Məhkəmə qərarları › İş №2(043)-410/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-410/2021

18.02.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-410/2021 18.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X10 iclas katibliyi, İddiaçı və cavabdeh Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Gəncə şəhər Mənzil Kommunal X2rşı «əmrin ləğv edilməsi və işə bərpa» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2016-cı il tarixli 46-k nömrəli əmrinin ləğv edilməsini və onun əvvəlki işinə bərpa olunmağına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, natamam-orta təhsillidir. O 18 yaşı olduqdan sonra, xx.xx.2014-cü ildə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağrış Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsindən hərbi xidmətə çağrılmışdır və N nömrəli hərbi hissəyə yollanmışdır. O hərbi xidmətdə matros olmuşdur. Hərbi xidmətini uğurla başa vurmuşdur və xx.xx.2016-cı il tarixdə evə buraxılmışdır. Hərbi xidmətdə fərqləndiyinə görə Xidməti Xasiyyətnamə ilə təltif olunmuşdur. O hərbi xidmətini 2016-cı ilin yanvar ayında uğurla başa vurub evə qayıtdıqdan sonra, ailə vəziyyətləri ağır olduğu üçün iş axtarmağa başlamışdır və 2016-cı ilin mart ayının 17-də Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinə fəhlə işinə qəbul olunmuşdur. O işə qəbul olunub bir neçə gün işə getdikdən sonra, orada onunla həddən artıq çox pis rəftar etməyə başlamışlar və o onunla niyə belə rəftar etdiklərini onlara irad olaraq bildirdikdə onlar iddiaçıya bildirmişlər ki, “allahına şükür et ki, səni işə qəbul etmişik, bir də belə danışsan səni iti qovan kimi işdən qovacağıq. Sən fəhləsən biz nə desək onu etməlisən və bizə cavab qaytarmamalısan”. O ailəsinin böyük olduğundan və maddi vəziyyətləri çətin olduğu üçün bütün bunlara dözüb işləmişdir. Təxminən 13 gün işlədiyi müddətdə onu həddən artıq bezdirmiş və təhqir etmişlər. Artıq onu o qədər bezdirmişlər ki, o ailədə maddi vəziyyətinin pis olmağına baxmayaraq, artıq işdən çıxmaq qərarına gəlmişdir və ona rəhbərlik edən şəxsə bildirmişdir ki, o artıq işə gəlməyəcək deyərək çıxıb işdən getmişdir. Ailələri böyük olduğundan və maddi vəziyyətləri çətin olduğundan o gündəlik orda-burda fəhləlik edərək ailəsinin dolanmasına köməklik etmişdir. 2020-ci ilin oktyabr-noyabr aylarında qonşuları ona bildirmişdir ki, o Goranda pambıq zavodunda fəhlə işləyir, orada fəhlə işi var, istəsə onu da həmin zavoda işə düzəldər. O da daimi əmək haqqı olsun deyə razılaşmışdır və qonşuları həmin zavoda getmişdir. Orada onu işə götürdülər 2 gün işə getdikdən sonra, onu müdiriyyət çağıraraq bildirmişdir ki, “sən harda işləmisən və necə işdən çıxmısan”. O ancaq orda-burda fəhləlik etdiyini bildirmişdir. Ona bildirilmişdir ki, o xx.xx.2016-cı ildə Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyində işə qəbul olunmuşdur və xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılmışdır. Ona görə də onu işə götürə bilmirlər, “get Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyindən xahiş et ki, həmin əmri ləğv etsinlər və ya məhkəməyə müraciət edərək əmri ləğv etdir, sonra gəl biz səni işə qəbul edək”. Həmin əmr ləğv edilməsə onu heç bir yerə işə qəbul etməyəcəklər. O oradan qayıdaraq Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinə getmiş və onun işdə çıxarılma əmrinin surətini istəmişdir. xx.xx.2020-ci il tarixdə Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyindən ona işdən çıxarılmasına dair əmrdən çıxarış vermişlər. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun ifadə verərək bildirdi ki, işə bərpa olunacağı təqdirdə bu müddət ərzində əmək haqqının ona ödənilməsini istəmir, sadəcə həmin əmrin ləğv edilməsini istəyir. Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2016-cı il tarixli 46-k nömrəli əmrindən yeni xəbər tutmuşdur. Pambıq zavoduna işləməyə getmiş, 2 gün işləmiş, həmin zavodun əməkdaşı ona əvvəlki iş yerindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarıldığını bildirərək işə qəbul etməmişdir. O, 2016-cı ilin mart ayının 17-də Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinə fəhlə işinə qəbul olunmuş 13 gün işləmiş və bundan sonra həmin iş yerinə getməmiş və həmin təşkilata hər hansı bir məlumat verməmiş, bu müddət ərzində onun işə bərpa edilməsi və ya işdən çıxarılması barədə heç bir yerə müraciət və ya şikayət etməmişdir. Odur ki, iddia tələbinin təmin olumasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin nümayəndəsi X7 iddianı qəbul etmədiklərini, İddiaçı xx.xx.2016-cı ildə Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyində fəhlə işinə qəbul edildiyini, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək heç bir səbəb və əsas göstərmədən işə çıxmadığından əməkdaşlar tərəfindən xx.xx.2016-cı il tarixdə akt tərtib edildiyni, xx.xx.2016-cı il tarixli 46k nömrəli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarıldığını, bu müddət ərzində işə bərpa edilməsi və ya işdən çıxarılması barədə onlara müraciət və ya şikayət etmədiyini, işə gəlmədiyi üçün qanuni əsaslarla işdən çıxarıldığını bildirib, iddia müddətinin buraxılmasını bildirərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə iddiaçını və cavabdehin nümayəndəsi dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin xx.xx.2016-cı il tarixli, 46-k nömrəli əmrinin surətindən görünür ki, Park-Xiyabanın ştatdankənar-müddətli müqavilə əsasında işləyən fəhləsi İddiaçı ilə xx.xx.2016-cı il tarixdə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş və xx.xx.2016-cı il tarixdən ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat X1 Şöbəsinin rəisi X3 xx.xx.2016-cı il tarixli məlumat vərəqəsinin surətindən görünür ki, şöbənin müddətli müqavilə əsasında işə götürülmüş fəhlə İddiaçı işə girdiyi gündən, yəni xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək işə çıxmamışdır. Onunla əlaqə saxlamaq üçün dəfələrlə cəhd edilsə də əlaqə saxlamaq mümkün olmamışdır. Odur ki, müddətli müqavilə əsasında işə götürülmüş fəhlə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə göstəriş verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli aktın surətindən görünür ki, Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat X1 Şöbəsinin rəis müavini X8, fəhlə X5, fəhlə X6 akt tərtib edirlər ondan ötrü ki, müqavilə əsasında işə götürülmüş fəhləi İddiaçı heç bir üzrlü səbəb olmadan xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək işə çıxmamışdır. Aktın doğruluğunu imzaları ilə təsdiq edirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 44.3-cü maddəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. 68-ci maddəsində əmək müqaviləsinin xitam verilməsinin əsasları kimi - tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması (həmin maddənin «b» bəndi), əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, tərəflərin iradəsindən asılı olmayan hallar, tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar sadalanmışdır. Əmək Qanunvericiliyinin tələblərinə görə işəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. İşdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istər işəgötürən tərəfindən, istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 84-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək intizam tənbehini verə bilər. 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 310-cu maddəsinə əsasən istər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar. 296-cı maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin (sərəncamın, qərarın) əmək kitabçasının, haqq hesab sənədlərinin (kitabçasının, vəsiqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Məhkəmə qeyd edir ki, əmək qanunvericiliyinin mənasına görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə (eləcə də sığorta şəhadətnaməsi) sonuncu iş günü işçiyə mütləq təqdim olunmalıdır. Hazırkı mülki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinə müqavilə əsasında fəhlə vəzifəsinə işə götürülmüş İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək işə çıxmamış, işə çırmamasının üzrlü səbəbləri barədə həmin orqana və ya aidiyyəti şəxslərə müraciət etməmiş, İddiaçı üzrsüz səbəbdən işdən qaldığı, öz əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliyi yerinə yetirmədiyindən Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin xx xxxxx 2016-ci il tarixli, 46-k saylı əmri ilə xx.xx.2016-cı il tarixdə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xx xxxxx 2016-cı il tarixdə xitam verilmişdir. İddiaçı işdən çıxarılması barədə əmrin verildiyi tarixdən beş ilə yaxın müddət keçdikdən sonra məhkəməyə müraciət edərək əmrin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx xxxxx 2016-ci il tarixli, 46-k saylı əmrdən iddiaçının vaxtında xəbəri olduğu halda o, aralarında olan əmək münasibətlərini qanunla nəzərdə tutulmuş müddətdə mübahisələndirməmiş və vaxtında işə bərpa olunmasına dair iddia ərizəsi və ya buraxdığı müddətin bərpa olunması barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etmək hüququna malik olduğu halda, iddiaçı həmin müddəti ötürməklə (buraxmaqla) beş ilə yaxın müddət keçdikdən sonra məhkəməyə iddia ərizəsi vermişdir. İddiaçı işə bərpa olunması üçün əmək qanunvericiliyi ilə müəyyən olunmuş və onun tərəfindən buraxılmış müddətin üzürlü (iradəsindən asılı olmayan səbəblərdən) səbəblərdən baş verməsi barədə heç bir sübutu onda olmadığı üçün məhkəməyə təqdim edə bilməmişdir. Bir sözlə, İddiaçı iradəsinin ifadəsi olaraq onun işdən azad olunması barədə xx xxxxx 2016-ci il tarixli, 46-k saylı əmri ilə razılaşmışdır. Bundan əlavə, məhkəmə qeyd edir ki, iddiaçının hazırda mübahisələndirdiyi əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən vaxtında xəbəri olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsinə əlavə etdiyi işdən çıxarılma barədə əmri xx.xx.2020-ci il tarixdə alması da barədə sübut həqiqəti əks etdirmir. Belə ki, iddiaçı beş ilə yaxın müddət keçdikdən sonra işdən çıxarılma barədə əmrdən xəbəri olması məntiqli deyildir. Məhkəmə eyni zamanda qeyd edir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx xxxxx 2016-ci il tarixli, 46-k saylı əmr əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq qəbul olunmuş, iddiaçı tərəf iddia ərizəsində həmin əmrin qanunsuz olması barədə hər hansı bir sübut təqdim etməmiş, məhkəmə iclasında isə izahat verə bilməmiş, yalnız onun “işinə bərpa olunmasını və əmrin ləğv” edilməsini xahiş etmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etmək hüququna malik olduğu halda, iddiaçı həmin müddəti ötürməklə (buraxmaqla) məhkəməyə iddia ərizəsi vermişdir. O, üzürsüz səbəbdən buraxdığı iddia müddətinin barpasına dair məhkəməyə müraciət etməmişdir. Qeyd olunan xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdikləri sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Gəncə şəhər Mənzil Kommunal X2rşı «əmrin ləğv edilməsi və işə bərpa» tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Gəncə şəhər Mənzil Kommunal X2rşı «əmrin ləğv edilməsi və işə bərpa» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar