Məhkəmə qərarları › İş №2(043)-440/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-440/2022

10.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-440/2022 10.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan ünvan 1 ünvanındakı evə olan istifadə hüququnun itirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, ünvan 2 ünvandakı ev onun şəxsi mülkiyyətindədir və ailə üzvləri ilə birlikdə orda yaşayır. Cavabdeh bacısı Cavabdeh ünvan 2-də yaşamır və ailə qurduqdan sonra öz ailəsi ilə birlikdə Rusiya Fedarasiyasına köçmüş və hal-hazırda ailəsi ilə birlikdə orda yaşamaqdadır. Cavabdeh şəxs onun xüsusi mülkiyyət hüququnu məhdudlaşdırmaqla əmlakından istədiyi kimi istifadə etməyə imkan verməməklə yanaşı o, əlavə kommunal xərclər də ödəmək məcburiyyətində qalır. Odur ki, o, məcbur olub yaşayış və istifadə hüquqlarının itirilmiş hesab olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, Gəncə şəhəri, Kəpəz rayonu, Sədi Şirazi küçəsi, ev 36A ünvanda yerləşən mənzil onun xüsusi mülkiyyətindədir və əmisi tərəfindən bir neçə il öncə ona bağışlanmışdır. Bacısı, yəni Cavabdeh heç vaxt həmin mənzildə yaşamamışdır. Belə ki, bacısı ailə qurduqdan sonra köçüb Rusiya Federasiyasına getmişdir. Bacısının həmin mənzilə qeydiyyata düşməsinin səbəbi müəyyən sənədləşmə işləri ilə bağlı olmuşdur. Hazırda isə bacısının onun mənzilində qeydiyyatda olması onun üçün çətinliklər və əlavə xərclər yaradır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, lakin onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, hazırkı işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından mülki iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Cavabdeh Gəncə şəhəri, Kəpəz rayonu, S.Şirazi küçəsi, ev 36A, mənzil 34 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 21.02.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Gəncə şəhəri, Kəpəz rayonu, S.Şirazi küçəsi, ev 36A, mənzil 34 ünvanında qeydiyyatda olmasına baxmayaraq, həmin ünvanda yaşamır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 sentyabr 2020-ci il tarixli “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair qərarı ilə aşağıdakılar müəyyən edilmişdir;

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi istifadə hüququnun itirilmiş hesab edilməsi üçün ilk növbədə bu hüququn əvvəllər yaranmış olması lazımdır. İddiaçının izahatından, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən belə məlum olur ki, iddiaçı tələbini cavabdehin həmin mənzildən istifadə hüququnun olmaması ilə əsaslandırır. Mövcud olmayan hüququn itirilməsi isə məhkəmə baxışının predmeti ola bilməz. İddiaçının cavabdehin pasport qeydiyyatından çıxarılması üçün pasport qeydiyyatını həyata keçirən inzibati orqana, inzibati orqan bundan imtina etdikdə isə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə r a r a a l d ı:

İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair mülki iş üzrə icraata işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından xitam verilsin. İddiaçıya cavabdehin pasport qeydiyyatından çıxarılması üçün pasport qeydiyyatını həyata keçirən inzibati orqana, inzibati orqan bundan imtina etdikdə isə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar