərarın 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Göründüyü kimi hazırkı mübahisə üzrə tərəflərdən biri hüquqi şəxs və onun təsisçisi, digəri isə həmin hüquqi şəxsin direktorudur. Mübahisə sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gələn korporativ mübahisədir. Buna görə də həmin mübahisəyə kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 403-1.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 403-1.2-ci maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Həmin Məcəllənin 403-1.3-cü maddəsinə əsasən məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 32, 263, 264, 403.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar "xxxx" Şirkəti və İddiaçı2 Cavabdeh qarşı «əmlak kompleksindən və torpaq sahəsindən çıxarılma, vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403-1.3, 407.1-407.3-cü maddələrinin tələblərinə riayət etməklə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-3524/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3524/2021
04.10.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver