Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-357/2021 04.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Gəncə şəhər 5 saylı notariat ofisinə və Cavabdeh2 ASC-yə qarşı “icra qeydinin ləğv edilməsi tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Gəncə şəhər 5 saylı notariat kontoruna və Cavabdeh2 ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər 5 saylı Dövlət notariat kontorunun 81-3505 nömrəli, 17.06.2020-ci il tarixli icra sənədinin ləğv edilərək, onun banka olan əsas və faiz borcu barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək, Gəncə şəhəri 5 saylı notariat ofisi tərəfindən verilmiş 17 iyun 2020-ci il tarixli 8İ- 3505 reyestr nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhər 5 saylı notariat ofisinin 81- 3505 nömrəli, 17.06.2020-ci il tarixli icra sənədinə əsasən ondan Cavabdeh2 ASC -nin xeyrinə 10722,05 ABŞ dolları məbləğində pulun tutulması qərara alınmışdır. Qeyd olunan icra qeydi ilə o tamamilə razı deyildir. Belə ki, hesab edir ki, onun banka olan borcu qeyd olunan məbləğ qədər deyil. Həmçinin icra qeydində yazılan borc məbləği onun banka olan əsas, faiz və ya cərimə borcunun olduğu barədə heç bir məlumat qeyd olunmayıbdır. Odur ki, hesab edir ki, onun banka olan borcu məhkəmə tərəfindən araşdırılmalı və qeyd olunan Gəncə şəhər 5 nömrəli notariat ofisinin 8İ-3505 nömrəli, 17.06.2020-ci il tarixli icra sənədi ləğv edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək əlavə olaraq bildirdi ki, icra qeydi tərtib edilməmişdən əvvəl bank tərəfindən ona tələblə bağlı icra qeydinin aparılacağı barədə bildiriş göndərilməmişdir. Bundan başqa, icra qeydində onun banka olan borcu həddindən artıq şişirdilmişdir. Onun banka həmin məbləğdə borcu ola bilməz. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Gəncə şəhər 5 saylı notariat ofisi və Cavabdeh2 ASC məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclaslarının onların nümayəndəsinin iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Bu səbəbdən məhkəmə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan məhkəmə baxışının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Gəncə şəhəri 5 saylı notariat ofisi tərəfindən verilmiş 17 iyun 2020-ci il tarixli 8İ-3505 reystr nömrəli icra qeydinin surətindən görünür ki, İddiaçı tələbkar Cavabdeh2 ASC-nin xeyrinə 10722 ABŞ dolları pulun və tələbkar tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun tutulması qərara alınmışdır. İcra qeydinin verilməsinə əsas olmuş “Notariat icra qeydi haqqında ərizə”dən görünür ki, icra qeydinin verilməsinə əsas olan öhdəliyi müəyyən edən sənəd 18 mart 2015-ci il tarixli, DP/34124/50/29 nömrəli kredit müqaviləsidir. Ərizədə göstərilir ki, kredit müqaviləsi üzrə borclunun 5060,86 ABŞ dolları əsas borcu, 5661,19 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 10722,02 ABŞ dolları borcu vardır. İş materiallarına əlavə edilmiş 18 mart 2015-ci il tarixli, DP/34124/50/29 saylı kredit sazişinin və kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh2 ASC İddiaçı 30 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 11612 ABŞ dolları məbləğində kredit vermişdir. Qeyd olunan kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəli ilə müəyyən olunur ki, İddiaçı müqavilənin qüvvədə olduğu müddət ərzində 11612 ABŞ dolları əsas borc ilə yanaşı, 4123,05 ABŞ dolları məbləğində faiz borcu ödəməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh2 ASC arasında 18.03.2015-ci il tarixli kredit sazişi bağlanmış, həmin kredit sazişinə əsasən Bank tərəfindən iddiaçıya 11612 ABŞ dolları kredit verilmişdir. İddiaçı kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyindən, onun bank qarşısında borcu yaranmışdır. Cavabdeh2 ASC isə iddiaçının kredit müqaviləsindən irəli gələn borcunun ödənilməsi barədə icra qeydi verilməsi ilə bağlı notariat orqanına ərizə ilə müraciət etmiş və Gəncə şəhər 5 saylı notariat ofisi tərəfindən 17.06.2020-ci il tarixdə müvafiq icra qeydi verilmişdir. Məhkəmə qeyd edir ki, notarius tərəfindən icra qeydi təsdiq edilərkən “Notariat haqqında” Qanunun tələblərinə əməl edilməmişdir. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. Qanunvericiliyin tələbinə görə, Cavabdeh2 ASC icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl borcluya tələbin icra edilmədiyi təqdirdə icra qeydinin aparılacağı barədə bildiriş göndərməli olduğu halda, həmin bildirişi göndərmədən icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı cavabdeh notariat ofisinə müraciət etməzdən əvvəl borcluya qeyd olunan məzmunda bildirişin göndərilməsini, həmin bildirişin borcluya çatdırılmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmənin sorğusuna 19 aprel 2021-ci il tarixli cavab məktubunda isə 5 saylı notariat ofisinin notariusu bildirmişdir ki, icra qeydi ilə bağlı elektron ərizə daxil olduqda notarius həmin ərizənin müddətini, vətəndaşın sağ olmasını, icra qeydinin müddətinin keçibkeçmədiyini yoxladıqdan sonra həmin icra qeydini təsdiq edir. Bu səbəbdən notarius icra qeydinin verilməsinə əsas olan sənəd kimi yalnız tələbkarın notariat orqanına ünvanladığı ərizəsini təqdim etmişdir. Həmin məktubdan da görünür ki, cavabdeh Gəncə şəhəri 5 saylı notariat ofisi icra qeydini təsdiq edərkən, mühüm əhəmiyyət kəsb edən halı, yəni icra qeydinin aparılacağı ilə bağlı borclunun məlumatlı olub-olmamasını və bununla da tələbin mübahisəsiz olduğunu müəyyən etməmiş, tələbkardan borcluya icra qeydinin aparılması ilə bağlı məlumat verməsinə dair bildirişi və bildirişin ona çatdırılmasını təsdiq edən sənədi tələb etmədən icra qeydini təsdiq etmiş və bununla da “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələblərini pozmuşdur. Digər tərəfdən, məhkəmə qeyd edir ki, Cavabdeh2 ASC ilə İddiaçı arasında bağlanmış 18 mart 2015-ci il tarixli, DP/34124/50/29 saylı kredit sazişinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən İddiaçı müqavilənin qüvvədə olduğu müddət ərzində cəmi 4123,05 ABŞ dolları məbləğində faiz borcu ödəməlidir. Belə olan vəziyyətdə, icra qeydinə əsasən borcludan 5060,86 ABŞ dolları əsas borc ilə yanaşı, 5661,19 ABŞ dolları məbləğində faiz borcunun tutulması anlaşılan deyildir. Beləliklə məhkəmə hesab edir ki, icra qeydinin təsdiq edilməsi zamanı qanun pozuntusuna yol verildiyindən, iddia təmin edilməli, Gəncə şəhəri 5 saylı Notariat Ofisi tərəfindən verilmiş 17 iyun 2020-ci il tarixli 8İ-3505 reyestr nömrəli icra qeydi ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Gəncə şəhəri 5 saylı Notariat Ofisi (Kontoru) tərəfindən verilmiş 17 iyun 2020-ci il tarixli, 8İ-3505 reyestr nömrəli icra qeydi ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-357/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-357/2021
04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver