Məhkəmə qərarları › İş №2(043)-3689/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3689/2021

07.10.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3689/2021 07.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, İddiaçı Cavabdeh qarşı «yaşayış evinin satılması və dəyərinin natura şəklində verilməsi» tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «yaşayış evinin satılması və dəyərinin natura şəklində verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsinin qanunla müəyyən olunmuş məzmununa riayət edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı ərizəsində ünvan 1 ünvanda yerləşən yaşayış evinin 25.04.2005-ci il tarixdən onun mülkiyyətində olduğunu bildirir, lakin qeyd etdiyi yaşayış evində cavabdehin hansı hissədə payının olması və ya cavabdehə verilməsini istədiyi dəyərin hansı məbləğdə olmasını iddia ərizəsində göstərmədiyindən, onun tələbini müəyyənləşdirmək mümkün deyil. Bundan başqa məhkəmə qeyd edir ki, iddia ərizəsində iddiaçının ümumiyyətlə cavabdehə qarşı yönəlmiş bir tələbi mövcud deyil. Belə ki, iddiaçı iddia tələbi ilə cavabdehdən nəyisə özü üçün tələb edə bilər, əmlakın satışından əldə olunacaq vəsaitin bir hissəsinin cavabdehə verilməsini iddia tələbi kimi irəli sürə bilməz. Mübahisəli əmlakda cavabdehin hər hansı hissədə payı mövcuddursa, hazırki iddia tələbini yalnız cavabdeh iddiaçıya qarşı irəli sürə bilər. Digər tərəfdən, iddia ərizəsinə əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, mübahisəli yaşayış evini iddiaçı birgə nikah dövründə əldə etmişdir və onun arvadı 13.10.2020-ci il tarixdə vəfat etmişdir. Belə olan vəziyyətdə əvvəlcə mübahisəli əmlakın arvadının payına düşən hissəsində miras qoyanın vərəsələrinin payları müəyyən edilməli, yalnız bundan sonra həmin əmlak açıq hərracdan satıla və satışdan əldə olunan vəsait paylara uyğun bölünə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən tələbinə əməl olunmadığı üçün İddiaçı Cavabdeh qarşı «yaşayış evinin satılması və dəyərinin natura şəklində verilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: İddiaçı Cavabdeh qarşı «yaşayış evinin satılması və dəyərinin natura şəklində verilməsi» tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar