Məhkəmə qərarları › İş №2(043)-38/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-38/2022

17.05.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-38/2022 17.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X5, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «zəbt olunmuş torpaq sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ailə üzvləri ilə birlikdə ona məxsus olan Gəncə, Məhsəti qəsəbəsi, Gəc zavodu ərazisində yerləşən 400 kv.m (0.04 ha) torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Kirovabad şəhər XDS İK-nin 23.08.1988-ci il tarixli 11 saylı qərarına və “Dostluq” bağçılıq yoldaşlıq birliyi həmkarlar təşkilatının 25.09.1988-ci il tarixli protokolundan çıxarışına əsasən ona bağ evi tikmək üçün Gəncə şəhəri, Məhsəti qəsəbəsi, Gəc zavodu ərazisindən 400 kvm (0.04 ha) torpaq sahəsi verilmişdir. Həmin vaxtdan da torpaq sahəsi onun sahibliyində və istifadəsində olmuşdur. Hətta 2016-cı ildə ona Gəncə şəhəri İcra Hakimiyyəti Memarlıq və şəhərsalma idarəsi tərəfindən sözügedən torpaq sahəsinin yerləşdiyi ərazinin koordinatlarını əks etdirən “Rəqəmsal kadastr xəritəsindən çıxarış” da verilmişdir. Lakin, səhhəti ilə əlaqədar olaraq bir müddət torpaq sahəsinə baş çəkə bilməmişdir. Bundan istifadə edən cavabdeh ailə üzvləri ilə birlikdə ona məxsus olan torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir. Belə ki, torpaq sahəsində hasar çəkdirmək istəyərkən cavabdeh və onun ailə üzvləri ona maneçilik edərək buna imkan verməmişlər. O, cavabdehə torpaq sahəsinin ona məxsus olmasını bildirsə də, cavabında ona bildirmişdir ki, bu torpağı İcra hakimiyyətindən veriblər və deyiblər ki, get nə istəyirsən et. Lakin, cavabdehdən sənədlərini tələb etdikdə o, heç bir sənəd təqdim edə bilmədi. Bununla bağlı o cavabdehə dəfələrlə müraciət etmişdir ki, ona məxsus qanunsuz zəbt etdiyi torpaq sahəsindən çıxsın. Lakin, cavabdeh onun sözlərinə məhəl qoymayaraq torpaq sahəsini tərk etməmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi X7 hər biri ayrılıqda iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iddianı qəbul etməyərək izahatında bildirdi ki, cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin heç bir hissəsi zəbt olunmamışdır. Bununla bağlı iddiaçı tərəfindən məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Ekspertin rəyindən də görünür ki, iddiaçıya ayrılmış torpaq sahəsinin kordinat nöqtələri belə dəqiq deyil. Cavabdehin istifadəsində olan torpaq sahəsi ona iddiaçıdan daha əvvəl ayrılmışdır. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş: X3 iclas protokolundan çıxarışdan görünür ki, Cavabdeh 20.09.1988-ci il tarixli 02 saylı protokolu əsasında Gəncə şəhəri, Gəc zavodu ərazisində bağ evi üçün 0,04 ha torpaq sahəsi ayrılması qərara alınmışdır X3 iclas protokolundan çıxarışdan görünür ki, İddiaçı 25.09.1989-cu il tarixli 9 saylı protokolu əsasında Gəncə şəhəri, Gəc zavodu ərazisində bağ evi üçün 0,04 ha torpaq sahəsi ayrılması qərara alınmışdır. DT və XK- Gəncə şəhər şöbəsinin 25.11.2013-cü il tarixli rəyindən görünür ki, Gəncə şəhəri, Dos-107 ev-29-da yaşayan Cavabdeh istifadəsində olan torpaq sahəsinə dair təqdim edilmiş torpaqayırma sənədlərinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Gəncə şəhər şöbəsində baxılmışdır. Ayrılmış torpaq sahəsinin istifadə vəziyyəti araşdırılarkən müəyyən edilmişdir ki, Kirovabad şəhər XDS İK-nin 23.08.1988-ci il tarixli 11 №-li qərarına və X4 X1 20.09.1988-ci il tarixli 02 saylı protokolundan çıxarış qərarına əsasən Məhsəti qəsəbəsi ərazisindən bağ evi tikintisi üçün Cavabdeh qızma verilmiş 400,0 kv.metr torpaq sahəsi Kəpəz rayonu ərazisində olmaqla Cavabdeh istifadəsindədir. Ayrılmış torpaq sahəsi Gəncə şəhərinin 6cı qiymət zonasında yerləşir. Ona görə Cavabdehnm istifadəsində olan 400,0 kv.metr torpaq sahəsi üçün “Torpaq sahəsinin planı və ölçüsü” 1 saylı nümunənin hazırlanmasına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Gəncə şəhər şöbəsi tərəfindən etiraz edilmir. Məhkəmə ilk öncə onu qeyd edir ki, iddiaçı Gəncə şəhəri Kəpəz rayonu Gəc zavodu ərazisində ona 0,04 ha bağ sahəsi ayrıldığını və həmin torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini iddia edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddiaçı ilk növbədə hazırki iddianı qaldırması üçün özünün subyektiv hüququnun mövcudluğunu sübuta yetirməlidir. Belə ki, Konstitusiyanın 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyət hüququnun mübahisələndirilməsi mümkün olsa da bu hüquq hər hansı şəxsə yox, həmin qeydlə hüquqlarına toxunulmuş şəxsə verilmişdir. Əks təqdirdə mülkiyyətçi öz mülkiyyət hüququnu qeyri-müəyyən şəxslər dairəsindən müdafiə etmək məcburiyyətində qalacaqdır ki, bu da daşınmaz əmlakın dövlət reyestrinin həqiqiliyi prezumpsiyasına və hüquqi müəyyənlik prinsipinə ziddir. İddiaçının hazırkı iddia tələbi ilə müraciət etməsi üçün subyektiv hüququnun mövcud olması üçün ilk növbədə ona ayrılmış torpaq sahəsinin harada yerləşməsi müəyyən edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq sahəsi — X9nda və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Qeyd olunan normanın tələbi baxımından torpaq sahəsinin mövcudluğunu müəyyən edə bilmək üçün təkcə həmin torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlər kifayət etmir, həmin torpaq sahəsinin müvafiq kadastrda və dövlət qeydiyyat sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi və s. əks olunmalıdır. Əks halda iddiaçının təqdim etdiyi sənədlər əsasında Gəncə şəhəri Gəc zavodu ərazisində istənilən torpaq sahəsinə iddia etmək hüququ tanınmalı olardı. Məhkəmə tərəflərin təqdim etdiyi sübutlar əsasında işə baxdığından, torpaq sahəsinin sərhədlərini və coğrafi mövqeyini müəyyən edə bilmək üçün zəruri sənədlər (torpaq sahəsinin planı və ölçüsü, təhvil-təslim aktı və s.) olmadığından iddiaçıya ayrılmış torpaq sahəsinin cavabdehə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini də müəyyən etmək mümkün deyildir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 10.1ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. Göründüyü kimi torpaq sahəsinin plan və ölçüsü sənədi olmadan torpaq sahəsinin üzərində mülkiyyət hüququ da qeydə alına bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinin 4-cü hissəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçının subyektiv hüququnun olmaması məhkəmə tərəfindən nəzərə alınmasa belə, iddia yenə də təmin edilə bilməz. Belə ki, iş üzrə keçirilmiş məhkəmə-tikinti-texniki ekspertizasının 31.03.2022-ci il tarixli 10/1454 nömrəli rəyindən görünür ki, mülki iş materiallarına əlavə edilmiş İddiaçı adına tərtib olunmuş Gəncə şəhəri İcra Hakimiyyəti Memarlıq və şəhərsalma idarəsi tərəfindən 24.10.2016cı il tarixdə təsdiq olunmuş planda, torpaq sahəsinin 6 (altı) ədəd döngə nöqtəsindən ibarət olmaqla 400.0 kv.m təşkil etdiyi göstərilmişdir. Lakin həmin planda 6 (altı) ədəd döngə nöqtəsinin deyil, 5 (beş) ədəd döngə nöqtəsinin koordinatları qeyd olunmuş, bu koordinatlardan isə yalnız 4 (dörd) ədədi iddiaçının eksperiza baxışı zamanı naturada təqdim etdiyi 6 (altı) ədəd döngə nöqtəsindən ibarət olan torpaq sahəsinin 4 (dörd) ədəd döngə nöqtəsinin koordinatları (1-ci, 2-ci, 5-ci, 6-cı) ilə eynilik təşkil edir. İddiaçı adına tərtib olunmuş planda göstərilən koordinatlardan biri isə mübahisəli sahədən kənarda ərazidəki yolun digər tərəfində yerləşir. İddiaçının naturada təqdim etdiyi torpaq sahəsi faktiki olaraq 338.0 kv.m təşkil edir. İddiaçı adına tərtib olunmuş Gəncə şəhəri İcra Hakimiyyəti Memarlıq və şəhərsalma idarəsi tərəfindən 400.0 kv.m torpaq sahəsinə dair 24.10.2016-cı il tarixdə təsdiq olunmuş planda göstərilən sahə ilə, planda göstərilən koordinatlar və həmçinin plandakı koordinatlarla iddiaçının iddia edərək naturada təqdim etdiyi torpaq sahəsinin koordinatları arasındakı uyğunsuzluq hallarının mövcud olması səbəbindən üst-üstə düşmə halının mövcud olub-olmamasını müəyyən etmək mümkün deyildir. Bundan başqa rəydə göstərilmişdir ki, yuxarıda qeyd olunan hallar səbəbindən, İddiaçı adına Gəncə şəhəri İcra Hakimiyyəti Memarlıq və şəhərsalma idarəsi tərəfindən 400.0 kv.m torpaq sahəsinə dair 24.10.2016-cı il tarixdə təsdiq olunmuş planda göstərilən sahəsinə Cavabdeh tərəfindən müdaxilə halının mövcud olub-olmamasını müəyyən etmək mümkün deyildir. Mülki iş materiallarına əlavə edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş 16.01.2014-cü il tarixdə 3085 nömrə ilə X9 kitabında uçota alınmış A 498390 saylı, **********2694 reystr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Cavabdeh ayrılmış 400.0 kv.m torpaq sahəsinin 256.0 kv.m hissəsi iddiaçının iddia etdiyi faktiki ölçüsü 338.0 kv.m torpaq sahəsinin 256.0 kv.m hissəsi ilə 144.0 kv.m hissəsi mübahisəli torpaq sahəsi ilə həmsərhəd qonşuluqda yerləşən ekspertiza baxışı zamanı faktiki olaraq üzərində heç bir tikili müşahidə olunmayan boş torpaq sahə ilə üst-üstə düşür. Azərbaycan Republikası MPM-in 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Belə ki, ekspert rəyindən göründüyü kimi, iddiaçının təqdim etdiyi sənədlər əsasında ekspertiza keçirilmişdir. Ekspertizanın rəyinə əsasən əvvəla iddiaçıya ayrılmış torpaq sahəsinin kordinat nöqtələri tam olmadığından torpaq sahəsinin konkret yerini müəyyənləşdirmək mümkün olmamışdır. Digər tərəfdən, iddiaçının iddia etdiyi torpaq sahəsi ilə ona ayrılmış və Gəncə şəhəri İcra Hakimiyyəti Memarlıq və şəhərsalma idarəsi tərəfindən 400.0 kv.m torpaq sahəsinə dair 24.10.2016-cı il tarixdə təsdiq olunmuş planda göstərilən sahəsi üstüstə düşmür. Belə olan vəziyyətdə ekspert iddiaçıya ayrılmış torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunması halını müəyyən edə bilməmişdir. Göründüyü kimi, İddiaçı iddia tələbinin əsası kimi isnad etdiyi hallar, yəni cavabdeh tərəfindən onun istifadəsinə verilmiş torpaq sahəsinin zəbt edilməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin əsaslı olması məhkəmə iclasında öz təsdiqini tapmadığından, İddiaçı Cavabdeh qarşı «zəbt olunmuş torpaq sahəsindən çıxarılma» tələbinə dair iddiası təmin olunmamalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, tərəflərə ayrılmış torpaq sahələri naturada üst-üstə düşsə idi belə, iddia tələbi yenə də təmin oluna bilməzdi. Belə ki, Cavabdeh 20.09.1988-ci il tarixli 02 saylı protokol əsasında Gəncə şəhəri, Gəc zavodu ərazisində bağ evi üçün 0,04 ha torpaq sahəsi ayrılmış, İddiaçı isə 25.09.1989-cu il tarixli 9 saylı protokol əsasında həmin ərazidə 0,04 ha torpaq sahəsi ayrılmışdır. Göründüyü kimi, həmin ərazidə cavabdehə torpaq sahəsi daha əvvəl ayrılmışdır və cavabdehə ayrılmış torpaq sahəsinin koordinat nöqtələri daha mötəbət sənədlə, yəni Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş və X9 Kitabında 16.01.2014-cü il tarixdə qeydə alınmış “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə müəyyən edilir. İddiaçıya ayrılmış torpaq sahəsinin koordinat nöqtələri isə Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən 24.10.2016-cı il tarixdə müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 10 manat dövlət rüsumu və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 311 manat pul iddiaçının özünə aid edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat pul iddiaçıdan tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı «zəbt olunmuş torpaq sahəsindən çıxarılma» tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 311 manat pul iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ41NABZ********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar