Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-388/2021 21.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Nərimanov küçəsi, ev 33, 22 nömrəli mənzilin kanalizasiya xəttinin Cavabdeh tərəfindən təmir edilməsi və 1000 manat məbləğində ziyanın və 30 manat dövlət rüsumunun alınaraq, ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh qonşusudur və sonuncuya məxsus mənzil onun mənzilinin üstündə yerləşir. Cavabdehə məxsus Gəncə şəhəri Kəpəz rayonu, N.Nərimanov küçəsi, ev 33, 22 nömrəli mənzilin kanalizasiya xətti nasazdır. Cavabdehin evində su istifadə edəndə kanalizasiya xəttindən onun evinə su sızır. Bunun nəticəsində ona məxsus mənzilin hamam, mətbəx və dəhliz hissəsində tavanının, divarlarının suvaq örtüyü tökülmüşdür. Eyni qaydada mənzilin həmin hissəsə döşəməsi də xarab olmuş, boya örtüyü qopmuşdur. Cavabdehə mənzilin kanalizasiya xəttinin özü tərəfindən təmir edilməsini dəfələrlə xahiş etmiş, hətta bu barədə o, Mənzil İstismar Sahəsinə və polis orqanlarına müraciət etmişdir. Lakin cavabdeh onun xahişlərinə əhəmiyyət verməmiş, üstəlik cavabdeh mənzilini bu vəziyyətdə kirayə vermişdir. Uzun müddətdir ki, cavabdeh həmin evi kirayə verir. Kirayəçilər isə mənzilin kanalizasiya xəttinin təmir olunmasını mülkiyyətçiyə xəbər verdiklərini bildirmişlər. Cavabdehin təqsiri üzündən ona məxsus mənzilə təxminən 1000 manat məbləğində ziyan dəymişdir. Gəncə şəhər 8 saylı Mənzil İstismar Sahəsinin və qonşularının iştirakı ilə 01.05.2020-ci il tarixdə akt tərtib olunmuşdur ki, həmin aktda da cavabdehin mənzilindən onun mənzilinə su axması öz təsdiqini tapmışdır. Cavabdeh bu günədək nə özünə məxsus mənzilin kanalizasiya sistemini təmir etmiş, nə də ki, ona dəymiş maddi zərəri ödəməmişdir. Mənzilin mətbəxi, dəhlizi və hamamını bu günədək təmirsizdir. Cavabdeh tərəfindən ona vurulmuş maddi zərərin ödənilməsindən yayındığı üçün məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən, iddia tələbinin həcminin dəyişdirilməsi (azaldılması) barədə ərizə təqdim edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və Cavabdeh 235 manat miqdarında maddi zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul edərək bildirmişdir ki, onlar yaşadıqları mənzili aldıqdan sonra 3 dəfə təmir etdirmiş, lakin bir dəfə mənzildə yaşayan şəxslər çənin suyuna nəzarət etmədikləri üçün açıq iddiaçının evinə su axmışdır. O, iddiaçıya evini təmir etdirməyi təklif etmiş, lakin iddiaçı mübahiəni həll etmək üçün məhkəməyə müaciət edəcəyini bildirmişdir. Cavabdehin nümayəndəsi S.F.Qasımova ekspert rəyi ilə razı olduğunu bildirmiş, lakin tələb olunan məbləği hissəhissə ödəyə biləcəyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 19 saylı mənzil mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. 8 saylı MİS-in 22 oktyabr 2020-ci il tarixli 10 nömrəli arayışından görünür ki, ünvan 1 ünvanda yerləşən 22 saylı mənzil Cavabdeh məxsusdur. 8 saylı MİS-in 01 may 2020-ci il tarixli aktdan görünür ki, Cavabdeh məxsus ünvan 1 ünvanda yerləşən 22 saylı mənzildən 19 saylı mənzilin hamam, mətbəx və dəhliz hissəsinin tavanına su axmışdır. İş materiallarına əlavə edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 26 avqust 2021-ci il tarixli, 10/1802 nömrəli ekspert rəyindən görünür ki, ünvan 1, 22 nömrəli mənzilin qapısı bağlı olduğundan su sızmanın texniki səbəbini konkret olaraq müəyyən etmək mümkün olmamışdır. Lakin mülki iş materiallarında olan 8 saylı MİS-in əməkdaşları tərəfindən 01 may 2020-ci il tarixdə tərtib edilmiş akt məlumatlarını, 19 saylı mənzilinin tavan və divarlarında su sızma ləkələrinin əmələ gəlməsini nəzərə alaraq 22 saylı mənzildən 19 saylı mənzilə həqiqətən də su axması müəyyən olunur. Tədqiq olunan 19 saylı mənzildə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 235 manat məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, iş materiallarına əlavə edilmiş sənədlərə və cavabdehin iddianı qəbul etdiyi üçün iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov küçəsi, bina 33, 22 nömrəli mənzildən cavabdehin istifadəsində olan 9 saylı mənzilə suyun sızması müəyyən edilmişdir ki, bununla da, cavabdeh tərəfindən iddiaçıya münasibətdə mülki hüquq pozuntusuna yol verilmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli yəni 235 manat pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərci iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 30 manat dövlət rüsumundan və 100 manat ekspertiza xərcindən ibarətdir. Məhkəmə, dövlət rüsumunun əvəzinin və ekspertiza xərcinin cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh mənzilə vurulmuş zərərin əvəzi qismində 235 (iki yüz altmış beş) manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 30 (otuz) manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası Mərkəzinin hesabına (KOD- 210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3.) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-388/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-388/2021
21.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver