Məhkəmə qərarları › İş №2(043)-511/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-511/2022

21.01.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-511/2022 21.01.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, İddiaçı Cavabdeh qarşı «evə köçürülmə və maneənin aradan qaldırılması» tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus ünvan 1 ünvanında yerləşən mülkdə onun və ailə üzvlərinin yaşamasına dair yaratmış olduğu maneələrin aradan qaldırılmasına və onun ailə üzvləri ilə birlikdə həmin evə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin qanunla müəyyən olunmuş məzmununa riayət edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı iddia tələbində özü ilə yanaşı ailə üzvlərinin də ona məxsus evə köçürülmələrini və onlara yaradılmış maneənin aradan qaldırılmasını xahiş etmişdir. Lakin, iddia ərizəsinin giriş hissəsində iddiaçı kimi yalnız Cavabdeh özünü qeyd etmiş, onun ailə üzvləri ərizədə iddiaçı kimi göstərilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 48-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. Qanunun mənasına görə, hər bir fiziki şəxsin mülki prosessual hüquq qabiliyyəti vardır və məhkəmədə tərəf qismində çıxış edə bilər. Bu mənada məhkəmə hesab edir ki, nə qədər ki, iddia ərizəsində İddiaçı ilə yanaşı onun ailə üzvlərinin də mübahisəli fərdi yaşayış evinə köçürülməsi istənilir, bu halda ailə üzvlərinin hər biri iddia ərizəsində iddiaçı kimi göstərilməli idi, lakin iddia ərizəsində həmin şəxslər faktiki olaraq iddiaçı kimi göstərilməmiş, bununla da iddia ərizəsinin məzmununa dair MPM-in 149.2.2-ci maddəsinin tələbi pozulmuşdur. Əlavə olaraq qeyd edilməlidir ki, iddia ərizəsi İddiaçı ilə yanaşı onun yetkinlik yaşına çatmış ailə üzvləri tərəfindən imzalanmalı idi. Yetkinlik yaşına çatmayan ailə üzvlərinin adından isə iddia ərizəsini onların qanuni nümayəndələri (valideynləri) imzalaya bilər. (MPM 49-cu maddə) Azərbaycan Respublikası MPM-in 149.2.2-ci maddəsinin tələbinə görə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları). İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (MPM 152.4-cü maddə). Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən tələblərinə əməl olunmadığı üçün İddiaçı Cavabdeh qarşı «mənzildən evə köçürülmə və maneənin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149, 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: İddiaçı Cavabdeh qarşı «evə köçürülmə və maneənin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar