Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-37/2021 20.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil oğlunun və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsi üzərində sahiblik və istifadə hüququnun müdafiəsi, müdaxiləyə son qoyulması və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun sahibliyinə və istifadəsinə verilmiş Gəncə şəhər, S.Rəhimov küçəsinin qərb hissəsində yerləşən 56,0 kv.m torpaq sahəsinə etdiyi müdaxiləyə son qoyulmasına və onun istifadəsində, sahibliyində olan torpaq sahəsindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil oğlu iddianı müdafiə edib izahatında göstərdi ki, İddiaçı ünvan 1 ünvanda 0,00624 ha torpaq sahəsində özünə məxsus mağaza olmuşdur. Həmin mağazanı özəlləşdirmə proqramına uyğun olaraq özəlləşdirmişdir. Sonradan Gəncə şəhərində aparılan yenidən qurma işləri ilə bağlı Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin başçısı X1 əsasən ona mağazanın eynisinin tikilməsi üçün həmin küçənin qərb tərəfi hissəsindən 56,0 kv.m torpaq sahəsində yerləşdirilməsi üçün icazə verilmişdir. Həmin mağazanı inşa edən zaman Cavabdeh iddiaçıya ayrılmış torpaq sahəsinin ona məxsus olmasına əsaslanaraq mağazanı həmin hissədə inşa etdirməyə imkan verməmiş və ayrılmış torpaq sahəsi üzərində tikili aparılmasına müdaxilə etməyə başlamışdır. İddiaçı Gəncə şəhəri Nizami rayon İcra hakimiyyəti tərəfindən verilmiş torpaq sahəsinin cavabdehə məxsus olması ilə bağlı sorğu verərək ümumiyyətlə onun belə bir torpaq sahəsinin və ümumiyyətlə əmlakının olmasını araşdıran zaman məlum olmuşdur ki, cavabdehin iddiaçıya ayrılmış torpaq sahəsinə və tikiliyə iddia etməsi üçün əsası yoxdur. Çünki, iddia edilən torpaq sahəsinin cavabdehə məxsus olmasına dair heç bir hüquq yoxdur. Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin 18 dekabr 2014-cü il tarixli Sərəncamına əsasən iddiaçının istifadəsinə verilmiş və həmin torpaq sahəsində mağazanı inşa etdirmək istəyir. Həmin torpaq sahəsinə dair cizgi plan və mağazanın layihəsi də tərtib edilmişdir. Lakin cavabdeh tərəfindən ona ölçülərək çəkilib təhvil verilmiş torpaq sahəsi üzərində müdaxilə edilərək istifadəsində və sahibliyində olan torpaq sahəsi zəbt edilmişdir. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, Gəncə şəhəri Nizami rayon icra hakimiyyəti başçısının 30 dekabr 2013-cü il tarixli, 2094 nömrəli sərəncamı ilə Gəncə şəhəri Cavadxan qəsəbəsində 300 kv.m torpaq sahəsində fərdi yaşayış sahəsinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmişdir. Bundan sonra həmin sərəncam əsasında fərdi yaşayış evinin layihəsi hazırlanmışdır. Sərəncama müvafiq olaraq ona ayrılmış torpaq sahəsini hasarlamış və iddiaçının hər hansı torpaq sahəsini zəbt etməmişdir. İddiaçı əsassız olaraq iddiasında göstərir ki, guya həmin torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənədi yoxdur. Lakin həmin torpağa dair Gəncə şəhəri Nizami rayon İcra hakimiyyəti Başçısının 18 dekabr 2014-cü il tarixli sərəncamı vardır. 7 il müddət ərzində iddiaçı heç vaxt torpaq sahəsinin, ona məxsus olması barədə iddialı olmamış, ona 2014-cü ildə məlum olmayan sahədə torpaq sahəsi ayrılandan sonra hər hansı bir dövlət orqanının nümayəndəsi ilə onun sahibi olduğu əraziyə gəlməmişdir.İddianın əsassız olduğunu göstərərək rədd edilməsini məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 08.12.2014-cü il tarixli, 1623 nömrəli sərəncamının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Gəncə şəhəri, Gəncə Avtomobil zavodunun S.Rəhimov küçəsindəki yaşayış binasının qarşısında İddiaçı tərəfindən şəhərsalma norma və qaydalarını pozmaqla inşa edilmiş mağaza ərazidə aparılan abadlıq işləri ilə əlaqədar söküldüyü üçün həmin mağazanın S.Rəhiov küçəsinin qərb tərəfindəki 56,0 kv.m torpaq sahəsində yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmişdir. 2014-cü il tarixli layihənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, sifarişçi İddiaçı S.Rəhimov küçəsi 210/310 saylı mağazanın istifadəsi üçün icazə almışdır. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə ərazi idarəsi tərəfindən verilmiş 23.05.2019-cu il tarixli, **********47 nömrəli məktubundan görünür ki, Cavabdeh adına 3 saylı Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş tam olmayan anket və elektron baza məlumatlarına əsasən Gəncə şəhəri, Göygöl, və Daşkəsən rayonları üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata daşınmaz əmlak aşkar edilməmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 01.09.2010-cu il tarixli, MA ******* seriyalı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, istifadədə olan 0,00624 ha torpaq sahəsində yerləşən ünvan 1 mağaza İddiaçı mülkiyyətindədir. Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 30.12.2013-cü il tarixli, 2094 nömrəli sərəncamından görünür ki, Gəncə şəhəri, Cavadxan qəsəbəsindəki 300 kv.m torpaq sahəsində Cavabdeh tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmişdir. Gəncə şəhəri, Cavadxan qəsəbəsi ərazisində yerləşən yaşayış evinin layihəsindən görünür ki, Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 30.12.2013-cü il tarixli, 2094 nömrəli sərəncamı ilə Cavabdeh ayrılmış torpaq sahəsində sonuncunun sifarişi ilə Gəncə şəhər İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsi tərəfindən evin tikinti layihəsi hazırlanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18.06.2021-ci il tarixli, 10/2519 nömrəli ekspert rəyindən görünür ki, MA seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı istifadəsində olan 0,00624 ha torpaq sahəsinə Cavabdeh tərəfindən müdaxilə aşkarlanmamışdır. Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 08 dekabr 2014-cü il tarixli 1623 nömrəli sərəncamı ilə verilmiş, S.Rəhimov küçəsinin qərb tərəfində yerləşən 56,0 kv.m ölçüdə olan torpaq sahəsinin yerləşmə mövqeyini əks etdirən hər hansı hüquqi və həmin hüquqi sənədlər əsasında tərtib olunmuş heç bir texniki sənəd mülki iş materiallarına əlavə edilməmişdir, bu səbəbdən də sözügedən 56,0 kv.m torpaq sahəsinə dair araşdırmanı aparmaq mümkün olmamışdır Göründüyü kimi iddiaçıya məxsus torpaq sahəsinin hər hansı hissəsinin cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilməsi tədqiq edilmiş sübutlarla, eləcə də ekspert rəyi ilə təsdiqini tapmamışdır . İddiaçının Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 08 dekabr 2014cü il tarixli 1623 nömrəli sərəncamı ilə S.Rəhimov küçəsinin qərb tərəfində ona ayrılmış 56,0 kv.m ölçüdə olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmasına gəldikdə isə məhkəmə hesab edir ki, iddiaçı həmin torpaq sahəsinin onun sahibliyində və istifadəsində olmasını təsdiq edən hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Belə ki, hər iki tərəf eyni orqan tərəfindən verilmiş sərəncama əsaslanaraq qeyd olunan torpaq sahəsini mübahisələndirmişlər. Halbu ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-cimaddəsində iperativ qaydada göstərilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 4-cü maddəsinə əsasən torpaq sahəsi - dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Həmin Məcəllənin 67-ci maddəsinin 4-cü bəndində qeyd olunmuşdur ki, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcüd olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı 0,56 ha torpaq səahəsinin onun sahibliyində və istifadəsində olmasını təsdiq hər hansı bir mötəbər sübut təqdim etməməsini habelə hər iki tərəfin eyni orqan tərəfindən verilmiş sərəncama əsalanması məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı torpaq sahəsi üzərində sahiblik və istifadə hüququnun müdafiəsi, müdaxiləyə son qoyulması və torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası əsassız olduğundan təmin olunmasın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat İddiaçı alınaraq Büdcə təsnifatının kodu142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************, hesaba ödənilsin. İddiaçı mütəxəssis rəyinin alınmasına dair aparılmış tədqiqatın dəyəri 311,00 (üç yüz on bir) manat alınaraq Kapitalbank ASC-in Xətai filialının Kod: 200071 VÖEN **********, SWİFT: AİİBAZ2X müxbir hesab: AZ37NABZ013501**********1944, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi, VÖEN:**********, benefsiar hesabı AZ23AİİB******************** hesaba ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-37/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-37/2021
20.09.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver