Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3652/2021 01.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının xüsusi mülkiyyəti olan Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, ev 6, mənzil 18-ə olan istifadə hüquqlarının itirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, ev 6, mənzil 18 ********** qeydiyyat nömrəli DƏDRX-dən çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Həmin mülkü AN-İ seriyalı, ******* nömrəli, 19.01.2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında X1 almış və hazırda həmin evdə yaşayır. Cavabdehlər onun mülkiyyətində pasport qeydiyyatında olmaqla onun mülkiyyət hüquqlarını pozurlar. Beləki, o, cavabdehlərə görə evdən istifadəyə görə əlavə kommunal xərclər ödəmək məcburiyyətində qalır. Bundan əlavə cavabdehlərin pasport qeydiyyatında qalması onun xüsusi mülkiyyəti olan Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, ev 6, mənzil 18-ə dair istifadə, sərəncam və digər hüquqlarını məhdudlaşdırır və həmin evin sənədləşdirilməsində çətinliklər yaradır. Cavabehlər onun ailə üzvləri deyildir və onunla heç bir qohumluq əlaqələri yoxdur. Buna görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, o, cavabdehləri ümumiyyətlə tanımır, onlarla heç bir qohumluq əlaqələri yoxdur və onların həmin evə necə qeydiyyata düşmələri barədə heç bir məlumatı yoxdur. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, lakin onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, hazırkı işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından mülki iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat X2 üzrə Xidmət sahəsinin 01.11.2021-ci il tarixli, 322 nömrəli arayışdan görünür ki, Gəncə şəhəri 4-cü mikrorayon, 6 saylı binanın 18 saylı mənzili İddiaçı adınadır və həmin mənzildə yaşayır. Cavabdeh1 və Cavabdeh2 Gəncə şəhəri 4-cü mikrorayon, 6 saylı binanın 18 saylı mənzilində yaşamır, mənzil sahibi ilə qohumluq əlaqələri yoxdur, harada yaşamaları onlara məlum deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair qərarı ilə aşağıdakılar müəyyən edilmişdir;
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi istifadə hüququnun itirilmiş hesab edilməsi üçün ilk növbədə bu hüququn əvvəllər yaranmış olması lazımdır. İddiaçının izahatından, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən belə məlum olur ki, iddiaçı tələbini cavabdehlərin həmin mənzildən istifadə hüququnun olmaması ilə əsaslandırır. Mövcud olmayan hüququn itirilməsi isə məhkəmə baxışının predmeti ola bilməz. İddiaçının cavabdehlərin pasport qeydiyyatından çıxarılması üçün pasport qeydiyyatını həyata keçirən inzibati orqana, inzibati orqan bundan imtina etdikdə isə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə r a r a a l d ı:
İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair mülki iş üzrə icraata mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından xitam verilsin. İddiaçıya cavabdehin pasport qeydiyyatından çıxarılması üçün pasport qeydiyyatını həyata keçirən inzibati orqana, inzibati orqan bundan imtina etdikdə isə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Tural Qocayev