Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-579/2022 28.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil İnqilab oğlunun, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X3 və Cavabdeh6 qarşı «mülkiyyət hüququnun müdafiəsi, qanunsuz istifadədən mülkiyyətdə olan torpaq sahəsinin azad edilməsi və cavabdehin həmin torpaq sahəsindən çıxarılmasına» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X3 və Cavabdeh6 qarşı «mülkiyyət hüququnun müdafiəsi, qanunsuz istifadədən mülkiyyətdə olan torpaq sahəsinin azad edilməsi və cavabdehin həmin torpaq sahəsindən çıxarılmasına» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0,06 ha torpaq sahəsini cavabdehlərin qanunsuz istifadəsindən azad edərək, onu həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra İddiaçı nümayəndəsi (vəkili) Vəkil İnqilab oğlu “iddia tələbinin həcminin artırılması” barədə məhkəməyə ərizə verərək, Kəlbəcər rayonu Zivel kəndində qeydiyyatda olan Cavabdeh2, Kəlbəcər rayonu Zivel kəndində qeydiyyatda olan Cavabdeh3, Kəlbəcər rayonu Zivel kəndində qeydiyyatda olan Cavabdeh4, Kəlbəcər rayonu Zivel kəndində qeydiyyatda olan Cavabdeh5, Kəlbəcər rayonu Zivel kəndində qeydiyyatda olan Cavabdeh6, Kəlbəcər rayonu Zivel kəndində qeydiyyatda X1 cavabdeh qismində cəlb etməklə onları da azyaşlı övladları ilə birlikdə onun mülkiyyətində olan torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın İddiaçı tərəfindən verilmiş “iddia tələbinin həcminin artırılması” barədə ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Abbas Səhhət küçəsi 19 sayda yerləşən torpaq sahəsinə rəsmi qaydada alğı-satqı edərək, hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldıraraq, xx.xx.2018-ci il tarixli ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Hüquqverici sənədlərə əsasən torpaq sahəsi 600 kvadratmetr təşkil edir. Həmçinin, qeyd olunan torpaq sahəsində uçuq və heç bir şeyə yaramayan üstü açıq təxminən 15-20 kvadratmetr təşkil edən bir tikili köhnə vaxtlardan qalmışdır. Torpaq sahəsini rəsmiləşdirəndən sonra sahəni daş hasarla hasarlatmış, həmin yararsız tikilinin üstünə isə şifer vurduraraq, gələcəkdə ev tikilən zaman əl damı kimi istifadə edilməsini planlaşdırmışdır. Torpaq sahəsini hasarlatmasına baxmayaraq, girişçıxış qapısını qoymamışdır. Bundan sonra maddi durumu qənaətbəxş olmadığından, evin tikintisini bir müddət sonra etməyə planlaşdırmışdır. Bu minvalla həmin torpaq sahəsinə təxminən 1,5 il yaxın getməmişdir. Arxayın olmuşdur ki, torpaq sahəsi rəsmi qaydada onun mülkiyyətindədir, tam şəkildə hasarlanıb və bu səbəblərdən ora heç kim müdaxilə edə bilməz. Bir müddətdən keçəndən sonra mülkiyyətində olan torpaq sahəsinə gedən zaman müəyyən etmişdir ki, cavabdehlər onun əl damı kimi istifadə etməyə planlaşdırdığı yararsız tikilini özünə ev kimi istifadə edir və onun mülkiyyətində olan torpaq sahəsinə qanunsuz olaraq daxil olaraq faktiki zəbt etmişdir. Cavabdehlərlə dəfələrlə söhbət edib onlara hüquq müəyyənedici sənədlərini təqdim etsə də, heç bir müsbət nəticə əldə edə bilməmiş və mülkiyyətində olan torpaq sahəsini qanunsuz istifadə edilməsinin qarşısını danışıqlar yolu ilə qarşısını ala bilməmişdir. Bu səbəbdən hüquqlarını müdafiə edilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd olunanlardan tam aydın olur ki, cavabdeh tərəfindən atılan qanunsuz hərəkətlər nəticəsində onun mülkiyyət hüququ pozulmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkil) Vəkil İnqilab oğlu iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirdi ki, onlar Kəlbəcər rayonundan məcburi köçkündür. Kəlbəcər rayonu işğal olunandan hal hazıra kimi o, digər cavabdehlərlə birlikdə ünvan 2 ünvanında yerləşən torpaq sahəsində məskunlaşıb yaşayırlar. Həmin torpaq sahəsinin ümumi sahəsi 0,06 ha-dır. Onlar həmin ünvanda yaşayan zaman İddiaçı həmin ünvan 2 ünvanında yerləşən torpaq sahəsində yaşamamış və onun həmin torpaq sahəsinə mülkiyyət hüququ tanınmamışdır. İddiaçı sonradan hansısa yolla onların məskunlaşdığı ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə mülkiyyət hüququ əldə etmişdir. Onlar mübahisəli torpaq sahəsində ev tikməklə onu təmir etmişlər. Ümumilikdə oradakı tikiliyə 2000 manatdan çox xərc çəkilmişdir. Otuz ilə yaxındır ki o, digər cavabdehlərlə bərabər həmin ünvanda yaşayır. Nə qədər ki, məcburi köçkün kimi onlar torpağına qayıtmayıblar, hesab edir ki, həmin torpaq sahəsində yaşamalıdır. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh3 Cavabdeh2 ifadəsində göstərdiyi xüsusatlara oxşar ifadə verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edirlər. Cavabdehlər Cavabdeh4, Cavabdeh5, X2 və Cavabdeh6 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxmılmasını mümkün hesab etmişdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX ******* seriyalı, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,06 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 34 nömrəli reyestr kitabının 29 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli, 37 nömrəli arayışdan görünür ki, 1993-cü il aprel ayının əvvəllərində, Ermənistan silahlı birləşmələri tərəfindən Kəlbəcər rayonun işğal olunması nəticəsində ailəsi ilə birlikdə məcburi köçkün düşmüşdür və həmin tarixdən müvəqqəti olaraq Gəncə şəhəri, Abbas Səhhət-38 Metal Anbarının binasında məskunlaşıb yaşayır. Gəncə şəhəri, Abbas Səhhət-38 Metal Anbarının binasında (3 ailə) Səfərova Məleykə ilə birlikdə iki oğlu, gəlinləri, qızı və nəvələri məskunlaşıb yaşayırlar. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehləri dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində məhkəmə müəyyən etdi ki, İddiaçı ünvan 2 ünvanında yerləşən torpaq sahəsini alğı-satqı edərək almışdır. Bunun əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX ******* seriyalı, ********** qeydiyyat nömrəli çıxarışına əsasən, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,06 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 34 nömrəli reyestr kitabının 29 nömrəli vərəqində qeydiyyata alınmışdır. Lakin, sonradan cavabdehlər həmin torpaq sahəsində məskunlaşaraq yaşamağa başlamışlar. İddiaçı cavabdehlərdən ona məxsus olan ünvan 2 ünvanında yerləşən torpaq sahəsindən çıxmalarını tələb etsə də cavabdehlər imtina etmiş və iddiaçı buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən 157-ci maddəsi əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni, cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə qeyd edir ki, mübahisəli ünvan 2 ünvanında yerləşən torpaq sahəsi İddiaçı mülkiyyətində olmaqla həmin torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilməsi işin mübahisəsiz halıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına əsaslanaraq, belə qənaətə gəlir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlər məcmu halında mövcuddur. Belə ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqları vardır. Buna baxmayaraq, həmin iddiaçıya məxsus mübahisəli torpaq sahəsinin qeyd olunan hissəsi faktiki olaraq cavabdehlərin istifadəsində və sahibliyindədir və sonuncu mübahisəli torpaq sahəsinin metal tor vasitəsi ilə hasara almışlardır. Cavabdehlərin həmin torpaq sahəsinin göstərilən hissəsi üzərində heç bir hüquqları qeydiyyata alınmamışdır. Bu səbəbdən də, cavabdehlərin sahibliyi qanunsuzdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.8-ci maddəsində qeyd edilmişdir ki, mülkiyyətçi hüquqları, mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı şəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX ******* seriyalı, ********** qeydiyyat nömrəli çıxarış ilə İddiaçı məxsus olan və ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X3 və Cavabdeh6 zəbtindən azad edilməli və zəbtdən azad edilmiş torpaq sahəsi İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100,0 (bir yüz) manat dövlət rüsumunu tələb etmədiyindən onun özünə aid edilməlidir.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX ******* seriyalı, ********** qeydiyyat nömrəli çıxarış ilə İddiaçı məxsus olan və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsi cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X1 və Cavabdeh6 zəbtindən azad edilsin və zəbtdən azad edilmiş torpaq sahəsi İddiaçı qaytarılsın. Məhkəmədə iddia qaldırılması üçün ödənilən dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(043)-579/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-579/2022
28.06.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver