Məhkəmə qərarları › İş №2(043)-439/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-439/2021

16.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-439/2021 16.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qızının iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı uşaqları ilə birlikdə Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yolu məhəllə B, sahə-17 nömrəli ünvanda yerləşən ümumi sahəsi 104.5 kv. metr fərdi yaşayış evinə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh ilə xx xxxxxx 2014-cı ildə rəsmi nikaha daxil olmadan valideynlərinin razılığı ilə evlənmiş və cavabdehlərin mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yolu məhəllə B, sahə-17 nömrəli fərdi yaşayış evinə köçmüşdür. Onun çehiz əşyaları da, gəlin köçən vaxtdan həmin evə aparılıb, bir otaqda yerləşdirilmişdir.Üç uşağı həmin evdə dünyaya gəlmişdir. Cavabdehlə aralarında rəsmi nikah olmadığından cavabdehin uşaqların atası olmasına dair şəhadətnamələr almışlar. Əri ilə birlikdə 4 ildən artıq olar ki, ailəli olmuşdur. Lakin, cavabdeh ailə olaraq onu dolanmağa qoymamış evdə yersiz söz-söhbət yaratmışdır. Sonuncu dəfə xx xxx 2019-cu il tarixdə saat 18 radələrində cavabdeh evdə söz-söhbət yaradıb, 3 körpə uşağı ilə birlikdə onu evdən qovublar. O özünə və uşaqlarına məxsus geyim əşyalarını evdən götürüb çıxmışdır. Hazırda məcburiyyət qarşısında qalıb yetkinlik yaşına çatmamış 3 uşağı ilə birlikdə Daşkəsən rayonun Qabaqtəpə kəndində valideynlərinin evində müvəqqəti yaşayırlar. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iddianı qəbul etməyərək, iddiaçının onlara məxsus yaşayış sahəsindən istifadə hüqunun olmadığını bildirərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə, iş üzrə tərəflərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRXin 3 saylı X12 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Gəncə şəhər X8 İcra İcariyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 13 nömrəli qərarından çıxarışı, Gəncə şəhər sovetin Tikinti və memarlıq şöbəsinin xx.xx.1990-cı il tarixli aktı və xx.xx.1990-cı il tarixli layihəs Gəncə şəhəri İcra Hakimiyyətində yaradılmış komissiyanın xx.xx.2005-ci il tarixli fərdi yaşayış evinin qəbulu aktı, Gəncə şəhər İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin xx.xx.2005-ci tarixli 10-233 saylı məktubuna əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yolu, məə B, 17 saylı sahədə yerləşən fərdi yaşayış evi X1-un adına qeydiyyata alınmışdır və ona xx.xx.2005-ci il tarixli 22305 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. 3 sayli notariat kontorunun xx.xx.2011 -ci il tarixli 2V-1-34 saylı mülkiyyət hüququna dair və 2V-1-35 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinə əsasən bu əmlak Cavabdeh1 4/6 hissə, X2 1/6 hissə və Cavabdeh2 1/6 hissə adlarına keçmişdir. Vərəsələrin adlarına xx.xx.2012-ci i! tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İş materiallarında olan Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yolu, məhəllə B, sahə 17 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2012-ci il tarixdən Cavabdeh1 4/6 payı, X2 1/6 payı və Cavabdeh2 1/6 payı olmaqla, onların xüsusi mülkiyyətlərindədir. İş materiallarında olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrin və doğum haqqında şəhadətnamələrin surtələrindən görünür ki, iddiaçı ilə Cavabdeh2 faktiki nikah münasibətlərindən xx.xx.2015-ci il tarixdə X3, xx.xx.2016-cı il tarixdə X6 və xx.xx.2018-ci il tarixdə X4 doğulmuşdur. Tərəflərin izahatları və işdə olan sənədlərlə müəyyən edilir ki, İddiaçı Cavabdeh2 ilə xx xxxxxx 2014-cü il tarixdə rəsmi nikaha daxil olmadan faktiki olaraq evlənmiş və həmin vaxt cavabdehlərin paylı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod yolu, məhəllə B, sahə 17 ünvanına gəlin kimi köçərək orada yaşamışdır. Tərəflər arasında ailə münasibətləri baş tutmadığından onlar ayrılmış və iddiaçı birgə nikahlarından doğulmuş üç azyaşlı uşağı ilə birlikdə həmin evi tərk edərək valideynlərinin yanında yaşamağa başlamışdır. Hazırda iddiaçı cavabdehlərə məxsus fərdi yaşayış evindən istifadə hüququnun olmasına isnad edərək, həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında mübahisəli hüquq münasibəti 2014-cü ildə yarandığına görə, hazırki mübahisəyə xx.xx.2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Məhkəmə qeyd edir ki, iddiaçı Cavabdeh2lə ailə quraraq gəlin kimi cavabdehlərin paylı mülkiyyətində olan fərdi yaşayış evinə köçmüş olsa belə, onunla cavabdeh arasında müvafiq icra hakimiyyətində bağlanmış nikah olmadığına görə, o, qanunvericiliyin göstərilən müddəaları baxımından Cavabdeh2 ailə üzvü hesab olunmur və işin bu halında onun cavabdehlərə məxsus fərdi yaşayış evindən istifadə hüququ ümumiyyətlə yaranmamışdır. Bundan başqa, işin faktiki hallarından həmçinin görünür ki, tərəflər arasında iddiaçının yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan qaydada notarial qaydada təsdiq edilmiş razılaşma da olmamış, iddiaçının yaşayış evindən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydə alınmamışdır. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddiaçının mübahisəli fərdi yaşayış evindən istifadə hüququnun olmadığı müəyyən olunduğundan, onun hazırda yanında yaşayan azyaşlı uşaqları ilə birlikdə həmin yaşayış sahəsinə köçürülməsi barədə verilmiş iddia tələbi də təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar