Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3916/2021 08.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onların Gəncə şəhəri, Kəpəz rayonu, DOS-6, YPK-in binası 10 nömrəli evə köçürülmələri və mənzildən istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı1 idianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı2 ilə 15.03.2003-cü il tarixdə rəsmi nikah qeydindən keçməklə ailə qurmuşlar. Ailə qurduqdan sonra İddiaçı2 onun yaşadığı evə yəni cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən evə köçərək orada yaşamışlar. Onların birgə nikahdan uşaqları olmadığı üçün cavabdeh daimi olaraq onları evdən qovmaq ilə hədələmiş və boşanmalarını tələb etmişdir. 2009-cu ildə nikahları pozulmuş, nikahları pozulandan 10 ay sonra barışıb yenidən 5 il kirayədə yaşamışlar. 2009-cu ildən 2014-cü ilə kimi kirayədə yaşamışlar. 2013-cü ildə yenidən nikaha daxil olraq 2014-cü ildə hazırki mübahisəli mənzilə köçmüşlər. Ailələrində olan ziddiyətə görə və bacısı Leylanın təkidi ilə cavabdeh arvadı İddiaçı2 evdən qovmuşdur. Hazırda kirayədə yaşayırlar. Maddi vəziyyətləri ağır olduğundan kirayə haqqını ödəyə bilmirlər.Mübahisəli ev üzərində mülkiyyət hüquqları qeydə alınmamışdır və mənzil MKTİBin balansındadır. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 digər İddiaçı1 ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, oğlu İddiaçı1 mənzilə köçürülüb yaşamasına razı olsa da, gəlini olan İddiaçı2 köçürülməsinə razı deyildir.Belə ki, 2009-cu ildə oğlu Vüqar İddiaçı2 ilə boşanaraq ona məxsus mənzildən çıxıb kirayədə yaşamışlar. 2014-cü ildə oğluna görə yenidən mülkiyyətində oln evinə köçmələrinə icazə vermişdir. Lakin İddiaçı2 ona qarşı qeyri etik davranışına görə onu evindən çıxarmışdır və mülkiyyətində olan evdə yaşamasına qəti olaraq etiraz edir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 20213 reyestr nömrəli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, DOS-6, YPK 10 ünvanda yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ üzrə rəsmi reyestrdə Cavabdeh adına qeydə alınmışdır. AZ-İ ******* nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı1 ilə İddiaçı2 arasında olan nikah 15.01.2003-cü il tarixdə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat (VVADQ) şöbəsində qeydə alınmışdır. AZ İ 162357 saylı nikahın pozulması haqqında şıhadətnamədən görünür ki, İddiaçı1 ilə İddiaçı2 arasında bağlanmış nikah qeydi 10.07.2013-cü il tarixdə pozulmuşdur. AZ İ 858643 saylı nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 ilə İddiaçı2 arasında olan nikah 29.08.2013-cü il tarixdə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsində qeydə alınmışdır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq edilmiş sübutlara hüquq normalarına əsasən qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə ilk öncə iddiaçılardan İddiaçı2 münasibətdə iddia tələbinə qiymət verərək hesab edir ki, iddia tələbi ona münasibətdə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı2 iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin oğlu ilə 2003cü ildə ailə qurmuş və mübahisəli mənzilə 2003-cü ildə gəlin köçərək aralarında olan hüquq münasibətləri 2003-cü ildə yaranmışdır. Məhz bu səbəbdən də 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən cavabdehin ailə üzvü hesab olunduğundan həmin mənzildən istifadə hüququ yaranmışdır. İşin müəyyən olunmuş hallarından isə görünür ki, iddiaçı 2003-cü ildə ailə quraraq həmin mənzilə gəlin köçsə də 2009-cu ildə boşanaraq mübahisəli mənzildən köçüb özünə başqa yaşayış yeri çeçmiş və 2013-cü ildə yenidən nikaha daxil olmaqla 2014-cü ildə mübahisəli mənzilə köçməklə cavabdehlə aralarında olan hüquq münasibətləri 2014-cü ildə yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Ona görə də hazırki mübahisə İddiaçı2 münasibətdə 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinə uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra- MM) 30.1-ci maddəsinə əsasən Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. MM-in 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan «ailə üzvləri» anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi mənzil onun qaynanası olan Cavabdeh mülkiyyətində olmaqla iddiaçının həmin mənzilə hər hansı hüququnun olması məhkəmə araşdırması zamanı müəyyən olunmamış və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müddəalarında nəzərdə tutulan şəxslər kateqoriyasına aid olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı2 münasibətdə iddianın təmin olunması üçün hüquqi əsas yoxdur. İddia tələbinin İddiaçı1 münasibətdə isə məhkəmə qeyd edir ki, istər 01 oktyabr 2009cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinə istərsə də hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən V.Əsgrovun mübahisəli mənzildən istifadə hüququ olduğundan ona münasibətdə iddia tələbi təmin olunmaqla onun həmin mənzildən istifadə hüququ tanınmalı və həmin mənzilə köçürülməlidir. MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin olunsun. İddiaçı1 Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, DOS-6, YPK 10 ünvanında yerləşən mənzilə köçürülsün və onun həmin mənzildən istifadə hüququ tanınsın. İddia tələbi İddiaçı2 münasibətdə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-3916/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3916/2021
08.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver