Məhkəmə qərarları › İş №2(043)-473/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-473/2021

30.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-473/2021 30.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 qızına və Cavabdeh2 qarşı kompensasiya vermək yolu ilə mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 qızına və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərə 10000 (on min) manat kompensasiya verməklə ona məxsus olan ünvan 1 ünvanında yerləşən 20 nömrəli mənzilə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X6 məhkəməyə ərizə təqdim edərək Cavabdeh1 və Cavabdeh2 12000 (on iki min) manat kompensasiya verməklə iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən 20 nömrəli mənzilə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinə dəqiqləşmə verildiyi kimi baxmışdır. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X6 iddianı müdafiə edərək izahatında göstərdi ki, Gəncə şəhəri, 3-cü mikrorayon, 11 nömrəli evin 20 saylı mənzili iddiaçının mərhum anası X3 tərəfindən 17.01.2002-ci il tarixli, 4Ə-1-07 saylı bağışlama müqaviləsinə əsasən iddiaçıya bağışlanmışdır. Belə ki, iddiaçı ilə cavabdeh 1986-cı ildə nikaha daxil olmuşlar. İddiaçının mərhum anası X3 evi ona bağışladığına görə həmin əmlak üzərində cavabdehlərə 12000 manat kompensasiya verilməklə istifadə hüquqularına xitam verilməsini istəyir. Beləki cavabdehlərdən olan Cavabdeh1 iddiaçının arvadı olsa da onunla bir mənzildə yaşanması mümkün deyil və digər cavabdeh isə övladı olmaqla onunda anasının yanında qalması ilə bağlı hesab edir ki, hər iki şəxsin onun mülkiyyətində olan əmlakından kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməlidir. Cavabdehlər onun ailə üzvləri olduğundan onlara bir ər və ata olaraq mənəvi dəyərlərə söykənərək kompensasiya verməklə istifadə hüquqlarına xitam verilməsini istəyir. Hazırda təklif olunan kompensasiya ağlabatan olmaqla mənzilin dəyərinə uyğundur .İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, sözügedən mənzili o təmir etdirmişdir. Həmin mənzilin alınmasında onun anasının da maddi dəstəyi olmuşdur. İddianın əsassız olduğunu və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Cavabdehlərdən Cavabdeh2 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehlərdən Cavabdeh2 işirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq tətbiq olunmalı hüquq normaları baxımından hesab edir ki, iddia təmin edilməlidir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş- 21.02.2002-ci il tarixli, 15713 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1, 20 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına rəsmi reyestrdə qeydiyyata alınmışdır; DƏDRX-nın 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən 22.09.2020-ci i tarixdə verilmiş **********12 nömrəli məktubdan görünür ki, ünvan 1, 20 saylı kooperativ mənzil Kəpəz rayon X5 İcraiyyə Komitəsinin 13.09.1990-cı il tarixli 14 nömrəli protokoldan çıxarışına əsasən X1 adına özəlləşdirilmiş və ona 17.01.1997-ci il tarixli 15713 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. 4 saylı notariat ofisinin 17.01.2002-ci il tarixli 4Ə-1-07 saylı bəxşeyiş müqaviləsinə əsasən bu mənzil İddiaçı bağışlanmışdır və ona 21.02.2002-ci il tarixli 15713 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. AA0917100 seriyalı və AZE15897083 seriyalı şəxsiyyət vəsiqələrinin elektron çıxarışlarından görünür ki, Cavabdeh2 və Cavabdeh1 qızı Gəncə şəhəri, 3-cü mikrorayon, 11 nömrəli evin 20 nömrəli mənzildə qeydiyyatdadırlar. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfinldən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.(Konstitusiya. mad. 29.) Digər hüquq və azadlıqlarla yanaşı mülkiyyət hüququnun müdafiəsi vasitələrindən biri də Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur.Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Bununla yanaşı, mülki qanunvericilik mülkiyyət hüququ ilə yanaşı əmlakdan qanuni əsaslarla istifadə edən şəxsin də hüquqları qanunvericiliklə tanınır və həm əmlakın mülkiyyətçisindən, həm də üçüncü şəxslərin müdaxiləsindən qorunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 158.1-ci maddəsinin məzmununa görə, girov hüququ, əmlakdan istifadə hüququ və servitutlar əmlak hüquqları hesab edilir. MM-in 158.4.-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi tərəflər arasında hüquq münasibətləri 1986-cı ildə yaranmışdır. Ona görə də tərəflər arasında olan hüquq münasibətləri 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə uyğun olaraq həll olunmalıdır. 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Mülkiyyətçinin ailə üzvləri onun arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə iddia irəli sürülmüş şəxslərin (cavabdehlərin) həmin yaşayış sahəsinə istifadə hüququ olmalıdır. Bu şərtlər mövcud olduqdan sonra isə təklif olunan kompensasiyanın məbləği araşdırılmalıdır. Beləliklə, yuxarıda qeyd olunanlarla müəyyən olunur ki, cavabdehlərin mübahisəli mənzilə istifadə hüququ vardır, iddiaçı özü cavabdehlərin istifadə hüququnun olmasını mübahisələndirməmişdir və onun tərəfindən təklif olunan kompensasiyanın müqabilində cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi üçün yetərlidir. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna-xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil və eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təklif olunan kompensasiyanın məbləği Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında göstərilən “əvəzləşdirilmə”yə uyğundur. Məhkəmə işin faktiki hallarını və tərəflər arasında olan hazırkı mövcud qarşılıqlı münasibəti, mübahisəli mənzilin dəyərinin o qədər də yüksək olmadığını, mübahisəli mənzilin üç otaqdan ibarət olmasını nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən cavabdehlərə təklif edilən 12.000 (on iki min) manat məbləğində pul cavabdehlərə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verilməsi üçün kifayət hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan isti fadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. İddiaçı 12000 (on iki min) manat kompensasiya məbləği alınaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ödənilsin. Kompensasiya məbləği cavabdehlər Cavabdeh1 qızına və Cavabdeh2 ödənildikdən sonra onların Gəncə şəhəri, 3-cü mikrorayon, 11 nömrəli evin 20 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar