Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3824/2021 21.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair ərizəsini nəzərdən keçirərək, müəyyən etdi: Ərizəçi 25.05.1964-cü il tarixdə Ermənistan Respublikasının Krasnoselsk rayonunun Toğluca kəndində anadan olmasının qeyd edilmə faktının müəyyən edilməsi, anasının X2 olması, atasının X1 olmasına dair hüquqi əhəmiyyəti olan faktının müəyyən edilməsinə dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizənin verilməsi üçün qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsinə dair sənəd əlavə edilmədiyindən, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 09.07.2021-ci il tarixli Qanunun 1.4-cü maddəsinə əsasən “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsi yeni redaksiyada verilmişdir. Həmin Qanunun 8.2-ci maddəsində qeyd edilmişdir ki, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsi üçün 100 manat dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 09.07.2021-ci il tarixli Qanunun keçid müddəaları adlanan 2-ci maddəsinə əsasən bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir və bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, habelə şikayətlərə görə ödənilən dövlət rüsumlarına şamil edilir. Ərizəçi tərəfindən məhkəməyə təqdim olunmuş hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə 13.10.2021-ci il tarixdə imzalanmış, ərizənin göndərildiyi poçt zərfinin üzərində olan möhürdən görünür ki, ərizə 14.10.2021-ci il tarixdə poçta təqdim edilmiş, bununla da ərizənin “Dövlət rüsumu haqqında” Qanunda edilmiş dəyişiklikdən sonra verildiyi müəyyən olunur. Belə olan halda məhkəmə hesab edir ki, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəyə məhkəmədə xüsusi icraat qaydasında baxıldığından, həmin ərizənin verilməsi üçün 100 manat dövlət rüsumu ödənilməli idi. Lakin, ərizəyə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, ərizəçi mövcud ərizənin verilməsi üçün 10 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, ərizəçi qanunla müəyyən edilmiş qaydada dövlət rüsumu ödəsə də, qanunla müəyyən olunmuş məbləğdə dövlət rüsumunu ödəmədiyindən və həmin məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi ərizəsinə əlavə etmədiyindən, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq, qərara aldı : Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-3824/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3824/2021
21.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver