Məhkəmə qərarları › İş №2(043)-367/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-367/2020

15.01.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-367/2020 15.01.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Hüseynov Hadı Bahadur oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Gəncə şəhəri, Kəpəz rayonu, Şəkinski küçəsi, 31 nömrəli fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı göstərdi ki, Gəncə şəhəri, Kəpəz rayonu, Şəkinski küçəsi, 31 nömrəli fərdi yaşayış evi mülkiyyət hüququ üzrə ona məxsusdur. O, cavabdehi öz razılığı ilə evinə qeydiyyata saldırmışdır . Cavabdehin faktiki yaşayış ünvanı ona məlum deyil. Cavabdehin onun evində qeydiyyatda qalması nəticəsində o, əlavə kommunal xərclər ödəyir ki, bu da onun mülkiyyət hüququnu pozur. Məcbur olub məhkəməyə müraciət etmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin yaşadığı yer məlum olmadığından məhkəmə cavabdehin qeydiyyatda olduğu yer üzrə məhkəmə bildirişi göndərərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Yaşayış yeri üzrə qeydiyyat haqqında 21.11.2019-cu il tarixli, ******* nömrəli arayışdan görünür ki, Cavabdeh Gəncə şəhəri, Kəpəz rayonu, Şəkinski küçəsi, 31 nömrəli evdə qeydiyyatdadır; Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Şəkinski küçəsi, 31 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci ildə Gəncə şəhərində anadan olmuş, Gəncə şəhəri, Kəpəz rayonu, Şəkinski küçəsi, 31 nömrəli evdə qeydiyyatdadır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb tətbiq olunmalı hüquq normaları baxımından hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.(Konstitusiya. mad. 29.) Digər hüquq və azadlıqlarla yanaşı mülkiyyət hüququnun müdafiəsi vasitələrindən biri də Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- MM) 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. MM-in 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan isti fadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəföz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan qanunvericilikdən göründüyü kimi əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İşin mübahisə edilməyən hallarından müəyyən olur ki, iddiaçının iddia etdiyi fərdi yaşayış evi mülkiyyətində olmaqla rəsmi reyestrdə qeydiyyata alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının qanunla qorunan mülkiyyət hüququna edilən qəsdlərə və ya başqa maneələrə son qoyulmaqla cavabdehin istifadə hüququ itirilmiş hesab edilməlidir. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu tələb olunmadığından iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. Cavabdeh İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Şəkinski küçəsi, 31 nömrəli fərdi yaşayış evindən istifadə hüququ itirilmiş hesab olunsun. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar