Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3704/2020 19.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, Ərizəçi “xəsarətin səbəbli əlaqəsi faktı”nın müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə dair məsələyə baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək qəyyumu olduğu atası, fəaliyyət qabiliyyəti olmayan şəxs X4 əlilliyinin ermənilər tərəfindən ona yetirilmiş xəsarətlə səbəbli əlaqəsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsində məhkəmə tərəfindən müəyyən edilə bilən hüquqi əhəmiyyətli faktların siyahısı göstərilmiş, eləcə də qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa digər hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə işlərə məhkəmədə baxılması imkanı nəzərdə tutulmuşdur. Qeyd edilən fakt – yəni əlilliyin səbəbli əlaqəsinin müəyyən edilməsinə məhkəmə qaydasında baxılması qanunda birbaşa nəzərdə tutulmamışdır. Əlillərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin birinci və ikinci hissələrinə əsasən şəxs həkim-əmək ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil sayılır. Həkim-əmək ekspert komissiyası haqqında əsasnaməni, əlillik qrupunun və səbəbinin müəyyənləşdirilməsinə dair əsasnaməni Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabietinin xx xxxxxx 2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydasının 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Göründüyü kimi şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin səbəbinin müəyyən edilməsi Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 8.3-cü bəndində qeyd edilmişdir ki, bədbəxt hadisə faktının müəyyən edilməsinə dair işə baxan məhkəmə əmək qabiliyyətinin itirilməsi dərəcəsini və səbəblərini, habelə əlilliyin baş verməsi vaxtını, səbəblərini, qrupunu müəyyən edə bilməz. Bütün bunlar tibbi-sosial ekspert komissiyaları tərəfindən qüvvədə olan normativ hüquqi aktlara əsasən məhkəmədən kənar qaydada həll edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı ərizəyə məhkəmə qaydasında baxılması mümkün deyildir. Ona görə də ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır. Ərizəçiyə ərizəsində qaldırdığı məsələnin həlli üçün ilkin olaraq müvafiq tibbisosial ekspert komissiyasına müraciət etməsi, onun müraciətinə cavab verilmədikdə və ya inzibati orqanın qərarından narazı olduğu halda, bu barədə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Digər tərəfdən, məhkəmə ərizəçiyə izah edir ki, onun tərəfindən “əlilliyin səbəbli əlaqəsi faktının müəyyən edilməsi” xahiş olunsa da, ərizəyə əlavə edilən X2 sonuncu müayinəyə dair məlumatın verilməsi barədə xx.xx.2017-ci il tarixli qərarından görünür ki, X1 imkanı qiymətləndirilərək, onun əlillik səbəbinin “hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlillik” kimi qiymətləndirilmişdir. Yəni, ərizəçinin müəyyən edilməsini istədiyi fakt inzibati akt hesab edilən qeyd edilən qərarla artıq müəyyən edilmişdir. Ərizəçi narazı qaldığı halda, həmin inzibati aktı müvafiq inzibati məhkəmədə iddia qaldırmaqla mübahisələndirmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4 və 153.5-ci maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə eyni predmet barəsində və eyni əsaslarla yenidən ərizə ilə məhkəməyə müraciət etməyə mane olur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 153.2.1, 263 və 264cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi “xəsarətin səbəbli əlaqəsi faktı”nın müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Ərizəçi ərizəsində qaldırdığı məsələ ilə bağlı ərazi üzrə müvafiq tibbi-sosial ekspert komissiyasına müraciət etməli olduğu izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-3704/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3704/2020
19.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver