Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-369/2020 02.03.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, x2 iclas katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 mənzil 10-na dair istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun qardaşıdır. Hal-hazırda onun qeydiyyatda olduğu mənzil isə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və tam mülkiyyət hüququ ilə ona məxsusdur. Belə ki, sözügüdən ünvan 1 mənzil 10-da yerləşən əmlak əvvəllər ataları x3 məxsus olmuşdur. Lakin, 2015-ci ildə atası evi iddiaçıya bağışlamıdır. Bağışlama olan zaman o qardaşı ilə belə qərara gəlib ki, ona düşən payı sonuncuya pul şəklində versin ki, oda evin onun adına rəsmiləşməsinə razılıq versin. Beləliklə, o, qardaşına razılıq verməsi müqabilində 2000 ABŞ dolları məbləğində pul verib. Qardaşı isə Gəncə ASAN xidmətinin notariat kontorunda ərizə verərək evin onun adına rəsmiləşdirilməsinə, gələcəkdə qeydiyyatdan çıxacağına və əmlaka dair heç bir iddia və tələbinin olmayacağına dair razılıq verib. Lakin, bu günə qədər dəfələrlə ona qeydiyyatdan çıxmasını bildirsə də o, qeydiyyatdan çıxmaq istəmir. Bu səbəbdən də qardaşının mülkə dair istifadə hüququnun itirilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, demək olar ki, qeyd olunan mülkdən istifadə etmir sadəcə formal olaraq rəsmiyyətdə qeydiyyatda gedir, bu isə mülkün kommunal ödənişlərində ona çətinlik törədir. İş məhkəmənin icraatında baxılarkən İddiaçı məhkəmə dəftərxanası vasitəsi ilə iddia ərizəsinin dəqiqləşməsi barədə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh ünvan 1 mənzil 10-na dair istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması, Cavabdeh ünvan 1 mənzil 10-na dair istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, notariusda qardaşı ondan 2000 ABŞ dolları məbləğində pulu aldıqdan sonra ərizə vermişdir, aralarında başqa razılaşma olmamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etmədiyini, iddiaçının onunla razılaşdığı pulu ona vermədiyini, bu səbəbdəndə iddianın rədd olunmasını məhkəmədən xahiş etdi və bildirdi ki, 18 yaşına qədər ata mülkü olan Gəncə şəhəri DOS- 6, bina 7, mənzil 10-da yaşamışdır. 18 yaşında Azərbaycan Respublikası Ali Hərbi məktəbinə daxil olduğu üçün müvəqqəti olaraq hərbi məktəbdə yaşamışdır. Hər il məzuniyyətdə evində olmuşdur. Ali məktəbi bitirdikdən sonra Azərbaycan Respublikasının bütövlüyü uğrunda gedən döyüşlərə qoşulmaq üçün Naxçıvan MR-da yerləşən hərbi hissələrdə hərbi xidmətini davam etdirmişdir. Bu vaxtlarda bacısı İddiaçı ailə qurmuşdur. Atası tərəfindən “Abbas Səhhət” adlanan ərazidə ev alınmışdır. O hərbi xidmətdə olan zaman eşitmişdir ki, bacısına alınan evi yoldaşı ilə birlikdə bacısı İddiaçı sataraq biznes qurmaq istəmişlər. Lakin biznes alınmayaraq, satılan evin pulunu batırmışlar. Bu hadisədən sonra isə evliliklərinə son verib boşanmışlar. Atası və anası onunla razılaşaraq bacısı ərsiz olduğu üçün evə yenidən gətirmişlər. O təxris olunduqdan sonra bir yerdə yaşamışlar. Bacısı onun yoldaşı ilə yola getmədiyi üçün o ailəsini yoldaşının ailəsinin yanına gətirməyə məcbur olmuşdur. Amma bununla yanaşı anasına, atasına tez-tez baş çəkmişdir. Bacısı Şəhla çox aqressiv olduğu üçün heç kimlə yola getməmişdir. İki dəfə ailə həyatı qurub, iki həyat yoldaşı ilə də boşanmışdır. O isə məcbur olaraq kirayə mənzillərdə yaşamışdır. 2015-ci ildə atası, anası, bacıları Şəhla və Vəfa razılaşmışlar ki, mənzili bölüşdürsünlər. Bacısı qadın olduğu üçün o demişdir ki, ev ona qalsın və evi 60000 (altmış min) manat qiymətləndirmişlər. Hər kəsə 12000 (on iki min) manat pul düşmüşdür. O 2000 (iki min ) manatı bacısına bağışlayaraq ancaq payına düşən 10000 (on min) manat istəyib ailəsi və özünə yaşamaq üçün ev tikdirmək istəmişdir. Ancaq 2015-ci ildə yaranan problemlərə görə 2000 (iki min) manat pul almışdır. Anası və bacısı ilə razılaşmışdır ki, qalan məbləği isə (8000 manat) 4 yerə bölərək versinlər. Bu günə kimi 2000 (iki min) manatdan artıq pul verilməmişdir. Bunun üçün xahiş etmişdir ki, ona yoldaşı və iki övladı üçün Gəncə şəhəri DOS-6, bina 7, mənzil 10-da yaşamaq hüququ təmin edilsin. O cəza çəkmə müəssisəsindən yeni çıxdığı üçün nə işi, nə də yaşamağa yeri vardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş x1 ifadəsində bildirdi ki, İddiaçı və Cavabdeh onun övladlarıdır. ünvan 1 mənzil 10 əvvəllər ərinin adına olmuşdur. Oğlu Şahin özünü qanandan həmin evdə yaşamayıb, onunla və qeyd edilən mənzillə heç vaxt maraqlanmayıb. Qızı Şəhla boşandıqdan sonra onunla birlikdə yaşayır və evi o saxlayır. Evi sənədləşdirmək istəyən vaxt Şahin demişdir ki, “mənim problemim var 2000 ABŞ dollar verin evdən pay istəmirəm”. Qızı Şəhla bankdan kredit götürüb 2000 ABŞ dollarını Şahinə vermişdir, bundan sonra Şahin notarial qaydada ərizə vermişdir. Onlar arasında evlə bağlı başqa razılaşma olmamışdır. Məhkəmə, tərəflərin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 29.07.2015-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Cavabdeh ünvan 1 mənzil 10-nun satılmasına, özgəninkiləşdirilməsinə, bağışlanılmasına, dəyişdirilməsinə, ipoteka qoyulmasına, həmçinin sair qaydada üzərində sərəncam verilməsinə etiraz etməmiş, qeydiyyatda olduğu ünvandan qeydiyyatdan çıxmağı öz öhədəsinə götürmüş, mülkiyyətçiyə qarşı heç bir iddiası və tələbi yoxdur. İş materiallarında olan Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX tərəfindən verilmiş **********51-05101-093007 nömrəli Texniki Pasportdan və RX seryalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 mənzil 10 20.08.2015-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan 10.09.2020-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh ünvan 1 mənzil 10 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Müdafiə Nazirliyi Gəncə rayonu, Mənzil İstismar Hissəsi tərəfindən verilmiş, 17.02.2020-ci il tarixli, 109 nömrəli arayışdan görünür ki, Cavabdeh ünvan 1 mənzil 10 ünvanında qeydiyyatdadır, lakin, 1999-cu ildən həmin mənzildə yaşamır. İş materiallarında olan ünvan 1 mənzil 10-nun qonşuluğunda yaşayan qonşular tərəfindən tərtib olunmuş 17 fevral 2020-ci il tarixli aktdan görünür ki, Cavabdeh və onun ailə üzvləri heç vaxt göstərilən mənzildə yaşamamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.4.-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Məhkəmə iclasında araşdırılmış sübutlardan məlum oldu ki, ünvan 1 mənzil 10, 20.08.2015-ci il tarixdən İddiaçı mülkiyyətindədir. Cavabdeh iddiaçının qardaşı, eyni zamanda mənzilin əvvəlki mülkiyyətçisinin ailə üzvü olmaqla oğludur. Mənzilin mülkiyyətçisi yəni x4 evi qızı İddiaçı bağışlamış və həmin vaxt iddiaçı ilə cavabdeh arasında olan razılığa əsasən Cavabdeh mülkiyyət hüququndan imtina barədə notarial qaydada təsdiq edilmiş ərizə verərək ünvan 1 mənzil 10-nun satılmasına, özgəninkiləşdirilməsinə, bağışlanılmasına, dəyişdirilməsinə, ipoteka qoyulmasına, həmçinin sair qaydada üzərində sərəncam verilməsinə etiraz etməyəcəyini, qeydiyyatda olduğu ünvandan qeydiyyatdan çıxacağını öz öhdəsinə götürmüş, mülkiyyətçiyə qarşı heç bir iddia və tələbinin olmayacağını bildirmişdir. Cavabdeh iddiaçının ailə üzvü olmamaqla qeyd olunan mənzildə yeni mülkiyyətçi ilə heç vaxt yaşamasa da, mənzildə pasport qeydiyyatında formal olaraq qalmışdır ki, bu da iddiaçının mülkiyyətində olan mənzilinə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Əvvəlki mülkiyyətçi öz iradəsini ifadə edərək mülkiyyət hüquqlarını iddiaçıya vermiş, öz növbəsində cavabdeh bununla razılaşmışdır. Cavabdehin iddiaçının mülkiyyətində olan mənzildə pasport qeydiyyatında olması onun hüquqlarını məhdudlaşdırdığından, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, yeni mülkiyyətçiyə heç bir aidiyyəti olmayan şəxsin mənzildə qeydiyyatda qalması ona öz mülkiyyətindən dinc istifadə hüququnu həyata keçirməyə mane olur. Cavabdehin mənzildən qeydiyyatdan çıxarılması üçün isə onun mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Odur ki, cavabdehin mənzildən qeydiyyatdan çıxarılması üçün isə onun mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Həmçinin məhkəmə cavabdehin dəlillərini əsassız hesab edərək qeyd edir ki, cavabdehlə iddiaçı arasında işin müəyyən olunmuş faktiki halından başqa digər razılaşmalarının olmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüququna xitam verilməlidir. İddiaçı ödənilmiş dövlət rüsumunu tələb etmədiyindən onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh ünvan 1 mənzil 10-a olan istifadə hüququna xitam verilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində x9 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədirlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(043)-369/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-369/2020
02.03.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver