Məhkəmə qərarları › İş №2(043)-581/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-581/2022

02.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-581/2022 02.02.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlu, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 maraqlı şəxs TuranBank ASC-yə qarşı qohumluq faktının müəyyən edilməsinə dair dair ərizənin məhkəmənin icraatına qəbul olunmasının mümkünlüyünə məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 maraqlı şəxs TuranBank ASC-in gəncə filialına qarşı ərizə ilə məhkəməyə müraciət edərək mərhum X1 ataları olmaqla ata-oğul qohumluq faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəni və əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbul dilməsindən imtina edilməlidir. Ərizəyə əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı ərizəçilərin atalarının adı yanlış qeyd edilmişdir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təsrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 2.2-ci bəndində qeyd edilir ki, əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidir. «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 nömrəli Qərarının 13-cü bəndində qeyd olunur ki, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Həmin Qərarın 16-cı bəndində qeyd olunur ki, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Göründüyü kimi ərizəçilərin məhkəməyə müraciət etmələrinin səbəbi vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə bağlıdır və həmin qeydə düzəliş edilməsi qeydiyyat orqanına aiddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq onların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, pozulmuş və mübahisə edilən hüquq və azadlıqları müdafiə və təmin edir. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 maraqlı şəxs TuranBank ASC-yə qarşı qohumluq faktının müəyyən edilməsi tələbinə dair ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin icraata qəbul olunmasından imtina edilməli, müvafiq akt qeydində düzəliş edilməsi ilə bağlı qeydiyyat orqanına müraciət etmələri bundan imtina olunduğu təqdirdə inzibati məhkəməyə müraciət edilməsi hüququ izah olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 maraqlı şəxs TuranBank ASC-yə qarşı qohumluq faktının müəyyən edilməsinə dair ərizənin icraata qəbul edilməsindən imtina olunsun. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar