Məhkəmə qərarları › İş №2(043)-3869/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3869/2020

16.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3869/2020 16.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu, Ərizəçi nikahda olma faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək atası X2 ilə anası X1 xx xxxxxx 1947-ci ildən nikahda olmaları faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsində göstərmişdir ki, atası x xxxxxx 1984-cü il tarixdə vəfat etmişdir. Hazırda ünvan 1 mənzil 6-7 ünvanda yerləşən 4 otaqdan ibarət mənzil mərhum anası X1 adına qeydiyyata alınmışdır. Mənzili öz adına keçirmək istədikdə notariat orqanı ondan valideynlərinin nikah haqqında şəhadətnaməsini tələb etmişdir. Valideynlərinin nikah haqqında şəhadətnaməsini əldə edə bilmədiyindən hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının müəyyən edilməsinə dair işlərə baxır. İlk növbədə qeyd olunmalıdır ki, şəxsin nikahda olması faktı ər-arvaddan birinin vəfat etməsi nəticəsində nikahın qeydə alınmasının mümkün olmadığı hallarda müəyyən edilir. Ərizəçinin ərizəsindən həm atasının, həm də anasının vəfat etdiyi məlum olur. Belə olan halda MPM-in 307.2.4-cü maddəsinə əsasən şəxslərin nikahda olması faktının müəyyən edilməsi hər hansı hüquqi əhəmiyyət kəsb etmir. Ərizəçi bu faktın müəyyən edilməsinin hüquqi əhəmiyyətini notariat orqanının vərəsəlik işi ilə bağlı ondan valideynlərinin nikah haqqında şəhadətnaməsni tələb etməsi ilə əsaslandırsa da belə tələbin heç bir hüquqi əsası yoxdur. Çünki, nikah könüllü ittifaq olduğundan notarius tərəfindən rəsmi nikahda olmayan mirasqoyanın nikah haqqında şəhadətnaməsinin tələb edilməsi mümkün deyildir. Eyni zamanda məhkəmə qeyd edir ki, şəxsin nikahda olması faktı yalnız müəyyən məhdudiyyət çərçivəsində məhkəmə tərəfindən müəyyən edilə bilər. Həmin məhdudiyyyət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsində göstərilməsə də həmin maddənin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun x xxxxxx 2010-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinə dair müvafiq qərar qəbul edənədək məhkəmələr nəzərə almalıdırlar ki, faktiki nikah münasibətlərindən irəli gələn hüquqi nəticələr qanunvericiliklə tanınmadığından, 1944-cü il 8 iyul tarixindən sonra başlanmış faktiki nikah münasibətlərində olma faktı onlar tərəfindən müəyyən edilə bilməz. Ərizəçi valideynlərinin xx xxxxxx 1947-ci il tarixdə ailə qurduqlarını göstərdiyindən hazırkı ərizəyə baxılması və nikahda olma faktının müəyyən edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4 və 153.5-ci maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehlərə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar a a l d ı: Ərizəçi nikahda olma faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar